- Yazarlar
- 11:46
- 2 014
Turistlər və murdarlıq

Qlobal turizm ən yeni tarixdə ölkələr arası münasibətlərin formalaşmasında vacib rol oynayır və ölkələr bu əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır.
Beynəlxalq münasibətlər müstəvisində beynəlxalq turizm dövlətlər arasında fikir ayrılıqlarının həllində xüsusi üstünlüyə malikdir.
Bu gün ölkələrin imicinin və nüfuzunun formalaşmasında turizm sektoru həll edici rol oynayır.
Bəzi ölkələr üçün turizm siyasəti bu gün mədəni, sosial və iqtisadi inkişafın ruporu kimi çıxış edir.
Turizm ölkələrin mənfi və müsbət imicinin formalaşmasında, neqativ imicin aradan qaldırılmasında alətə çevrilir , beynəlxalq müstəvidə dövlətlərin daxili idarəetmədə reflekslərinin imicini formalaşdırır və s.
Müasir beynəlxalq münasibətlər müstəvisində turizm həm də diplomatik, mədəni, iqtisadi və sosial qarşılıqlı əlaqənin inkişaf etdirilməsində vasitəçi kimi çıxış edir.
Azərbaycanda da turizm milli iqtisadiyyatın davamlı inkişaf edən hissəsi kimi mədəni, sosial və iqtisadi inkişafda iştirak edir.
Dövlət tərəfindən turizm sektoruna ayrılan diqqət , bu sahənin inkşafına yönəldilən dəstək nəticəsində son illər qlobal turizm bumu yaşayan ölkələrindən biriyik.
Məsələ ondadır ki, turizm sektoruna ayrılan diqqət , bu sahənin inkşafına yönəldilən dəstək strategiyası özündə ölkənin sosial-iqtisadi inkşafı ilə paralel mədəni-sosial inkşaf prioritetlərini də əks etdirməlidir.
Dövlət tərəfindən ölkənin mədəni , tarixi , dini və s. kimi dəyərlərinin qorunması üçün turist axınına nəzarət , turist kütlələrinin davranışı və s . məsələləri əhatə turizm fəaliyyətini tənzimləyən hüquqi normativ baza formalaşdırılmalıdır.
Məsələn , Avropa ölkələri turizm fəaliyyətini tənzimləyən hüquqi normativ aktlarl hələ keçən əsrin 70-ci illərində qəbul edib.
Bu hüququ normativ aktlar 1985-ci ildə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyasında beynəlxalq sənəd kimi qəbul edilib və “Turizm Xartiyası”adı ilə təsdiqlənib.
Bu xartiyaya “Turist məcəlləsi” adlanan məcəllə daxildir və bu məcəllə turistlərin səyahət , istirahət və asudə vaxtının keçirilməsi hüquqlarını təmin edilməsi ilə paralel yerli vətəndaşların tarixi, milli , dini dəyərlərinin qorunması , onların səyahət imkanlarının təmin edilməsi ilə bağlı dövlət siyasətinin istiqamətlərini müəyyən edib.
Mən, məsələnin iqtisadi tərəflərini deyil , turizmin bizim ölkəmizdə son illər formalaşdırdığı mədəni-sosial tərəfinə toxunmaq istəyirəm.
Bütün ölkələrin paytaxtlarında mərkəzi küçələr yerli xalqın tarixi , mədəni və sosial fərqliliyini nümayiş etdirmək üçün məkan olaraq istifadə olunur.
Sərt yazacam , amma , gözəl Bakımızın mərkəzi Nizami küçəsi son illət Yaxın Şərq mədəniyyətinin bizim müasirliklə miks olunduğu bir ürək bulandırıcı hal alıb.
Restoranlara müştəri cəlbi üçün girişində “yarı çılpaq qadınları vitrin” etmək , əlində menyu küçədən yüksək səslə “müştəri çağırmaq” , yaşlı satıcı kişiləri müştəri qarşısında oynadaraq şirniyyat satmağın bizim mədəniyyətimizə aidiyyatı yoxdur.
Çox, çox üzr istəyirəm, amma mərkəzi küçələrin hətta restotanlarında belə sanitar qovşaqlara qoxudan girmək olmur.
Mərkəzi küçələr o yana, iri molların sanitar qovşaqları murdar gündə olur.
Mərkəzi küçələrin restoranlarında axşam saatlarında yerdə topa-topa zibil görsənir və buna artıq normal hal kimi yanaşmağa başlanılıb.
Restoranların, maqazinlərin yanından keçəndə özünü təxminən Yaxın Şərq ölkələrinin bazarlarında hiss edirsən.
Hər tərəfdə ərəb, hind , puştun müsiqisi səslənir, dəstə-dəstə kişilər ərəbistan çöllərində olduğu kimi səkinin üstündə oturub, gəlib gedən qadınları izləməklə məşğuldur.
Yarı çılpaq cavan və yaşlı qadınlar isə ayrı bir utanc mövzusudur və mən bu mövzuya toxunmaq istəmirəm…
Dünən yayılan videodan isə aydın olur ki, turistlər artıq bizim dəyərlərimizi də ələ salmağa başlayıblar.
Onları hardasa anlamaq olur , hər şeyin pulla alındığını düşünən zehniyyət fikirləşir ki, pulunu veribsə kimi , nəyi, necə istəsə ələ sala bilər.
Bir sözlə , aidiyyatı qurumlar turistlərin səyahət , istirahət və asudə vaxtının keçirilməsi hüquqlarını təmin etdikləri kimi yerli vətəndaşların tarixi, milli , dini dəyərlərinin və heysiyatının qorunması məsələlərinə ciddi diqqət ayırmalıdır.
Ayrıca qeyd etmək istədiyim məsələ isə , dünəndən bütün bunlarla mübarizəni “polisin məsuliyyəti və öhdəliyi” kimi əsaslandıraraq hüquq mühafizə qurumlarına qarşı aparılan kampaniyalar haqqındadır.
Ölkəyə gətirilən turisti yerli tarixi, milli, mədəni xüsusiyyətlərə hörmət məsələlərində təlimatlandırmayıb “polis nəzarət etsinə demək ən yaxşı halda diqqəti və məsuliyyəti özündən yayındırmaq kimi, ən pis halda isə sifarişli kampaniya olaraq görünür.
Turistin ölkə daxilində davranışını tənzimləyən normativ hüquqi akt mövcud olmayınca, restoran, istirahət mərkəzləri və diğər iaşə obyektlərinin adminstrasiyaları bu normativ aktların icrasına əməl və nəzarət etməyincə bu sahədə irəliləyiş mümkün olmayacaq.
Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü