Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb

Bakıda həyətində azyaşlı övladı qucağında avtomobil idarə edən sürücü qəza törədib.

Hadisə ötən gün paytaxtın Zabrat qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov qucağında 2018-ci il təvəllüdlü oğlu ilə BMW markalı avtomobilin sükanı arxasına oturub.

O, avtomobili yaşadığı evin həyətində idarə etərəkən uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

Uşaq hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda azyaşlının öldüyü yol qəzası ilə bağlı sürücülərə müraciət edib.

İdarədən verilən məlumata görə, müraciətdə deyilir:

"Təəssüf ki, hələ də azyaşlı uşağı qucaqda saxlamaqla avtomobil idarə edən şəxslərə rast gəlinir ki, bu da həm qanunazidd, həm də son dərəcə təhlükəli əməldir.

Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar.

Paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib, ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Övladını sükan arxasında daşıyan valideyn onun təhlükəsizliyini düşündüyünü zənn edir. Amma bəzən yol verdiyimiz səhlənkarlıq səbəbindən qəza anında düşünməyə vaxt qalmır".

Oktyabrın 20-də saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zabrat ərazisindən təcili çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən azyaşlının (kişi cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə həkim yanında ölüm faktı qeydə alınıb.

32 yaşlı şəxsə (kişi) isə ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alt çənə sümüyünün sınığı, qabırğa sümüyünün sınığı, üz və baş dərisinin sıyrılmış yaraları diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

AzNews.az