Avropa Parlamenti Avropanın utanc mənbəyidir

Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırış edən qətnamə qəbul etməsi bizim üçün təəccüblü deyil artıq. Çünki, bu qurumun ölkəmizə qarşı qərəzli mövqe tutması ilk dəfə deyil. Bundan öncə də dəfələrlə birtərəfli, araşdırılmamış qeyri-obyektiv qərarların şahidi olmuşuq. Avropa Parlamenti erməni təəssübkeşliyini artıq gizlədə bilmir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi qətnamə predmeti ola bilməz? 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmamasına niyə göz yumulur? Bizim üçün artıq Avropa Parlamenti da daxil olmaqla beynəlxalq təşkilatların qeyri-obyektiv mövqeyi heç bir əhəmiyyət daşımır. Bunu biz torpaqlarımızı işğaldan azad edərkən təsdiqlədik. Lakin Avropa Parlamenti unutmasın ki, Azərbaycan Avropa İttifaqı üçün olduqca önəmli ölkədir. Enerji layihələrindən tutmuş kommunikasiya əlaqələrinə, qitə ölkələrinin Rusiya asılılığından azad olunmasına, ölkələrin yaşıl enerji tələbatının ödənilməsinə qədər Avropa ölkələrinin Azərbaycana ehtiyacı var. Örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçəcək. Avropa ikili standartları tətbiq edərkən ən azından öz maraqlarını hərtərəfli düşünməlidir. Əminliklə deyə bilərik ki, müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi