- Yazarlar
- 16:37
- 1 493
Hansı dövlət qonşuluğunda nüvə silahı istəyər?

Rusiya və İran sözdə strateji tərəfdaş olsalar da, əməldə bir-birlərinə qarşı kəşfiyyat işini genişləndiriblər. Müttəfiq dövlətlər adətən bir-biri haqqqında kəşfiyyat məlumatları toplamağa çalışmır. Bu Rusiya və İrana aid deyil. Almaniyanın “Şpigel” dərgisində Rusiya kəşfiyyatına aid sənədlər yayılıb.
Bu sənədlərdə Rusiya Federal Kəşfiyyat Xidmətinin İran ərazisində kəşfiyyat işini genişləndirdiyi yazılıb. Bunun da səbəbi odur ki, İran daha əvvəl Rusiya ərazisində kəşfiyyat işini genişləndirib. Sənədlərdə İranın Rusiyadakı səfirlik əməkdaşlarının Rusiyanın elmi-tədqiqat mərkəzlərində çalışan alimlərlə təmas qurmağa çalışdıqları bildirilib.
Məqsəd Rusiyanın müxtəlif sahələrdəki texnoloji sirlərini ələ keçirməkdir. Bunun qarşılığında Rusiya əks-kəşfiyyatı iranlı diplomatlara daha sıx nəzarət həyata keçirməyə başlayıb, kəşfiyyatı isə İran ərazisində fəaliyyətini genişləndirib.
O da məlum olub ki, Rusiya kəşfiyyat xidməti əməkdaşlarının 2022 və 2023-cü illərdə İsrailə səfərlərinin sayı artıb. Əlbəttə, bu o demək deyil ki, Rusiya İranın nüvə çalışmaları barədə məlumatları İsraillə bölüşüb. İsrailin özünün İranda kifayət qədər kəşfiyyat mənbəyi mövcuddur. Ancaq Rusiya və İsrail kəşfiyyat strukturları arasında əməkdaşlığın mövcudluğu barədə mülahizələr yürütmək olar.
Bu isə İranı ciddi narahat etməlidir.
Görünür, İran Rusiyanın nüvə texnologiyalarını əldə etməyə çalışır. Kreml bundan xəbərdardır. Moskva İsrailin və ABŞ-ın İranı bombalamasının əleyhinə olsa da, Kreml Vaşinqton və Tel-Əviv kimi qonşuluğunda nüvə dövlətinin formalaşmasını istəmir. Hansı dövlət qonşuluğunda nüvə silahına malik dövlətin olmasını istəyər ki?
***
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi İrəvanın üçüncü dövlətlərin Ermənistan ərazisindən digər ölkələrə qarşı hərbi əməliyyat üçün istifadə olunması ehtimalını rədd etdiyi bildirilib. Bu bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana üstüörtülü mesajını oxumaq olar. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yeni müqaviləli hərbçilərin cəlb olunması barədə yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir. Məsələ burasındadır ki, bu məlumatlar Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda yayımlanıb.
Yəni belə bir təsəvvür yana bilər ki, Kremlin Gümrüdəki hərbi bazanı Azərbaycan əleyhinə gücləndirib. Reallıqda əgər həqiqətən Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu Azərbaycan üçün deyil, Ermənistan hökuməti və şəxsən baş nazir Nikol Paşinyan üçün təhlükəlidir. Çünki, Moskvadakı dairələr Ermənistanın radikal müxalifəti, kilsə və Rusiyadakı erməni işadamlarının vasitəsilə Nikol Paşinyana təzyiqi artırıblar.
Paşinyan ona qarşı çevriliş hazırlandığı iddiasındadır. Belə vəziyyətdə Rusiya Gümrüdəki hərbi bazasnı gücləndirirsə, bu Nikol Paşinyana qarşı yönəlib. Ancaq Paşinyan diqqəti özündən yayındırmaq üçün Xarici İşlər Nazirliyi vasitəsilə belə bir mənt yayımlayıb ki, guya Gümrüdəki Rusiya bazasının gücləndirilməsi Azərbaycan əleyhinədir və belə olan halda o həmin bazadan Azərbaycana qarşı istifadə edilməsinə imkan verməyəcək.
Birincisi, Kreml Gümrüdə nəsə planlaşdırırsa, onu Nikol Paşinyanla bölüşməyəcək, ikincisi, Azərbaycan hədəfdirsə, bu birbaşa Rusiyanın əleyhinə işləyəcək, Kreml həm Cənubi Qafqazı, həm də Türkiyəni itirəcək.
Elxan ŞAHİNOĞLU