- Hadisə
- 10:49
- 959
Dünya Bankının nümayəndələri ilə “Məşğulluğa Dəstək Layihəsi” üzrə görülən işlər müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Dünya Bankının sosial müdafiə və əmək üzrə komandasının üzvləri ilə görüş keçirilib. Görüş komanda üzvlərinin Azərbaycanda “Məşğulluğa Dəstək Layihəsi” üzrə nəzarət missiyası çərçivəsində baş tutub.
Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, aidiyyəti struktur bölmələrin rəhbərləri və Dünya Bankının müvafiq missiyasının üzvlərinin iştirak etdiyi görüşdə Sadiq Əliyev layihənin uğurla icra edildiyini və Dünya Bankı ilə sözügedən layihənin ikinci fazasına start verilməsi ilə bağlı danışıqlara başlandığını bildirib. İdarə Heyətinin sədri həmçinin qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə birlikdə özünüməşğulluq tədbirinin daha geniş əhali qruplarını əhatə etməsi və xüsusilə qadınların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə yeni zərf təkliflərinin hazırlanması istiqamətində iş aparılır. Sadiq Əliyev eyni zamanda, layihə çərçivəsində əmlaklarla təmin olunmuş şəxslərin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə Milli Observatoriya tərəfindən benefisiarlar arasında sorğu keçirildiyini də vurğulayıb.
Görüşdə Dünya Bankının sosial müdafiə üzrə baş mütəxəssisi və tapşırıq qrupunun sədri Anna Suxovanın rəhbərlik etdiyi missiyaya Azərbaycanda həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi”nin icra vəziyyəti ilə bağlı məlumat verilib, layihənin komponentləri üzrə görülən işlər müzakirə olunub. Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan “Məşğulluğa Dəstək Layihəsi”nin həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digərləri) kiçik biznesə çıxışına təkan verdiyi vurğulanıb.
Görüş əsnasında, eyni zamanda, “İş yerində təcrübə” və “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot layihələrinin hazırlıq durumu barədə məsləhətləşmələr aparılıb.
Həmçinin bildirilib ki, layihə çərçivəsində əmlaklarla təmin edilərək uğurlu fəaliyyət göstərən benefisiarlar bizneslərini təkmilləşdirmək üçün “Həvəsləndirmə mükafatları” müsabiqəsinə cəlb olunurlar. Artıq müsabiqədə qalib elan edilmiş 10 benefisiara əlavə avadanlıqlar təqdim edilib. Cari ilin sonunadək isə daha 100 nəfərə əlavə avadanlıqların verilməsi nəzərdə tutulub.
Görüşdə layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, sosial müdafiə və məşğulluq sahəsində uzunmüddətli tərəfdaşlığa dair məsələlər müzakirə edilib.
AzNews.az