Prezidentdən son 300 illik tarixi dəyişdirən açıqlamalar

Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forumda çıxışında delimitasiya üzrə praktiki işlərin başlamasının sərhədin digər istiqamətləri üzrə də müəyyənləşdirmə prosesi üçün əhəmiyyətli presedent olduğunu bildirib. Bütün istiqamətlərdə delimitasiya prosesi ağrısız keçsə, Cənubi Qafqazda sülh və təhlükəsizlik adası formatında yeni əməkdaşlıq modellərinə qapılar açılacağı bildirilib. İlk dirəyin basdırılması tərəflər arasında sülh sazişinin imzalanmasına, normallaşmaya ümidi artırır. Bu tarixi addım tərəflərin aralarında olan mübahisəli məsələləri dinc yolla həll etməyin mümkünlüyünün göstəricisidir. Delimitasiya prosesi Azərbaycanla Ermənistan arasında yeni müharibənin, yaxud silahlı münaqişənin başlaması ehtimalını da azalda bilər. Tərəflər arasında sülh prosesinin başlamasına ümidlər Ermənistanın işğal altında saxladığı Azərbaycanın dörd kəndi qaytarıldıqdan sonra yaranıb. Bu, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır. Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Dövlət başçısı həmin kəndlərlə bağlı məsələyə də münasibət bildirib. Prezident bununla da daha dörd kəndin danışıqlar yolu ilə həllinin mümkünlüyünə işarə edib. Bu dövlət başçısının sülhü və normallaşma prosesinin pozmaq istəyənlərə də xəbərdarlığı sayıla bilər. Çünki rəsmi İrəvan heç də həmişə üzərinə götürdüyü öhdəliklərə vaxtında əməl etmir. Bu baxımdan Prezident İlham Əliyev bəhs etdiyimiz beynəlxalq forumda Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəsə dair üçtərəfli bəyanatın müddəasını yerinə yetirmədiyi ilə bağlı açıqlaması diqqətçəkicidir. Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Nikol Paşinyanın dediyi kimi, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu belə də olacaq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsi üzrə hazırlanmışdır.