- Yazarlar
- 12:51
- 1 881
Dağlarda il köç geri dönəndə bitir

Kəlbəcərdə yaylağa təkcə çobanlar qalxmırdılar, yaxud çobanlar yaylağa ellə gedərdilər. Məktəblər yay tətilinə bağlanan kimi 3-5 günün içində bütün kəndimiz itli-pişikli, colma-cocuqlu köç edərdi yaylağa. Kənddə evlərin qapısını bağlamaq kiminsə ağlına gəlməzdi.
Təsadüfən kənddə (dəniz səviyyəsindən 1700-2000 m hündürlükdə) qalan ailəyə hamının yazığı gələrdi. Deyərdilər ki, filankəsin uşağı bu il kənddə qalıb istidən bişdi. Köçdən, yaylaq yollarından və yaylaq həyatından bir kitab yazmaq olar.
Axşam-səhər alaçıqda soba qalayardıq. Bəzən duman gələr və az qala bir həftə ətrafda göz gözü görməzdi. Amma bunlar hamısı bizim uşaqlıq sevincimizi azaltmazdı. Axşamacan çilingağac oynayardıq. Seyrək atmosfer Günəşin ultrabənövşəyi şüalarının qarşısını tam ala bilmədiyi üçün burnumuz qabıq qoyar, üzümüzə çil düşərdi.
Bir də avqustun sonunda yurdların boş qaldığını görəsən. Kədərli səhnədir. Səs küylə dolu arxac iki günün içində boşalırdı. Bir qonşumuz vardı, gecəylə köçün yığıb gedərdi, səhər dururduq ki, yurdu boşdu. 3 aylıq yaylaq həyatı xatirəyə dönürdü. Ömrümüzdən daha bir varağın çöndüyü, bir ilin geridə qaldığı hiss olunurdu.
Dağlarda il yaylaqdan köçəndə bitir, kəndə dönəndə təzə il başlayır.
Dağların sərt şəraiti insan münasibətlərini möhkəm edərdi. Dostluqlar, qohumluluqlar, qonşululuqlar həqiqi və səmimi idi. Ona görə 30 il ərzində ölkənin hər yerinə dağılmış qonşular bir-birini itirmədi, yaslı və sevincli günlərdə bir yerə toplaşmağı bacardılar.
İndi qalıb bu 30 illik köç karvanını geri döndərməyimiz, yaylaqlarımızda yurdlarımızı bərpa etməyimiz.
Elşad Əsgərov