Ermənistanın mina xəritə oyunu

Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib. Təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.

Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, əvvəl olduğu kimi son təqdim edilən formulyar¬larda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələ¬rinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə mina sahələrinə dair Er¬mənistan tərəfindən təqdim edilən formul¬yarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy ra¬yonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfin¬dən minalanmış ərazilər barədə məlumat¬lar hələ də təqdim edilməyib.

Faktiki olaraq, Ermənistan Azərbaycanı mina şantajına məruz qoyur, bu məsələdən “siyasi alver”, sülh danışıqlarından əlavə dividendlər qazanmaq üçün vasitə kimi istifadə edir. Ermənistan minaladığı ərazilərin dəqiq konturlarını təqdim etməməklə Azərbaycanın minaların zərərsizləşdirilməsinə maksimum çox enerji, vaxt və vəsait xərcləməsi məqsədini güdür. Təsadüfi deyil ki, son illərdə mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. Qeyri-dəqiq xəritələr təqdim etməklə, İrəvan bir tərəfdən beynəlxalq birlik qarşısında xal qazanmağa, 30 il ərzində minaladığı ərazilərin miqyasını gizlətməyə, digər tərəfdən isə, Azərbaycanın apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına çətinlik törətməyə çalışır. Məsələnin insani, humanitar aspekti isə rəsmi İrəvanı maraqlandırmır. Maraqlandırsaydı, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 342 vətəndaşımızın mina partlayışından zərər çəkməsinə göz yummazdı, mina xəritələrini tam şəkildə Azərbaycana təhvil verərdi.

Beynəlxalq məhkəmələrlə bağlı məsuliyətdən yayınmaq üçün Ermənistan özünü “sülhə doğru addım atan” ölkə kimi təqdim etməyə çalışır. Amma mina xəritələrinin tam və əsl siyahısını təqdim etməməklə Ermənistan cinayətə yol verir, beynəlxalq hüquq normalarını kobud surətdə pozur. Bu günə qədər həmin minalara düşən və həyatını itirən yüzlərlə vətəndaşın olduğunu nəzərə alsaq, bu, Ermənistanın apardığı yeni bir terror dalğası kimi xarakterizə oluna bilər. Digər tərəfdən, ermənilər tərəfindən basdırılmış bu minalar yüz minlərlə soydaşımızın işğaldan azad olunmuş rayonlara qaytarılmasına, həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərinin ardıcıl olaraq davam etdirilməsinə böyük maneə yaradır. Ermənistan Azərbaycanın sülhpərvər, humanist davranışlarına bu cür hiyləgərliklə cavab verməklə bir daha terrorçu mahiyyətə malik olduğunu ortaya qoyur. Bu kontekstdə dünya birliyinin, beynəlxalq təşkilatların Qarabağdakı mina böhranı ilə bağlı səssizliyi, hadisələrə aydın və sərt reaksiya verməməsi də təəssüf və təəccüb doğurur. Onlar Ermənistanın mina xəritələrini tam şəkildə Azərbaycana təhvil verməsi üçün effektiv təsir vasitələrindən istifadə etmir. Halbuki başqa ölkənin ərazisində yaratdığı humanitar böhrana görə Ermənistan beynəlxalq prinsiplərə uyğun şəkildə cavab verməlidir.

Züriyə Qarayeva
Azews.az portalının siyasi şərhçisi