- Yazarlar
- 18 İyul 2024 12:49
- 9 144
Makron-Paşinyan görüşü

Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Oksfordda Blenheym Sarayının həyətində görüşüblər. Makronla səmimi görüşən Paşinyan daha sonra bir kənara çəkilərək, müzakirə aparıblar. Müzakirənin detalları haqda heç bir məlumat olmasa da, onların üz ifadələrindən ciddi məsələni danışdıqları təxmin edilir. Ermənistan hökuməti isə yaydığı açıqlamada görüş zamanı Ermənistan-Fransa gündəmindəki məsələlərin müzakirə edildiyi və İrəvanla Bakı arasında münasibətlərin normallaşması mövzusuna toxunulduğunu bildirib. Paşinyan-Makron görüşü, hər iki tərəfin sülhlə bağlı ortaya qoyduqları ritorikanı göz önündə tutsaq, yalnız sülh danışıqlarını əngəlləmək məqsədi daşıya bilər. Ermənistanın post-münaqişə dövründə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən uzaqlaşdıran əsas qüvvə məhz Fransa olub. İşğalçılıq dövründə Cənubi Qafqazda at oynadan, Minsk formatı çərçivəsində təcavüzkarlığın aradan qaldırılması ilə bağlı missiya daşıyan bu ölkə missiyasını yalnız turistik səfərlərdə görmüş, İrəvanı əksinə prosesdən tamamilə yayındırmışdır. Bugün bölgədə yaranan yeni reallıqlardan da ən çox narahat olan qüvvə məhz Parisdir. Rusiya ilə rəqabətdə məğlub olaraq Afrikada dayaqlarını itirən Fransa Moskvanın bölgədə üstün güc olmasını qəbullanmır. Bundan savayı məhz müharibədən sonra Cənubi Qafqazda dayaqları güclənən Türkiyə amili də Yelisey sarayının tarixi türk düşmənçiliyi stereotiplərini oyadıb. Üstəlik maraqlarının ciddi şəkildə toqquşduğu Böyük Britaniya faktoru da gözardı edilməməlidi. Ölkəmizin haqq işi uğrunda mübarizəsinə hər zaman loyal münasibət sərgiləyən, sülh müqaviləsinin noyabr ayınadək imzalanması təşəbbüsünü irəli sürən və bu istiqamətdə ciddi addımlar atan, xüsusən kommunikasiya əlaqələrinin məhz Bakının tələblərinə uyğun reallaşmasına dəstək verən Britaniya Azərbaycanın Avrasiyada əsas regional güclərdən olmasını qəbullanır. Fransa isə əksinə Bakının maraqları çərçivəsində olacaq istənilən prosesi əngəlləməyə çalışır. Üstəlik Böyük Britaniya qlobal idarəçilikdə mühüm rol oynamaq iddialarını Azərbaycan üzərindən güc mərkəzlərinə göstərir.
Paşinyanın Əliyevlə görüşdən imtina edib Makronla görüşməsi də hər iki ölkənin sülh quruculuğu prosesinə olan münasibətini bir daha təsdiqləmiş olur. Bu addım eyni zamanda Avropada ölkəmizin mövqelərinin necə güclü olduğunun, haqlı mövzqeyinin qəbul olunduğunun və dəstəkləndiyinin göstəricisidir. Balans birmənalı şəkildə Bakının leyhinə dəyişir. Parisin çətiri altında gizlənən İrəvanın isə Fransadan başqa heç bir dəstəkçisi qalmayıb. Avropada destruktiv gücə çevrilən, buna görə də, mövqeləri tamamilə zəifləyən, sağ-sol qanad arasında mübarizənin dərinləşməsi fonunda ciddi siyasi böhranlarla üz-üzə qalan Parisin çətiri İrəvan üçün nə qədər açıq qalacağı isə sual altındadır.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi