Azərbaycan-Pakistan əlaqələri tarixinin ən yüksək dövrünü yaşayır

Ölkəmiz əsası 1993-cü ildən qoyulan tarazlaşdırılmış xarici siyasət prinsiplərinə hər zaman sadiq qalıb. Yürüdülən peşəkar diplomatiya, xoşməramlı siyasət nəticəsində önəmli dostlar qazanmağı bacarmışıq. Azərbaycanın əsas strateji müttəfiqlərindən biri olan Pakistanla əlaqələr isə xüsusən tarixi, dini birlik, xalqlar arasında formalaşan güclü bağlara əsaslanır. Təkcə hər iki dövlətin bayrağında Ay və ulduz təsvirinin olması faktı belə dediklərimizi isbatlayacaq ən gözəl mənzərədir. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Qardaş ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.

Xatırlatmaqda fayda var ki, ötən günlərdə ŞƏT-in Astana sammitində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib. Üç ölkənin arasında mövcud olan sıx diplomatik əlaqələr artıq üçlü formatın yaranmasına dəlalət edir. Astanadakı görüşdə müdafiə qurumlarının, hərbi sənaye komplekslərinin qarşılıqlı fəaliyyəti və birgə təlimlərin davamlı olaraq keçirilməsi mövzusu önə çəklib. Həmçinin, üç ölkə tərəfindən birgə silah istehsalı məsələsi gündəmə gətirilib. Burada regiondankənar qüvvələr tərəfindən Cənubi Qafqazın hərbiləşdirilməsinin dağıdıcı təsiri qeyd olunub. Güman etmək olar ki, söhbət Hindistandan və onun regiondakı siyasətindən gedir. Rəsmi Bakı bir gün ərzində Hindistanla regional səviyyədə rəqabət aparan iki dövlətlə əlaqələrini daha da genişləndirərək Çinlə birgə bəyannamə qəbul edib, Pakistanla hərbi əməkdaşlığı dərinləşdirib. Ticarət, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar, xüsusilə iqtisadi-ticari iş birliyi, kommunikasiya infrastrukturunun yaradılması, Orta Dəhliz üzrə perspektivlər mövzuları da masada yer alıb.
Prezident İlham Əliyevin iyulun 11–12-də Pakistana dövlət səfəri iki qardaş ölkənin intensiv təmasları kimi qiymətləndirəcək səfər olmaqdan ziyadə, həm də yuxarıda bəhsi keçən mövzuların implementasiya imkanlarının dərindən diskusiyası məqsədi daşıyır. Səfər zamanı dövlət başçımız Pakistan İs¬lam Respublikasının Baş naziri Məhəmməd Şah¬baz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirilib. Səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanması dərin əməkdaşlığa keçidi isbatlayan məqamlardandır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi