- Yazarlar
- 14:09
- 1 602
Bəxt, yoxsa səylər: uğuru nə müəyyənləşdirir?

Dünyanın müxtəlif ölkələrində gəlirlərin bölüşdürülməsi və təhsil siyasəti ilə bağlı mübahisələrin kökündə bir sadə, amma dərin sual dayanır: həyatdakı uğurlar bəxtin, yoxsa səylərin nəticəsidir
Uğurun səyin nəticəsi olduğuna inanırsınızsa (yəni kim daha çox oxuyursa, daha ciddi hazırlaşırsa və əzmlə çalışırsa, o da yüksəlir) onda təhsil siyasəti əsasən zəhməti mükafatlandırmağa yönəlir. Dövlətlər ən yüksək bal toplayanlara təqaüdlər verir, rəqabətli qəbul imtahanları təşkil edir, müəllimlərin əməkhaqlarını nəticələrə bağlayır və elit təhsil müəssisələrinə investisiya edir. Məntiq sadədir: kim çox çalışırsa, o da daha çox qazanmalıdır.
Uğurun bəxtdən və şəraitdən asılı olduğuna inanırsınızsa (yəni ailə mühiti, coğrafiya, sosial vəziyyət insanın uğurunu müəyyənləşdirirsə), onda təhsil siyasətinin məqsədi imkanları bərabərləşdirmək olur. Bu halda ehtiyac əsaslı təqaüdlər, aztəminatlı məktəblərə investisiya, erkən yaş təhsili proqramları və universitetlərə geniş çıxış ön plana çıxır. Məqsəd hamıya eyni start şansı verməkdir.
Tədqiqatlar bunu təsdiqləyir:
İnsanların nəticələrin səylərlə bağlı olduğuna inanan ölkələrdə, vətəndaşlar ləyaqət əsaslı (merit-based) təhsil sistemlərini dəstəkləyirlər.
İnsanların nəticələrin daha çox bəxt və şəraitlə bağlı olduğuna inanan ölkələrdə isə əlçatarlıq, dövlət maliyyələşməsi və ehtiyac əsaslı yardım geniş dəstək qazanır.
Bu, sadəcə nəzəriyyə deyil, ABŞ-ın niyə elit universitetlərə və ləyaqət əsaslı (merit-based) təqaüdlərə üstünlük verdiyini, Skandinaviya ölkələrinin isə niyə hamı üçün əlçatan dövlət təhsilinə daha çox investisiya qoyduğunu izah edir.
Bəs Azərbaycan necə?
Təhsil uğuru ən çox çalışanların mükafatı kimi qəbul edilməlidir, yoxsa şəraitdən asılı bərabərsizlikləri azaltmaq vasitəsi kimi?
Mənim sizə sualım:
Sizcə, Azərbaycanda təhsil uğuru daha çox bəxtdən (nəzarət edə bilmədiyiniz şəraitdən), yoxsa səydən (necə oxumağınızdan və çalışqanlığınızdan) asılıdır?
Nicat MƏMMƏDLİ,
Elm və Təhsil Nazirinin müşaviri