Dəməşq hücumu İran üçün fürsətdir

İranın Dəməşqdəki konsulluğuna hava hücumundan sonra İran parlamenti Azərbaycana qarşı hərəkətə keçib. Bu dəfə növbəti riyakar çıxışın müəllifi İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçidir. Kuçi “X” sosial şəbəkəsində paylaşım edərək İsrailin Azərbaycandakı səfirliyinə hücum təklifi edib:“Sionistlərin hər hansı ad altında İran torpağına hücumuna qəti və oxşar cavabın gecikdirilməsi, səbri və ləngiməsi İranın böyük adının nüfuz və şərəfinə vurulan ağır zərbəyə bərabərdir. Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərdən birinə açıq və birbaşa hücum edək”. Hədəfdən yayınan İran özündə İsraili hədələmək cürəti tapmır. Öz aləmində Kuçinin əli ilə İsraili Azərbaycan üzərindən cəzalandırmaq istəyir. Biz dəfələrlə İran tərəfindən ikitərəfli münasibətləri normallaşdırmaq və Azərbaycan Səfirliyinin bərpa olunması ilə bağlı mesajlar görmüşük. Təəssüflər olsun ki, İran parlamentinin üzvünün bu cür müharibəyə səsləyən, eləcə də açıq və birbaşa hücumun təşviqinə yönəlmiş mesajına İran tərəfindən hər hansısa bir təpki yoxdur. Əlbəttə, onun qanunvericilik çərçivəsində toxunulmazlıq mandatı ola bilər, amma bu, heç də ona dəlalət etmir ki, dövlət aparatı, din xadimləri bu cür açıq hücuma səsləyən şəxsə irad bildirməsinlər. Bu addım bir daha İranın şovinist ideologiyaya sahib olduğunun, sionist axtarışına yalnız Azərbaycanda çıxdığının, gövdə göstərişini rəqiblərinə qarşı həyata keçirə bilmədiyinin göstəricidir. Bundan öncə baş verən hadisələr, İsrail və ABŞ-la açıq qarşıdurmanın baş verməsi zəminində İranın hədəfdən və konfliktdən yayınması bu ölkənin əsl gücünü də, mahiyyətini də sərgiləmiş olur. Bundan öncə də Tehran rejimi İraqda İsrail konsulluğuna raket hücumu həyata keçirmişdi. XİN Abdullahian isə bəyanat verdi ki, bizim hədəfimiz qətiyyən İraq deyil, İsraildir. Hədəf İsraildirsə, niyə mübarizəni İsraildə aparmır? Diplomatik korpusa qarşı terror hücumunda püxtələşən İran eyni siyasəti ölkəmizə qarşı da yürütmək istəyir. Əlbəttə ki, Azərbaycan nə İraq, nə də digər ölkələr deyil ki, ərazisindəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verməsin. Tehran hansı addımı atmağa çalışacaqsa, cavab reaksiyasını da Bakıdan görəcək. Artıq kifayətdir İran Cəbrayılda sionizm axtarışına çıxdı, proksi qüvvələrinin arxasında gizləndi. İranın konstitusiyasında əks olunmuş "müsəlman təəssübkeşliyi" ifadəsi nə qədər realdırsa, sionistlərə qarşı mübarizəsi də o qədər realdır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi