Rusiya niyə Xankəndidə konsulluq açmaq istəyir?

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinin Xankəndidə konsulluq açılması təklifi ilə çıxış etməsi, əslində müəyyən mesajları, hədəfləri və məqsədləri üzərində ehtiva edir. Əsas məqsəd Rusiyanın Cənubi Qafqazda varlığı və dayaqlarını möhkəmləndirmək hədəflərindən irəli gəlir və məsələnin prioritet hissəsidir. Digər tərəfdən, bunu Azərbaycan-Rusiya münasibətlərinin hal-hazırda müttəfiqlik səviyyəsində inkişaf etməsi, dinamik bir məcmuada olmasından irəli gələn mesaj kimi də qəbul edə bilərik. Hal-hazırda Rusiya rəsmisindən belə bir təklifin irəli sürülməsi, əlbəttə Azərbaycan-Rusiya münasibətlərinin dinamik və konstruktiv istiqamətdə inkişafına müsbət yöndən təsir verəcək bir prosesdir. Amma burda məsələnin bir məqamı da var. Söhbət məhz Xankəndidə konsulluğun açılmasından gedir. Müsbət tərəfi ondan ibarətdir ki, məhz müvafiq bölgə Rusiyanın bir zamanlar mübahisələndirdiyi ərazilər idi. Amma bu gün Azərbaycanın ortaya qoyduğu cəsarətli mövqe, haqq işi uğrunda apardığı qətiyyətli mübarizə, cənab Prezidentin siyasi səriştəsi, diplomatiyasının peşəkarlığı sayəsində artıq bütün güclər Rusiya da başqa olmaqla bu ərazilərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınmasını qəbul ediblər. Xüsusilə, Rusiya kimi ölkədən bunu qəbullanmaq yolunda belə addımın atılması həqiqətən də rəsmi Bakının yeritdiyi siyasətin nəticəsi olduğunu deyə bilərik. Əlbəttə, bu mənada belə bir təklifin irəli sürülməsi torpaqların Azərbaycana aidliyinin birmənalı şəkildə qəbul olunması deməkdir. Digər tərəfdən, burda Ermənistana verilən mesajlar da var. Çünki, məsələnin bir tərəfi ondan ibarətdir ki, Ermənistanda müəyyən bir qismin hələ də Qarabağa qayıtmaları ilə bağlı ümidləri var. Bu ümidlərinin mərkəzində də Rusiya faktoru dayanır. Onlar düşünürlər ki, Rusiya nə vaxtsa onların bu ümidlərini yerinə yetirə bilər. Hesab etmək olar ki, Rusiya tərəfindən verilən bu mesaj həm də onlara verilən cavab idi ki, onlara bu işdə dəstək olunmayacaq.

Eyni zamanda bu, Paşinyan administrasiyasına verilən mesaj idi. Çünki, son dövrlər İrəvan administrasiyasında Moskvaya qarşı açıq şəkildə bir demarş siyasətinin şahidi oluruq. Ən son Paşinyanın KTMT-nin iki üzvünün müharibə vaxtı Ermənistanı dəstəkləməməsi ilə bağlı mesajlar səsləndirməsi artıq düşünməyimizə əsas verirdi ki, Rusiya tərəfdən addımlar atılacaq və bunu həmin addımların ilkin mesajı kimi qiymətləndirmək mümkündür. Burda digər hədəf Ermənistanda daxili çaxnaşmanı daha da gücləndirməkdir. Nəzərə alsaq ki, son günlər etiraz dalğasının, siyasi xaos mühitinin daha da gərginləşməsinin şahidi ola bilirik, bu fonda Rusiyanın belə bir adddım atması birbaşa Azərbaycanın yanında olması görüntüsünü yaratması ilə nəticələnir. Bu, həm də Ermənistanın daxili auditoriyasına verilən mesajdır ki, “baxın Paşinyanın yanlış siyasəti Rusiyanı belə siyasi xətt tutmağa vadar edib".

Müvafiq təkliflə bir mesajın da Qərbə yönəlik düşünə bilərik. Qərb və Rusiya mübarizəsini həm də Cənubi Qafqazda dayaqların möhkəmləndirilməsi istiqamətində müşahidə edə bilirik. Son dönəmlərdə Rusiya-Ukrayna münaqişəsi fonunda sanki Rusiyanın müəyyən qədər Cənubi Qafqazdakı proseslərdən kənarlaşması, dayaqlarının zəifləməsi görüntüsü yaranıb. Qərbin də bundan faydalandığını müxtəlif səpkilərdə görə bilmişik. Düşünürəm ki, belə bir addımın atılması ilə Rusiya həm də Qərbə mesaj vermiş olur ki, mən Cənubi Qafqazdayam.

İstənilən halda bu fikir Qriqori Karasinin şəxsi düşüncəsidir və onun təklifi konsulluğun açılması demək deyil.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi