- Yazarlar
- 14:50
- 1 204
Bahalı qatar, məcburi yemək...

ADY qatarla sərnişindaşımada qiymətlərin yüksək olmasına aydınlıq gətirib.
Belə anladım ki, ötən gün bizim tərəfimizdən “qatar bileti 150 manatdır” mövzusunda açıqlamamıza aydınlıq gətirmək istəyib.
Əslində qurumun mövcud vəziyyəti izah edən açıqlaması çox faydalıdır və təqdirəlayiqdir.
Sadəcə, bunu öncədən etmək, yalnız nəzəri cəhətdən mövcud olan ən ucuz qiyməti deyil, bütün qiymətləri açıqlayıb, normal kommunikasiya qurulsaydı, bəlkə də bu tip açıqlamalara ehtiyac qalmazdı.
ADY açıqlamasında qiymətlərin yüksək olmasını “dinamik”, “komfort”, “VIP zal”, "dünya təcrübəsi", “endirim” müddəaları ilə izah etməyə çalışıb.
Qurum yüksək qiymətlərə aydınlıq gətirən açıqlamasında Avropa, Rusiya, Belarus təcrübəsinə istinad edib.
Dərhal xatırlatmaq istərdim ki, həmin ölkələrin təcrübəsində qatara biletin qiymətini artırmaq üçün zorla yemək paketi təqdim etmək deyə absurd bir şey nəzərdə tutulmur.
Yerli vətəndaşlar üçün bunun zorla, seçim olmadan verilməsini yalnız qiymət artımına şərait yaratmaq kimi dəyərləndirmək olardı.
Turistlər üçün seçimsiz olaraq belə bir imkanı vermək bəlkə də ağlabatan olardı.
Eyni zamanda orta əmək haqlarının yüksək olduğu Avropa ilə müqayisənin mahiyyətini də anlaya bilmədim.
Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu “komfort”, elit bir formaya salmaqla süni qiymət artımı yaratmaq doğru bir hal deyil.
Niyə qatarla sərnişindaşımaq kimi ictimai nəqliyyat vasitəsi bahalı turizm xidmətinə çevrilməlidir. Burada “30 gün əvvəl al ucuz olsun” demək ağlabatan bir məntiq deyil.
Xatırladıram ki, mövcud qiymətlər əvvəlkilərdən 2-3-4 dəfə yüksəkdir.
Əvvəllər Balakənə SV (biznes) 22.5 manat olub. İndi 88 manatdır. Əvvəllər kupe (Standart+) 13 manat olub, hazırda 33 manatdır, plaskart(Standart) 10 manat olub hazırda 20 manatdan çoxdur.
ADY fərqində olmalıdır ki, 150 manata gündəlik sərnişindaşımaya qiymət müəyyənləşməsi, SV-nin 4 dəfə bahalaşdırılması, gündəlik ehtiyac üçün qatardan istifadə edən insan üçün 30-40-50 manta adi kupeyə bilet təklif etmək heç bir halda normal deyil.
Yeri gəlmişkən, mən bir neçə dəfə monitorinq etdim, Bakı-Balakən qatarının doluluq səviyyəsi heç 50%-ə çatmadı. Bu , məhz qiymətlərin baha olması ilə birbaşa bağlıdır.
Əgər ADY -də doluluqla bağlı ayrı rəqəmlər varsa, buyursun ağlabatan formada açıqlasın.
Bir daha vurğulamaq istərdim.
5-6 il fəaliyyəti dayanan ölkədaxili qatarların fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər təqdirəlayiqdirsə, təklif olunan qiymətlər bir qədər məqbul deyil.
ADY-nin sosial funksiyasının bərpa edilməsi, məcburi xidmətlərin ləğv olunması, bilet qiymətlərinin də əlçatan edilməsi doğru olardı.
Anlayıram ki ADY əsas pulu YÜK daşımadan qazanır. Ondan qazandığı ilə İNSANLARI daşımağı qaydaya salmaq istəyir. Təbii ki bu sahə də rentabelli deyil.
Amma bu o demək deyil ki, rentabelli etmək üçün mütləq qiymətlər yüksək olmalıdr.
Əminəm ki bunun daha ağlabatan yollarını da bilməmiş deyillər.
Ümid edirəm, ADY, AZCON , hökumət dəmiryolu ilə sərnişindaşımada daha əlçatan qiymətlər üçün birgə səy göstərəcəklər.
Osman Gündüz