Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

Aznews.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

"Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, İT, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya müraciət edə bilərlər", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycanla Suriya Ərəb Respublikası arasında iqtisadi-ticari əlaqələr artım dinamikası nümayiş etdirir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Suriya Ərəb Respublikası arasında ticarət əməliyyatlarının həcmi 91,892 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 90,9 milyon ABŞ dolları və ya 92,1 dəfə çoxdur.

Azərbaycandan Suriyaya ixrac əməliyyatlarının əhəmiyyətli artımın səbəbi isə əbəs deyil. Belə ki, 2025-ci ilin avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycan təbii qazının Suriyaya ixracına başlanıldığı gündən (2 avqsut 2025-ci il) ötən ilin noyabrın 1-dək 52,501 milyon ABŞ dolları dəyərində 153,157 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.