Xalqın gözü tərəzidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm.” dedi. Əlini müqəddəs “Qurani-Şərif”ə basaraq isə “Əlimi “Qurani-Şərif”ə basaraq and içdi: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.” andını içdi.
Bu andın yerinə yetiriləcəyinə artıq heç bir şübhə yoxdu. 20 illik hakimiyyət dönəmində İlham Əliyev sübut etdi ki, o, Konstitusiya prinsiplərini rəhbər tutaraq, ərazi bütövlüyü və suverenlik amilini əsas alaraq xalq ləyaqətlə xidmət etdi. 20 il öncə Heydər Əliyev kursunun uğurla həyata keçirilməsinə böyük ümidləri olan xalq 2024-cü ildə böyük əminliklə bu siyasi kursun davam etdirilməsinə səs verdi. Xalq birliyə, bütövlüyə, əmin-amanlığa, sabitliyə, qüdrətə, çiçəklənməyə səs verdi. Xalq Zəfəri yaşadan, qələbəni əldə edən, ərazimizi bütövləşdirən, 200 ildə ilk dəfə torpaqları geri qaytaran liderə “hə” dedi. Xalq iqtisadiyyatın dirçəlişinə, sosial rifah halının yüksəldilməsinə, gələcəyə yönəlik böyük hədəflərin əldə edilməsinə “hə” dedi. Xalq “hə” deməklə özünün qədirbilən olduğunu, ağı qaradan çox yaxşı ayırmağı bacardığını, gözünün tərəzi olduğunu bir daha isbatladı. Xalq onun uğrunda mübarizə aparan liderinə hörmətini əks etdirdi. Azərbaycan xalqı İlham Əliyevə səs verməklə beynəlxalq hüququ hər zaman əsas götürən liderə üstünlük verdiyini göstərdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Xalq onun rolunu dünyada günü-gündən artıran liderə səs verdi.

Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Yaşasın qüdrətli Azərbaycan. Yaşasın qüdrətli Azərbaycanın qüdrətli lideri!

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi