Yaxın Şərqdə güclər balansı

Oktyabrın 7-də HƏMAS hücumları ilə başlayan və İsrailin Qəzzada törətdiyi qırğınlarla davam edən gərginliyin təkcə bölgəni deyil, bütün qlobal sistemi əlaqələndirdiyini söyləyə bilərik. Həqiqətən də, Yaxın Şərq hələ belə barıt çəlləyini xatırlatmayıb. Qlobal güclərin təkcə siyasi deyil, həm də ən çox iqtisadi maraqlarının toqquşduğu bu coğrafiyaya sülhün gələcəyi hələ ki görünmür. Hər kəsə bəllidir ki, bu bölgədəki münaqişə, əslində İran-İsrail qarşıdurmasının təzahürüdür. İsrailin və regionun təhlükəsizliyinin açarı İranın öhdəsindən gələ bilməkdir. İran rejimi indiki böhranda daha da güclənib və görünür ki, İraqdan Yəmənədək öz maraqları uğrunda mübarizə aparmağa hazırdır.

Bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villiam Burns da son 40 ildə Yaxın Şərqi belə partlayıcı görmədiyini söyləyib.

Prosesin ciddi çətinlikləri ehtiva etdiyi açıq müşahidə olunur. Düşünürəm ki, Qəzzaya İsrail hücumlarının intensivliyinin azaldılması, Fələstinli mülki şəxslərin humanitar ehtiyaclarının qarşılanması, girovların azad edilməsinin təmin edilməsi, münaqişənin bölgəyə keçməsinin qarşısının alınması, bölgədə və Qəzzada işlək sülh formulunun tapılması olduqca çətin problemlərdir. Görünən odur ki, ABŞ “Qlobal güc", "Dünya lideri" kimi ağalıq iddialarından geri çəkilməyə məcbur edilir. Baxın, İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına, gəmilərinə hücum edir, Yəməndə, İraqda, Suriyada, Livanda dominantlıq edir, lakin ABŞ ona yerində həmlə edə bilmir. Çünki, Rusiya faktorundan başqa, bölgə ölkələrinin demək olar hamısı ABŞ-ı istəmir. Ukraynaya həlledici dəstəyi verib Rusiyanı məğlub duruma salmır, çünki, bu savaşı anbaan izləyən Çin məqam gözləntisindədir. İqtisadiyyatı ABŞ və Avropa ölkələrini geridə qoyaraq dünya liderliyinə çevrilən, təkcə piyada əsgər kontingenti 1 milyonu aşan, nüvə silahından tutmuş, gözdənitən tanklaradək hər türlü hərbi gücə malik Çin faktoru, bu gün iqtisadiyyatda, siyasətdə, hərbdə, transkommunikasiya xətlərində və elmi tərəqqidə ABŞ üçün 1 nömrəli təhdiddir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi