İrəvan Bakının bükə bilmədiyi əlini sıxır?

Ermənistan azərbaycanlı hərbi əsiri - Rafiq Rəhman oğlu Həsənovu bu gün geri qaytarıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonunun Kəmərli kəndində əsir götürülən Rafiq Həsənov bu gün saat 12:00-da Azərbaycan tərəfinə qaytarılıb. Bu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində mümkün olub. Əsirin qaytarılması Ermənistanla Azərbaycan arasında etimad quruculuğu prosesinin uğurla davam etdiyinin göstəricisidir. Bu, onu deməyə əsas verir ki, İrəvan Bakının sülh əlini sıxmağa doğru iri addımlar atır. Bu addımların atılmasında əsas təşviqedici Bakıdır. Bu ondan irəli gəlir ki, dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artıb və istənilən təzyiqə sinə gərməyə qadirdir. Bunun nəticəsində Ermənistanla Azərbaycanın siyasi hakimiyyətləri tərəfindən razılaşma əldə olunub. Düşünürəm ki, razılaşma hazırda regionda qarışıqlıq salan dövlətlər üçün ən böyük cavabdır. Hərbi əməliyyatların uğurla aparılması, diplomatiyanın peşəkar yürüdülməsi Ermənistanı dalan vəziyyətindən çıxış yolunu göstərmək üçün kifayətedici oldu. Cənubi Qafqazda yeni reallıqlar formalaşdırılıb. Həmin kontekstdə Fransa, Yunanıstan, Hindistan kimi qüvvələrin buölkəni silahlandırması heç bir perspektiv vəd etmir. Biz dünyaya göstərdik ki, Cənubi Qafqaz regionu bu bölgədə yaşan ölkələrə məxsusdur və problemləri də region ölkələri tərəfindən həll oluna bilər. Bundan öncəki Münhen görüşündə liderlər arasında görüş, İlham Əliyevin vasitəçisiz görüş təklifinin qəbul edilməsi artıq Qərbdə də ölkəmizə qarşı etmidaın gücləndiyinin, Bakının haqlı şərtlərinin qəbul edildiyinin göstəricisidir. "Yıxa bilmədiyin əli sıxmalısan" deyimi artıq praktikada öz təsdiqini tapır. Bu əli sıxmaq İrəvana digər sıxdığı əllərdən daha çox dividientlər qazandıracaq. Bu əlin sıxılması qonşu ölkəni heç də aslı vəziyyətə salmır, əksinə digər güclərdən aslılığını aradan qaldırır, onu müstəqil, dalan vəziyyətindən çıxmış ölkəyə çevirir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.