AzNews.az bundan sonra Azərbaycanda nəşr olunan maraqlı kitabları oxucularına təqdim edəcək. AzNews.az bundan sonra Azərbaycanda nəşr olunan maraqlı kitabları oxucularına təqdim edəcək.

Məhəbbət, seks və qarşılıqlı münasibət haqqında... SİRLƏR

AzNews.az bundan sonra Azərbaycanda nəşr olunan maraqlı kitabları oxucularına təqdim edəcək.

AzNews.az bundan sonra Azərbaycanda nəşr olunan maraqlı kitabları oxucularına təqdim edəcək.
İlk olaraq Barbara de Anjelisin "HƏR BİR KİŞİNİN
BİLMƏSİ VACİB OLAN QADINLAR HAQQINDA SİRLƏR" kitabını ixtisarlarla, hissə-hissə təqdim edirik. Bu kitabda ailələri və çütlükləri narahat edən çox vacib suallara cavab tapılır. Məhəbbət, seks və qarşılıqlı
münasibət haqqında olan bu əsər "Qanun" nəşriyyatına çap edilib. Tərcüməçisi Nəzakət Ağayeva, redaktoru: Elçin Zahiroğludur.



Qeyd edək ki, Barbara de Anjelis dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspertdir. Onun kitablarını oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcək.




(I HİSSƏ)

Qadınlara məktub

Bu kitabı həm siz, həm də sevdiyiniz kişilər üçün yazmışam. Hər bir qadının belə bir kitabın yazılmasını arzuladığına inanıram. Əgər belə bir kitab olardısa, onu partnyoruna verər, o da oxuyub qadınını necə sevəcəyini həmən anlardı. "Bunu oxu, – o deyərdi, – məni anlayarsan".
Həyatım boyu dəfələrlə belə bir kitabın olmasını arzulamışam. Çünki partnyoruma tələblərimi anlada, nə qədər çalışsam da, vəziyyətin əsaslı şəkildə dəyişməsi və hər ikimiz üçün münasibətlərimizin daha da yaxşı olması istiqamətində onun edəcəyi kiçicik bir hərəkət və ya jestinin yetərli olmasına inandıra bilmirdim. Arzularımdan, mənim üçün vacib olan məsələlərdən ona heç vaxt danışa bilməmişəm. Nəticədə partnyorum məndən incimiş, məni olduqca tələbkar hesab etmiş, onsuz da xoşbəxt olmağım üçün hər şeyin olduğunu hesab edərək, artıq heç nə etmək istəməmişdi. Belə halda min illər boyu qadınların etdiyi kimi dərindən köks ötürmüş və onun qəlbini tərpədə, məni başa düşməyə məcbur edə biləcəyim anın gələcəyini arzulamışam.
Əgər siz qadınsınızsa, bu misraları oxuyarkən bu köks ötürmənin nə olduğunu yaxşı başa düşəcəksiniz. Bu köks ötürmə sənə bunu pıçıldayır: "Mən heç nə istəmirəm, sadəcə, onun mənə qarşı diqqətli olmasını və nəhayət, mənim kim olduğumu anlamasını istəyirəm". İnsana həmişə onun başa düşülməsinə, ona dəyər verilməsinə və onu var olduğu kimi qəbul edilməsinə səy göstərməsi xasdır. Əlbəttə, hamımıza başqa bir adamın bizi tamamilə anlaması hissi tanışdır. Ancaq o da təəccüblüdür ki, digər qadınlarla – bu rəfiqəmiz, bacılarımız, həmkarlarımız ola bilər – yəni bizdən olanlarla, tələblərimizi daha yaxşı anlayanlar arasında əlaqələrimiz heç bir çətinlik olmadan, praktiki olaraq ani yaranır.
Belə bir hadisə sizə tanış gəlmir ki?
Rəfiqənizlə nahar etməyə çıxmısınız. Gec-tez söhbət problemlərə, şəxsi münasibətlərinizə və ya partnyorunuzla olan məsələlərinizə gəlib çıxacaq. Demək olar ki, bir neçə sözdən sonra rəfiqəniz sizin nə demək istədiyinizi dəqiqliyilə anlayacaq. O, acıyırmış kimi başını yellədəcək, lazım olan yerdə narahatçılıq ifadə edəcək, hətta bəzən sizin başladığınız cümləni belə ən uyğun sözlərlə bitirəcək. Və siz də, əlbəttə, razılıq hissilə ona baxacaq, sevinclə dərindən nəfəs alacaqsınız. "Bəli! Həqiqətən də bu demək istədiyim şey idi... Rəfiqəm nə hiss etdiyimi dəqiq anlayır!"

Söhbət davam edir və on dəqiqədən sonra siz və rəfiqəniz son on il ərzində əriniz və sizin aranızda güclü mübahisələrə səbəb olan çoxsaylı problemlər haqda tam fikir birliyinə gəlirsiniz. Rəfiqənizlə söhbətinizin çox asan alınması, emosiyalarınızın onun tərəfindən dəqiqliyilə anlaşılması, reaksiyalarınıza cavab verməsi və sizin tələbləriniz barədə danışması sizi olduqca təəccübləndirəcək. Partnyorunuzla da bax belə danışa bilsəniz?! Onunla bu barədə danışmağa başlayan kimi "divarla", hirslə, kənara çəkilən baxışlarla üzləşir, cansıxıcı köks ötürmələri eşidirsiniz. Sanki onunla tamamilə fərqli dillərdə danışırsınız – o qəti şəkildə nə demək istədiyinizi anlamır!
Naharı bitirəndə rəfiqənizə ona anlayış göstərdiyinə görə təşəkkür edirsiniz. Sonra isə bütün qadınların rəfiqələrinə və qohumlarına dedikləri sözləri dilinizə gətirirsiniz: "Ərim də məni sizin kimi anlasaydı... Təəssüflər olsun ki, sən qadınsan, yoxsa biz ideal ər-arvad olardıq!"

Və sizin rəfiqəniz razılıq əlaməti olaraq başını yellədir, çünki indi də o sizin nə demək istədiyinizi çox gözəl anlayır...


→ Kişilərə bu kitab niyə lazımdır?

Hadisələri qabaqlayaraq kişilərə aid olan və irəlidəki bölmələrdən birində söhbət açacağım gizli bir məsələni sizinlə bölüşmək istəyirəm. Mən kişiləri sevirəm! Məyusluqlara və incikliklərə baxmayaraq, həmişə kişiləri sevmişəm. Onları sevməkdən, dostluq etməkdən və şəxsi münasibətlər qurmaqdan yorulmamışam. Bu kitab heç də onların nə qədər dəhşətli və düzgün birisi olmamaları barəsində deyil. Sizi düzgün anlamağı bacarmadıqlarına görə onları nə tənqid etmək, nə də danlamaq fikrindəyəm. Yazmaqda məqsədim kişilərin qadınları tamamilə başqa müstəvidən görmələri və onları başa düşməyi bacarmalarına nail olmaqdır. Kişiləri – oxucularımı, tələbələri, seminarlarımda iştirak edən dinləyicilərimi əla anladığımı düşünürəm. Uzun müddətdir ki, on illərlə qadınların kişilərə izah etməyə çalışdıqları məsələləri onlara anlatmağa çalışıram. Hər halda onların məni eşidəcəklərinə ümid edirəm. Kişilərin qadının emosional axınına uyğunlaşmasının, onun arzuladığı yaxınlığı verə bilməsinin, onun qəlbini və ürəyini anlamağının çətin olduğunu başa düşürəm. Ancaq sevgi və hörmət olan yerdə hər şey mümkündür və bu kitabı məhz sizin sevgi və hörmət, ehtiramınıza inanaraq yazmışam.
Bu yaxınlarda ərzaq mağazasında yaxın rəfiqəmlə rastlaşdım. Hal-əhval tutduq və bir neçə dəqiqəlik həyatımızın müzakirəsinə daldıq. "İndi nə üzərində işləyirsən?" – o soruşdu. "Yeni kitab yazıram", – cavab verdim. "Doğru deyirsən? Bu əla xəbərdir! – rəfiqəm çox sevindi. – Səbirsizliklə Donoldumun onu oxuyacağı günü gözləyəcəyəm. Əlbəttə, o çox gözəl insandır, ancaq yenə də kişidir. Yəqin ki, nə demək istədiyimi başa düşürsən?"
Yaxınlığımızda ərzaq seçən kişi dayanmışdı. Rəfiqəmin iradlarını eşidən kişi bizi dəhşətli baxışla süzdü, sanki demək istədi: "Siz qadınlar həmişə kişiləri alçaltmağı sevmisiniz!" O, narazı halda başını yellədə-yellədə uzaqlaşdı, biz isə təbəssümlə bir-birimizə baxdıq. Onun bizi qətiyyən başa düşmədiyini anladıq. Rəfiqəm heç də ərini alçaltmaq və mühakimə etmək istəmirdi. O, ərini sevir. O, sadəcə, bütün qadınlara yaxşı məlum olan məsələni dilinə gətirmişdi – ən yaxşı kişilər belə qadın deyil, KİŞİ olaraq qalırlar və məhz bu səbəbdən də onlara qadınları yaxşı başa düşmələri üçün kömək etmək lazımdır.
Acı həqiqət aşağıdakından ibarətdir: kişilərin bizi sevməsi heç də bizi anlamaları demək deyil. Kişilər tamamilə fərqli dünyada yaşayır. Kitabımı oxuduqda siz qadın dünyasının onlara sirli gəldiyini anlayacaqsınız. Müəmmalı və ziddiyyətli.
Məhz bu səbəbdən də qadınını ürəkdən və dərindən sevən ən yaxşı kişi onları anlamırlar. Kişilər laqeyd, eqoist olduqlarına görə bizi anlamırlar. Sadəcə, onlar bizim mürəkkəb təbiətimizi elə də yaxşı bilmirlər; kişilər məğlubiyyəti sevmədiklərindən, bizi başa düşməyə çalışmırlar.
Bu kitabı yazmaqda məqsədim kişilərin daha asan uğur qazanmasına, bizi anlamaları və istədiyimiz kimi sevmələrini bacarmağa, onların gözəl dost və ər, sevgili və yoldaş olmalarına yardımçı olmaqdır. Tələblərinizi ifadə etməyi öyrənmənizi, xasiyyətinizi izah etməyi və sevdiyiniz kişinin, nəhayət, sizi başa düşməsini istəyirəm.

→ Bu kitabdan necə faydalanmalı?
İlk olaraq, onu demək istəyirəm ki, bu kitab sizə – qadınlara ünvanlanıb. Bu kitabı yalnız kişilərin sizi yaxşı başa düşməsi məqsədilə yazmamışam. Bu kitab kim olduğunuzu daha yaxşı tanımanız və əvvəlkindən daha yaxşı anlamanız üçün yazılmışdır. Bununla yanaşı, özünüzü məhz belə hiss etmənizi anlaya, bu və ya digər hərəkəti etmənizin səbəbini, bu və ya digər bir şeyi istədiyinizin səbəbini bilmirsinizsə, onda istək və hərəkətlərinizi kişiyə izah etməyi heç vaxt bacarmayacaqsınız. Səmimi olaq. Tez-tez özümüzə sual veririk: Biz normalıqmı? Çox şey istəmirikmi? Bəlkə kişilər bizi "olduqca həssas və tələbkar" adlandıranda düz deyirlər? Həqiqətən də qadınlar heç də həmişə şəxsi arzularını və tələblərini dərindən və dəqiq bilmirlər, bu da öz növbəsində ciddi özünətənqid, öz gücünə şübhə ilə yanaşma və özünə daha az dəyər vermə kimi hallara səbəb olur.
"Hər bir kişinin bilməsi vacib olan qadınlar haqqında sirlər" kitabı vasitəsilə siz hər şeydən əvvəl özünüzü kəşf edəcəksiniz. Sevdiyiniz kişi sonda sizin davranış və emosiyalarınızın ciddi əsası olduğunu başa düşəcək. Görüşdən öncə kişiyə on dəfə zəng etmək elə də asan iş deyil. Kişini narahat edən məsələ barədə soruşduqda özünə qapılması bizi əsəbiləşdirir. Gələcək işləri partnyorumuzla birlikdə planlaşdırmağı sevirik, ancaq planlarını bizimlə bölüşmək istəməyəndə məyus oluruq. Bunun səbəbi heç də bizim çox əsəbi, zəif və ya qətiyyətsiz olmamızda deyil. Səbəb bizim qadın olmamızdır – biz kişilərdən fərqlənir və tamamilə onlardan fərqli yaşayış tərzimiz vardır. Kitabım sizə bir şeyi izah edir: Biz şəxsi xasiyyətimizi anlamadıqca, davranış və tələblərimiz kişilərə müəmmalı olaraq qalmaqda davam edəcək.
Kitabı yazmaq səbəblərimdən biri də elə budur. Mən biz qadınların özlərini başa düşmələrini, özlərini günahlandırmaqdan əl çəkmələrini, dərin hisslər və sevmək bacarıqlarını dəyərləndirməyi öyrənmələrini arzulayıram. Özünüzə inam yarananda və özünüzü qadın kimi hiss edəndə, arzu və emosiyalarınızı kişinin başa düşəcəyi tərzdə deməyi bacaracaqsınız. Onun reaksiyasının ürəyinizcə olacağına zəmanət verə bilmərəm, ancaq hər halda yanınızda özünü bütün problemlərin məntiqi izahını tapa biləcəyi daha rahat və sakit hiss edəcək.
Nə demək istəyirəm? Təsəvvür edin ki, siz ərinizə son ana kimi gözləmədən, şənbə-bazar günləri planını onunla və uşaqlarınızla bölüşməyinin nə səbəbdən istədiyinizi izah etməyə çalışırsınız. Siz onun müqavimətini hiss edirsiniz. Məsuliyyət və nəzarət hiss etmək xoşuna gəlmir və o deyir: "Axı nə danışım? Niyə sən hər şeyi əvvəlcədən planlaşdırmaq istəyirsən? Niyə sən belə qəfil və gözlənilməz hərəkət edə bilmirsən?"
Bu suallara verəcəyiniz cavablar haqqında düşünün, nə cavab verə bilərsiniz? Planlaşdırmanın sizin üçün məntiqi baxımdan bir o qədər yox, emosional cəhətdən belə vacib olmasını bilirsiniz? Ona hisslərinizi izah etməyi bacarırsınızmı? Bir qayda olaraq biz bunu və ya başqasını istəmənizin səbəbindən əmin deyilik. Nəticədə "Sadəcə, bu mənə lazımdır", ya da artıq özümüzdən çıxdıqda "Unut bunları – onsuz da səni heç vaxt mənim istəklərim maraqlandırmayıb" kimi ümumi ifadələrlə canımızı qurtarırıq.
İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, ancaq kişi sizə qulaq asır, o sizə emosiya ilə deyil, ağılla qulaq asır. Davranışınızı məntiqi cəhətdən izah edə bilməsəniz hərəkətlərinizin və istəklərinizin qeyri-mümkün olduğunu düşünməyə vadar edəcəksiniz. Əgər siz partnyorunuzun beynini razı salacaq həcmdə məlumat verməsəniz, o sizi heç xoşbəxt edə bilməz. O, sadəcə, sizin istək və xahişlərinizi mənasız, ciddiyə alınmağa layiq olmayan fikirlər kimi qəbul edəcək.
Bu kitabda mən, sadəcə, qadınların sevgidən, yaxınlıqdan, ünsiyyət və seksdən nə istədiklərindən danışmıram, bunu NİYƏ istədiyimizdən, bunun NİYƏ bizim üçün vacib olmasından, NİYƏ qadınların özlərini kişilər kimi apara bilməməsindən danışıram. Bu izahlar kişilərdən daha çox, sizə aiddir. Özünüzü, sözün əsl mənasında, dərk etməlisiniz, yalnız onda sizə yaxın olan insanlarla səmərəli ünsiyyət saxlaya bilərsiniz. Sevdiyiniz kişiyə oxumaq üçün bu kitabı vermədən öncə, özünüz oxuyun və onu dərk etməyə çalışın!

→ Bu kitabı kişilərlə necə bölüşməli?
Bu kitabı qadınlar üçün yazdığımı elə indicə söylədim. Ancaq təkcə onlar üçün yox: bu kitabı həm də kişilər üçün yazmışam – sevməyi öyrənmək, sevdikləri qadınları anlamaq və onunla tam harmoniyada yaşamağı öyrənmək istəyən kişilər üçün. Əgər kişi ilə ciddi əlaqələriniz varsa və mənim kitabımı oxuyursa, qarşısında dayanmaq çətin olan nəfsdən qorumaq istərdim. O, evə gələrkən və ya növbəti dəfə onunla görüşərkən, əsla bu kitabı onun gözünün önündə yellətməyin və ucadan deməyin: "Bax... BUNU OXU! Bu kitab uzun illər boyunca sənə demək istədiklərimi izah edəcək! Ən yaxşısı, ONU ƏZBƏRDƏN ÖYRƏN!"
Belə bir fikir sizə nə qədər cazibədar görünsə də, güman etmirəm ki, belə bir davranış kişi ilə münasibətlərinizi yaxşılaşdırsın və bu kitabı oxumağa həvəs oyatsın. Əksinə, siz onda düşmənçilik və zidlik hissi yaradacaqsınız. Bunu haradan bilirəm? Bu barədə mənə hər beş dəqiqədən bir "Barbara deyir ki..." cümləsini təkrar edən qadınların çoxsaylı kişiləri müraciət edərkən söyləmişdilər. Bu bədbəxtlərin həyatı elə asan deyildi!

Belə kişilərdən biri ilə bir neçə həftə bundan əvvəl rastlaşdım. Qəhvə mağazasında növbəyə durmuşdum, otuz yaşlarında cazibəli bir kişi mənə müraciət etdi. "Siz Barbara de Anjelissiz?" – o soruşdu. Başımla təsdiqlədim və o gülümsədi.

"Sizə nifrət etdiyim üçün yaxınlaşdım", – gülümsəməkdə davam edərək, dedi. Ancaq mənim üçün gülməli deyildi və bu, sifətimdə ifadə olunurdu, odur ki, o, izahat verməyə tələsdi: "İki il sizin pərəstişkarınız olan bir qadınla görüşürdüm. Onun üçün siz əsl mələk idiniz. O bütün yazılarınızı sifariş edir, kitablarınızı alırdı. Mənim eşitdiyim bircə şey var idi: "Barbara belə hesab edir", "Barbara isə bununla razı deyil". O tam mənası ilə məni dəli edirdi. Dalaşanda, eyni vaxtda iki qadınla – qız dostum və sizinlə savaşdığımı hiss edirdim. Ayrılanda sizi görməyə gözüm yox idi və sizi bütün problemlərimin səbəbkarı hesab edirdim.
Tam bir il qadınlarla dil tapa bilmirdim. Bir neçə ay bundan əvvəl dostum çox gözəl bir kitab oxuduğunu, kitabın düzgün partnyoru tapmağın yollarından bəhs etdiyini və "Mənə uyğun gəlirsinizmi?" adlandığını söylədi. Telefonda kitabdan bir neçə paraqraf oxudu və onun dedikləri mənə ağıllı və düzgün göründü. Nə kimi səhvlər etdiyimi anladım. "Əla, – dostuma dedim. – O kitabı oxumaq üçün mənə verə bilərsənmi? " Dostum razılaşdı və sabahısı gün gimnastika zalında görüşəndə üz vərəqində şəkliniz olan həmin o kitabı mənə uzatdı. Bu gözəl kitabın müəllifinin qadın, həm də mənim tərəf müqabilimlə münasibətlərimi darmadağın edən qadın olduğunu öyrənəndə, yəqin ki, mənim təəccübümü təsəvvür edə bilərsiniz.
Bütün mənfi rəyə baxmayaraq, kitabınızı götürdüm və oxudum. Əlbəttə, kitab elə başlanğıcdan məni "tutdu". Partniyorumun doğru olduğunu anladım, hətta ona zəng edib, oxuduğum kitabın adını söylədim. Onunla çox gözəl söhbət etdik. Odur ki, sizi burada görəndə, sizə yaxınlaşıb, artıq sizə nifrət etmədiyimi söyləməli idim. Əksinə, siz çox gözəlsiniz".
Bu kişini qucaqlayıb, xoş söhbətinə görə təşəkkür etdim. Dəfələrlə belə hekayətləri eşitdiyimi söyləsəm, yəqin ki, təəccüblənməzsiniz. Oxucularımın çoxu tez-tez kitablarımı intellektual silah kimi istifadə edirlər, mən də qeyri-ixtiyarı olaraq onların partnyorları ilə mübarizələrində müttəfiqlərinə çevrilirəm. Yəqin ki, belə yanaşma həmişə özünü doğrultmur və belə halları eşidəndə, dərindən təəssüflənirəm.
Sizə bir xahişlə müraciət edirəm: əgər siz bu kitabı sevdiyiniz kişi ilə bölüşmək istəyirsinizsə, BUNU SEVGİ İLƏ ETMƏNİZİ XAHİŞ EDİRƏM! Partnyorunuzun ünvanına istehzalı iradlar səsləndirməyin, mübahisənizin qızğın yerində sifətinin önündə kitabımı yellətməyin, məktubla birlikdə balış üzərində buraxıb getməyin: "Bax, sənə bu lazımdır!" Xahiş edirəm, mehriban olun, müsbət hisslərə köklənin. Belə olduqda kitabım diqqətəlayiq hesab olunarsa, partnyorunuz onu oxumaq istəyəcək və nə demək istədiyimi anlayacaq.
Kitabı partnyorunuza təqdim etmənizə dair bir neçə məsləhət:
– Ona növbəti "Kişilərə müraciət" fəslini oxumağı təklif edin. O dəqiqə kitabımın tərzini başa düşəcək və ola bilsin ki, onu axıra kimi oxumaq istəyəcək!
– Kitabda bu qeydlər yazılmış nüsxəni oxumağa verin: "Səni sevirəm və həmişə səninlə həm emosional, həm də seksual baxımdan gözəl münasibət qurmağı istəmişəm". Hədiyyənizin böyük təəssürat yaratması üçün məktubla yanaşı hər hansı bir erotik alt paltarı əlavə edin: "Bunu sənin üçün geyinəcəyim anı səbirsizliklə gözləyirəm!" O, bu kitabı oxuyub qurtaranda onu gözləyən mükafatın nə olduğunu o dəqiqə anlayacaq!
– Kitabda xüsusi işarə ilə qeyd edilmiş "Kişilər üçün" hissədən kiçik parçalar seçib ona oxuyun və bu barədə onun fikirlərini öyrənin. Bu yolla onda kitaba maraq oyadacaqsınız.
– Bu kitabı oxumaqda məqsədinizin onunla düzgün münasibət qurmağı öyrənmək olduğunu söyləyin və öyrəndiklərinizdən ona nümunələr verin. Belə olduqda o, kitabın yalnız ona aid olmadığını hiss edəcək.
– Rəfiqələrinizdən birindən bu kitabı dostunuza hədiyyə etməyi xahiş edin.
– Yataqda olanda seksə aid olan fəsildəki məsləhətləri ona oxuyun, sonra isə kitabın davamını sakitcə özünüz oxuyun. Bu yolla onda maraq doğura bilərsiniz, bəlkə də təkcə maraq yox...
– Kitabı vanna otağına qoyun, ən çox sevdiyiniz səhifələri qatlayın. Bir neçə həftə kitabı vanna otağından götürməyin.
Ola bilsin ki, siz artıq bunu ağlınızdan keçirmisiniz: "Partnyorum bunu HEÇ VAXT oxumayacaq". Mən isə sizin bu fikrinizə belə cavab verərdim: "Bu qədər özünüzə əmin olmayın!" Bu kitabın kişilər üçün maraqlı olmasını ürəkdən arzulamışam, bunun üçün əlimdən gələni etmişəm. İstəyirdim ki, kitab oxunaqlı olsun, onu fasiləsiz oxusunlar. Kişilər onları sevdiyimi bilirlər, bəzən onlar rəfiqələrindən və arvadlarından qəbul etmədikləri məsləhəti məndən qəbul ediblər. Uzun müddət sizin onlara deməyə çalışdığınız məlumatı məndən aldıqda, eşidəcəklərinə ümid edirəm. Bir şeyi qətiyyətlə demək olar: bu kitabı oxumuş istənilən kişi anlayacaq ki, bu kitabı məhz onun qadınları sevməsini asanlaşdırmaq, nə vaxtsa olmuş gərginlik və küsüşmələri, inciklik və anlaşılmazlıqları unutmaq üçün yazmışam. Və heç bir kişi əldə edilmiş belə gözəl nəticələrlə mübahisə edə bilməz!

Beləliklə, kitabı oxumağa kişiləri necə inandırmalı?
• Onu rəfiqənizin dostuna və ya ərinə hədiyyə edin – ona bu kitabın lazım olduğunu, rəfiqənizin isə bu hədiyyəyə görə sizə minnətdar olacağını bilirsiniz.
• Onu keçmiş sevgilinizə göndərməli. Əlaqənizin bitməsinə baxmayaraq, digər bir qadınla münasibət qurmaqda ona böyük kömək etmiş olacaqsınız. Əgər siz hələ də onu sevirsinizsə, onda bu kitab sizə qapıları aça bilər.
• Onu qadınlarla münasibət yaratmağı bacarmayan kişi dostlarınıza hədiyyə edin. Onların gələcək sevgililəri sizə minnətdar olacaqlar!
• Oxumaq üçün bu kitabı atanıza verin. Hələ gec deyildir, ananız da sizə minnətdar olacaqdır.
• Oğlunuz belə bir hədiyyəyə dəyər vermək yaş həddinə çatmışsa, ona da bu kitabı hədiyyə edin. Hər halda oğlunuzun bu informasiyanı başqa birindən almasını istəməzdiniz!


→ Kişilərə müraciət

Sizə elə də hiyləgər fənd işlətməyə əl ataraq, sevimli qadınınızı sakitləşdirə bildiyinizi və onun sizi özünüzdən çıxarmaqdan əl çəkdiyini bacardığınızı söyləsəm necə qəbul edərsiniz?
Bir an içində sevdiyiniz qadını sizin həmişə arzu etdiyi ideal partnyor olmanıza inandırmağı bacaran möcüzəli sözləri eşitsəniz necə olar?
Sevdiyiniz qadını sizinlə sekslə yaşamağı arzu etməyə vadar edəcək yolların sirrini öyrətsəm, nə baş verər?

Baxmayaraq arvadınız və ya rəfiqəniz tez-tez bu qəbildən olan kitabları sizə sırıyır, ancaq bu kitab heç də təkcə qadınlar üçün yazılmayıb.
Bu, heç də kişiləri hər şeydə günahkar olduqlarını inandırmağa çalışan feminist kitab deyil.
Oxuduqda münasibətlərinizi müstəqil qurmayan, əmrlərə tabe olan birisi olduğunuzu hiss etdirən dərslik və ya təlimatlar siyahısından ibarət deyil.
Bu heç də sizi qadına çevirən, sizləri cəsarətdən məhrum edən kitab da deyil.
Bu kitabı yazmaqda məqsədim, siz özünüzü daha da uğurlu, daha güclü hiss edəsiniz və şəxsi həyatınıza təsir etmək qabiliyyətinə malik olasınız. Bu kitabı yazmışam ondan ötəri ki, münasibətləriniz arzu etdiyiniz və istədiyiniz kimi qurulsun, bu münasibətlərdə arzu etmədiyiniz heç nə olmasın. Bu kitab xüsusi olaraq həyatınızın daha asan olması üçün yazılıb.
İyirmi ildir ki, minlərlə insanla işləyirəm və onların yarısı kişidir. Bütün yaşlardan və sosial statusdan olan kişilər şəxsi münasibətlərində onları narahat edən məsələləri bölüşmüş, qadınlarda onları həyəcanlandıran məqamlardan, sevgi və seksdən gözlədikləri barədə söhbət açıblar. Onları diqqətlə dinlədim və öyrəndiyim bunlardır:
Kişilər şəxsi münasibətlərinin uğurlu alınmasını arzulayırlar. Bu onlar üçün itirmək istəmədikləri yaxşı işdir.
• Onlar çətinlikləri, stress və qalmaqalı xoşalmırlar.
• Onlar sakitlik, harmoniya və dinclik arzulayırlar.
• Onlar sevgililəri ilə tez-tez və ehtiraslı seks yaşamaq istəyirlər.
• Onlar daim emosiyalara qapılıb qalmaq, sanki özlərini ev işlərini görmək məcburiyyətində olmuş kimi görmək istəmirlər.
• Onlar qadının onları az tənqid etmələrini, daha çox dəyər vermələrini istəyirlər.

• Qadının onlarla xoşbəxt olduğunu hiss etmək istəyirlər.

Bu kitab sadalanan məqsədlərə nail olmanız üçün yazılıb. Necə? Qadınları tanımağınıza kömək edəcəyəm. Onlarla ünsiyyət saxlamağı, özünüzü və tərəf-müqabilinizi xoşbəxt etməyin və məmnun olmasının yollarını öyrənəcəksiniz.
İndi isə sizə gözəl xəbərlərimi çatdırım.
Qadınların hansı cəhətlərinin xoşunuza gəlmədiyini çox gözəl bilirsiniz.
Mən bir şeyi anlamanızı istəyirəm: bütün bunlardan qurtulmaq mümkündür. Bəlkə də qadın sizə izah etməyə cəhd edib: "Bəlkə sən bunu elə yox, belə etsəydin, tamamilə başqa cür olardı". Və siz düşünürsünüz: "Hə, elədir ki, var". Ancaq mən sizə bilə biləcəyiniz ən böyük qadın sirrini demək istəyirəm:
Qadınla nə etməyi və nə haqda danışmağı bilsəniz, onda xoşunuza gəlməyən hər şeydən xilas olacaqsınız.
Siz düşünürsünüz ki, doğru olmaq çox yaxşıdır? Xeyr, bu belə deyil. Bu kitabı ona görə yazmışam ki, siz lazımi informasiyanı əldə edəsiniz, həm də bu informasiyanı məntiqli, aydın və anlaşılan şəkildə ardıcıl düzmüşəm. Bütün bunlar sayəsində sevdiyiniz qadınla həmişə sizə arzuladığınız məmnunluğu gətirən və heç bir səy tələb olmadan şad, sevincli münasibətlərin qurulması mümkündür.
Bu kitabın dəyərli olduğuna inandınızmı? Cavabın müsbət olacağına ümid edirəm!
→ Nə qədər çox bilsəniz, bir o qədər də güclü və uğurlu olacaqsınız.
Bu yaxınlarda bir qrup insan qarşısında məruzə ilə çıxış edirdim və bu kitabdan öyrənə biləcəklərindən danışırdım. Suallara cavab verərkən, mənə bunları söyləyən kişiyə gözüm sataşdı:
– Mən sizin "maço" adlandırdığınız kişi tipinə aidəm. Sizin dediklərinizlə razılaşmaq mənə çətindir. Mənə elə gəlir ki, siz məni arvada çevirmək istəyirsiniz, istəyirsiniz ki, mən qadın kimi hərəkət edim və düşünüm.
– Niyə sizin qadın olmanızı istədiyimi düşünürsünüz? – mən təəccübləndim.
– Əgər mən daim arvadımın nə istədiyini düşünsəm, sizin dediyiniz kimi onun üç müqəddəs tələbini yadımda saxlasam, onun xoşbəxt olması üçün hər şeyi edəsi olsam, məgər qadına çevrilmirəm?
– İcazə verin, sizə bir sual verim, – mən dedim. – Avtomobiliniz varmı?
Kişi başını yellətdi.
– Yaxşı maşındı? Onu uzun müddətə yaxşı vəziyyətdə saxlamaq istəyirsinizmi?
– Təbii. Onu cəmi-cümlətanı bir neçə ay bundan əvvəl almışam.
– Sükan arxasına keçməmişdən öncə sürücülüyə dair təlimatı oxumusunuzmu?
– Əlbəttə!
– Həmin təlimatda maşının necə idarə olunmasından, hansı yanacaqdan istifadə edilməsindən, problemləri aradan qaldırmaq üçün hansı təhlükəli əlamətlərə fikir verməkdən, texniki nəzarətin keçirilmə vaxtından, avtomobilin qeydinə qalınmasından danışılır.
– Düz deyirsiniz, – müsahibim razılaşdı.
– Onda, – mən gülümsədim, – maşınınız haqqında hər şeyi öyrəndikdə, onunla necə davranılmasını bildikdə, məgər siz maşına çevrildiniz? Məgər siz təlimatı oxuduqdan sonra özünüzü maşın hiss etdiniz? Məgər maşını sizə satan və təlimatı verənə "Ey cavan oğlan, məgər sən mənim maşına çevrilməmi istəyirsən" dediniz?

Tamaşaçılar güldülər, kişinin özü də onlara qoşuldu, çünki etiraz etməyə sözü yox idi.
– Maşınınız sizə çox əzizdir, – mən söhbətimə davam etdim. – Siz ona pul vermisiniz. Təbii, siz qoyduğunuz vəsaiti qorumaq və maşının yaxşı işləməsi üçün lazım olan hər şeyi öyrənmək istəyirsiniz. Yanınızda mənim sözlərimin ürəyincə olduğunu hiss etdiyim bir qadın əyləşib. Onun sizin həyat yoldaşınız olduğunu düşünməkdə səhv etmirəm ki?
– Bəli, o məni çıxışınıza gəlməyə razı salıb, – müsahibim güldü.
– Onda sizə bunları deyim. O sizin kapitalınızdır, özü də maşına qoyduğunuz puldan da böyük kapitaldır, mənə inanın! Onda niyə siz onun da "normal işləməsi" üçün, əgər belə demək mümkündürsə, lazım olan hər şeyi öyrənmək istəmirsiniz? İnanın mənə, bunu etməklə siz qoyduğunuz "vəsaiti" qoruyacaqsınız... və sizin həyatınız daha gözəl və xoş olacaq!

Dinləyicilər məni xeyli alqışladılar. Kişi mənə təşəkkür etdi, əyləşdi və onu bu toplantıya gətirməsindən məmnun olması açıq-aydın görünən arvadını öpdü.

Söhbətlərim zamanı avtomobil misalına tez-tez müraciət edirəm, çünki bu, fikirlərimi daha aydın şəkildə onlara çatdırmağa imkan verir. Yalnız sizə (qadınlara) doğma və əziz olan məsələləri bilməklə, kişilər onlara məxsus olanları müdafiə etməyi və qeydinə qalmağı anlaya bilərlər.
Arvadınıza və ya rəfiqənizə nəyin əziz olduğunu öyrəndikdə, kişi olaraq siz daha da güclü olacaqsınız. Bu heç də sizin zəif və tez inciyən birisi olmanızı ifadə etmir.

Həyatın digər sahələrində öyrənmək, təkmilləşmək və açıq olmaq olduqca asandır. Siz heç vaxt yeni avtomobildən, videomaqnitofon və ya kompüterdən istifadə etmək təlimatını oxumağın əksinə çıxmazsınız. Vacib müştəri üçün çox gərəkli təqdimat keçirməyi planlaşdırarkən, siz hər şeydən öncə onda yaxşı təəssürat yaratmaq üçün onun və firması haqqında mümkün olduğu qədər çox şey öyrənmək istəyəcəksiniz. Axı siz heç vaxt rəisinizə "Nə deyəcəklərim haqqında məsləhətə ehtiyacım yoxdur. Daim mənə göstəriş verməyinizdən əl çəkin!" deyə bilməzsiniz. qolf, tennis və ya digər idman növü ilə məşğul olmaq istəyəndə, siz əvvəlcədən çoxlu ədəbiyyat oxuyacaq və təcrübəli məşqçiyə müraciət edəcəksiniz. Belə vəziyyətdə təkidlə sizin heç bir köməyə ehtiyacınızın olmadığını deməyəcəksiniz, əgər siz kömək barədə digər adamlardan məsləhət istəsəniz, özünüzü axmaq yerinə qoymuş olarsınız.
Razılaşın ki, mən düz deyirəm. Şəxsi münasibətlər – həyatımızda etdiyimiz ən dəyərli, ən vacib kapital qoyuluşudur. Qadınlar və məhəbbət haqqında nə qədər çox bilsəniz, daha yaxşı ər və sevgili olacaq, şəxsi həyatınızı daha asan idarə edə biləcəksiniz.
Bu yaxınlarda Nyu-Yorka uçurdum. Yanımda Asiya ləhcəsində danışan kişi əyləşmişdi. O, Asiya firma və iş adamları ilə səmərəli əməkdaşlıq məsələsi üzrə böyük şirkətlərin məsləhətçisi idi. Öz sahəsinin mütəxəssisi hesab edilirdi və əməkdaşları yaponiyalı, çinli və sinqapurlu tərəfdaşlarla ünsiyyət qurmaq üzrə təlimləndirdiyinə görə şirkətlər ona böyük məbləğdə pul ödəyirdi. O, firmaların Asiyada iş qurduqları zaman üzləşdikləri maraqlı hallardan geniş söhbət açdı:
"Təəccüblüdür, mədəniyyətlər arasındakı necə böyük fərqlilik vardır! Halbuki bir neçə asan yolla səmərəli ünsiyyət qurmaq olar və bu, milyon dollarla gəlir gətirə bilər. Uğurla uğursuzluğu olduqca nazik bir sərhəd ayırır".

Bu ağıllı adama qulaq asdıqca, şəxsi işim barədə düşünməyə bilmirdim. O sözünü bitirəndə, dedim:
– Deyəsən, biz eyni işlə məşğul oluruq.
– Doğrudanmı? – o təəccübləndi. – Siz də müxtəlif mədəniyyətlər sahəsində məsləhətlər verirsiniz?
– Buna oxşar bir işlə, – mən gülümsədim. – Mən kişi və qadınlara bir-birilərini anlamağı öyrədirəm.
– İşinizin mənimkindən çox-çox çətin olmasına şübhəm yoxdur, – həmsöhbətim gülümsədi.

Hazırlıqsız işgüzar adam müxtəlif mədəniyyətlərə aid olan tərəfdaşlarını hazırlıqsız anlaya bilmədiyi kimi, sizə də (kişilərə) yalnız sevdiyiniz üçün qadınları anlayacağınız heç vaxt mümkün deyil! Niyə? Siz özünüz də bunun cavabını çox gözəl bilirsiniz: qadınlar və kişilər müxtəlif mədəniyyətlərə aiddirlər. Hələ qadın olaraq, biz bəzən bir-birimizi başa düşmürük. Və əgər biz öz hərəkət və əməllərimizi anlamırıqsa, sizin onları anlayacağınızı necə düşünmək olar? Bu kitabımı oxuyanda onun yalnız kişilərin qadınları başa düşmələrinə deyil, həm də qadınların özlərini anlamalarına, sizinlə səmərəli və düzgün ünsiyyət qurmalarına, eşidilmələri üçün danışmaq qaydalarını öyrənməyə kömək etmək məqsədilə yazıldığını qəbul edəcəksiniz.



Qadınlar kişilərin onlar haqqında nələri bilmələrini istərdilər

Kitabımı sevdikləri qadınların və onları sevən qadınlar adından kişilərə ünvanlanmış müraciətlə başlayıram.
Kişilərin bizi anlamalarını, kim olduğumuzu duymaq istəklərinin olmasını və niyə məhz bunu əldə etməyə can atdığımızın səbəbini bilmələrini istəyirik.

Bizi başa düşmədiyinizi anlayanda, bu çox incidir və ağır gəlir.
Ancaq bu da həqiqətdir ki, biz də bəzən özümüzü anlamırıq.
Məsələn, güclü və özünə inanan bir qadın, necə ola bilər ki, bir dəqiqədən sonra zəif və gücsüz birinə çevrilir?
Qadının özünü gah güclü ilahə, gah da köməksiz balaca qız kimi hiss etməyə nə vadar edir?

Niyə biz hamıya kömək etməyə, hamını həvəsləndirməyə və müdafiə etməyə hazır olduğumuz halda, özümüz üçün bunların heç birini edə bilmirik? Niyə biz asanlıqla başqalarına müdrik məsləhətlər veririk, ancaq özümüz onlara riayət etmirik?

Niyə biz eyni vaxtda asanlıqla milyon işin öhdəsindən gəlirik, sonra isə çox ağır yükün və böyük məsuliyyət qarşısında qollarımızı sallayırıq?
Niyə bəzən biz harasa çəkilib, hər şeydən uzaqlaşmağı və qayğılarımızı başqasının çiyinlərinə atmağı çox istəyirik?

Bu dərəcədə dərindən və ehtirasla sevmək üçün gücü haradan alırıq?
Niyə biz belə asanlıqla başqalarının arzu və tələblərini yerinə yetirmək üçün şəxsi arzularımızı və tələblərimizi qurban veririk?

Niyə biz beləyik?

Kişilər də bizim haqqımızda eyni sualı özlərindən soruşurlar. Bunu etiraf etməyə hazırıq, ya yox, ancaq biz də öz haqqımızda olan eyni sualları özümüzə veririk. Sevindirici hal odur ki, verilən sualların cavabı var; bu cavablar bizim necə hiss və hərəkət ediriksə, niyə elə də hiss və hərəkət etdiyimizin izahını verir. Kitabımda bu suallara cavab tapacaqsınız. Və bu cavablar qadınlar kimi kişilərə də faydalı olacaq. Onlar qadın təbiətinə, dərrakəsinə və ürəyinə, onun arzu və tələblərinə aydınlıq gətirəcəkdir.

İcazə verin sizi heç olmasa, bir anlığa qadın ürəyinə dəvət edim. Aşağıda oxuyacağınız hekayələr özünüdərketmənin necə çətin mübarizə olduğunu sizə nümayiş etdirəcək.

Sevdiyiniz kişinin biznesə aid olan əsaslı qərarlar verməklə əlaqədar ağır günlər keçirdiyini bilirsiniz. O, narahatdır və sizə yetərincə diqqət yetirə bilmir, ancaq ona çox kömək etmək istəyirsiniz. Bir dəfə şam yeməyindən sonra onun vəziyyəti, baş verənlər, problemin həll edilmə yolları, birgə atıla biləcək addımlar barədə düşüncələrinizdən söz açırsınız. Ancaq sizin bu hərəkətinizdən məmnun qalmaq əvəzinə, onun daha da qaşqabaq tökdüyünü müşahidə edirsiniz. Budur, onun tamamilə sizdən təcrid olunduğunu hiss edirsiniz, sanki o heç sizin dediyiniz sözləri eşitməyib.
– Nə olub, əzizim? – siz təşviş içində soruşursunuz.
– İşlərimi müstəqil olaraq həll etmək istəyirəm, – o sərt cavab verir. – Sənin məsləhətlərinə ehtiyacım yoxdur.
– Ancaq mən kömək etmək istədim... – Mən pərt halda cavab verdim.
– Bəlkə məni sakit buraxasan? Məgər mənə etibar etmirsən? – O özündən çıxır. Mənə əmr verməyə və nəzarət etməyə başlayanda, dözə bilmirəm!

O, otaqdan çıxır, qapını çırpır.
Siz isə oturub ərinizin gedişini seyr edirsiniz. Ağrıdan ürəyiniz sıxılır, gözləriniz isə yaşla dolur. Onun dalınca qaçmaq istəyirsiniz, ancaq hisslərinizi, ona kömək etmək və dəstək olmaq istədiyinizi ifadə etmək üçün lazım olan sözləri seçə bilmirsiniz. Və sizin bütün səyləriniz nəticəsiz qalır. Vəziyyət daha da gərginləşir. Siz uğursuzluğa düçar olduğunuzu hiss edirsiniz. Qəlbinizin dərinliyində şübhələr yaranmağa başlayır: "Bəlkə o düz deyir? Bəlkə doğrudan da ona nəzarət etməyə çalışıram?"

Çoxdan gözlədiyiniz bayram gəlir və siz onu dostunuzla birgə keçirmək istəyirsiniz. Bunu onun söyləməsini gözlədin, ancaq o susur və siz narahat olmağa başlayırsınız. Axşam telefonla danışarkən sizi narahat edən məsələ barədə özünüz söhbət açırsınız.
– Sən artıq bayramı necə keçirəcəyini düşünmüsən?
– Hələ yox, – o cavab verir.
– Nə etmək olar, – siz bir az pərt halda deyirsiniz. – Ümid edirdim, birlikdə keçirərik. Bəlkə bir yerə gedərdik.
O susur, bir neçə dəqiqədən sonra narazı halda deyir:
– Bu barədə sonra danışarıq.
Niyə sonra? Bununla nə demək istəyir? Siz əsl vəlvələyə düşürsünüz.
– Sən bayramı mənimlə keçirmək istəmirsən? – titrəyən səslə soruşursunuz.
– Əlbəttə, istəyirəm, – hirslə cavab verir. – Amma hər şeyi öncədən planlaşdırmağa nə ehtiyac var? Məgər biz bunu qəfildən edə bilmərik? Sən elə həmişə bu və ya digər məsələ barədə narahat olmalısan?
Buna nə cavab verəcəyinizi bilmirsiniz. Yalnız onu bilirsiniz ki, bayram günlərində onunla birlikdə olmanıza əmin olsaydınız, özünüzü daha yaxşı hiss edərdiniz. Ancaq bu barədə artıq dediniz, daha deməyə heç nə qalmadı. Söhbət kəsilir. Siz dəstəyi asırsınız, ancaq ürəyiniz sizi incidir və ağrı heç vəchlə kəsmir. Və siz düşünürsünüz: "Bəlkə o düz deyir? Bəlkə elə doğrudan da mən çox narahat oluram?"

Əriniz ezamiyyətə gedib. Lazım olan məntəqəyə çatdıqdan sonra o, zəng edib, sağ-salamat mənzil başına çatdığı və axşam işgüzar tərəfdaşı ilə şam yeməyində olacağını söyləyir. Axşam yatanda telefonun zəng çalacağını gözləyir. Bir neçə dəfə mehmanxanaya – ona zəng edirsiniz, ancaq əriniz cavab vermir. Siz ona telefonla bir neçə məlumat göndərirsiniz, ancaq yenə də heç bir cavab almır, gözləyir, gözləyir, gözləyirsiniz. O, zəng etmir... Gecə saat ikidir və narahatçılıqdan yata bilmirsiniz. Bu haradadır, niyə bu vaxta qədər zəng etməyib? Niyə o zəng edib, bizə "Gecəniz xeyrə qalsın" demək istəmir? Sonda siz narahatlıq içində yuxuya gedirsiniz.

Növbəti gün ərinizdən zəng gələcəyi ümidlə yuxudan oyanırsınız, ancaq telefon yenə də susur. Ona haqq qazandırmaq istəyirsiniz, ancaq özünüzü inandırmaq çətindir. "Deyək ki, axşam yorğun olub, səhər ki, zəng edə bilər!" Saatlar keçir, zəng yoxdur ki, yoxdur. Narahatlığınız artaraq paranoyyaya keçir. Siz artıq ən pisini düşünürsünüz. "Bəlkə nəsə olub, – fikirləşir. – Birdən xəstələnər? Bəlkə məndən qaçır?" Və sonra ağlına ən dəhşətli fikir gəlir: bəlkə o başqa qadınladır?
Nəhayət, axşam əriniz zəng edir, amma özünü heç nə olmamış kimi aparır.

– Nəyə görə nə axşam, nə də səhər zəng etmədin? – həyəcanla soruşursunuz. – Çox narahat oldum.
– Mən ki, sənə hava limanından zəng etmişdim, – o, təəccüblə deyir. – Axşam elə yorulmuşdum ki, şam yeməyindən sonra yıxılıb yatdım. Səhər isə başqa bir görüşə hazırlaşmalı idim. Çox məşğul idim. Sənə sonra zəng edəcəkdim.
Narahat olduğunuzu izah etməyə çalışırsınız, ancaq boş yerə. Sizə elə gəlir ki, səsiniz inamsız və ağlayan sayağı səslənir. Əriniz sizə qulaq asır, ancaq onun reaksiyasından əsəbiləşdiyi hiss olunur.
– Məgər mən hər bir addımım barədə sənə hesabat verməliyəmmi? – o, acıqlı-acıqlı soruşur. – Sənə zəng etmədiyim üçün bütün gecəni yatmamısan?

Danışıq xoş olmayan notla bitir. Dəstəyi asır və özünüzü çox pis hiss edirsiniz. Siz, sadəcə, onun üçün darıxdığınızı izhar etmək istədiyinizi bildirmək istəyirdiniz. Sizin narahat olduğunuzu niyə anlamır axı? Narahat olmanızda qəbahət nə var ki? Əgər o uzun müddət zəng etməzsə və zəng edərkən dəstəyi qaldırmazsa, narahat olmanızda təəccüblü nə var ki? Bəlkə də o doğru deyir? Siz düşünməyə başlayırsınız: "Bəlkə mən düzgün etmirəm? Bəlkə mən ondan çox şey tələb edirəm?"

Əksər qadınlara bu situasiya və emosiyalar çox yaxşı tanışdır. Bu və ya digər dərəcədə partnyorla ünsiyyət zamanı biz eyni hissləri keçirmişik. Bizim üçün büsbütün təbii olan məsələlərə kişilərin reaksiya göstərməsi bizi təəccübləndirir. Həddən artıq çox şey istədiyimiz barədə düşünməyə başlayırıq. "Bu normaldırmı?" – özümüzdən soruşuruq.

Kişilərin bu hekayəni tamamilə başqa hisslə oxuduqlarından əminəm. "Bu da sizin üçün qadınların kişilərdən anlaşılmayan şeylər istəməsinə və onları özlərindən çıxarmasına ən gözəl nümunə!" – siz öz-özünüzə deyərdiniz. Və siz tamamilə düzsünüz. Bu ssenarilər tipik olur: qadınlar çox hallarda özlərini kişilərə məlum olmayan tərzdə aparırlar və bu hal onları çox əsəbiləşdirir.

Anlamadığımız adamı günahlandırmaq çox asandır. Əgər qarşılıqlı münasibətlərdə müdrik və sağlam düşüncə əsas götürülməzsə, onda münasibətlər başlamadan bitə bilər. Qadın xarakterinin unikal və müstəsna xüsusiyyətləri heç də kişilərə o qədər gözəl görünmür. Bəzən qadınlar belə özlərini anlamırlar. Ancaq qadın təbiətinin sirlərini dərindən öyrəndikcə, bir vaxtlar sizi çıxılmaz vəziyyətdə qoyan məsələlər aydın olacaqdır. Sizə mümkün olmayan məsələlər indi gözəl görünəcək, əsəbiləşdirən məqamlar isə xoşumuza gedəcəkdir.

Kitabın bu fəslini yazmağa başlayanda, qarşıma çox sadə bir məqsəd qoymuşdum. Bizə və sevdiyimiz kişilərə hisslərimizi və davranışımızı anlamağa kömək edəcək qadın təbiətinin bəzi sirlərini sizə açmaq istəmişəm. Öncədən aparılan tədqiqatlar zamanı qadınlara suallar verirdim:
"Sevdiyiniz kişiyə özünüz haqqında nəyi izah etmək istərdiniz? Qəlbinizin hansı dərinliyinə kimi ona ürəyinizi açmaq istərdiniz?"
Partnyorunuza qadın təbiətinin hansı xüsusiyyətini açmaq istərdiniz? Hansı cəhətiniz sizi tamamilə ondan fərqləndirir? Niyə siz dünyanı ondan fərqli olaraq tamamilə başqa cür dərk edirsiniz?

Növbəti fəsillərdə qadınların kim olduğu, onlar niyə olduqları, kimi olmaları və kişilərin onları necə sevmələri barədə bütün fikirlərimi bir araya gətirməyə çalışacağam. İlk bir neçə fəsil qadını kəşf etmək istəyən hər kəsin anlamalı olacağı üç əsas xüsusiyyətə həsr edilmişdir. Məhz bu üç xüsusiyyət sayəsində qadınlar başqa cür deyil, olduqları kimi davranır, hiss edir və danışırlar. Bu üç xüsusiyyət hansılardır?

Qadınların üç əsas xüsusiyyəti
• Qadın üçün əsas sevgidir.
• Qadınlar təbiət etibarilə yaradıcıdır.
• Qadınlarda vaxta tamamilə fərqli münasibət var.


4, 5 və 6-cı fəsillərdə hər bir qadına məxsus üç gizli tələbindən halı olacaqsınız.
Burada siz kişiləri ən çox maraqlandıran suala cavab tapacaqsınız: "Görəsən, həqiqətən də mən elə bir iş görməyə qadirəm ki, o (yəni qadın) şikayətlənməsin və xoşbəxt olsun?" (Bəli, qadirsiniz!) Və nəhayət, 7-ci fəsildə kişilərin qadınlar haqqında yeddi yanlış fikrindən (yeddi yanılmasından) söhbət açacaq və onların tamamilə səhv olduqlarını müzakirə edəcəyik.


(ardı var..)