- Hadisə
- 8 Yanvar 18:17
- 2 686
Xətai rayonunda ağaclar kəsilib, materiallar Baş Prokurorluğa göndəriləcək
Xətai rayonu Gəncə prospekti 23 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Aznews.az xəbər verir ki, Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
İdarənin rəisi Qafar Ağayev bildirib ki, əraziyə keçirilən baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.
Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Xətai rayon İcra Hakimiyyətinə məktub ünvanlanıb”.
Qeyd edək ki, Bakının Xətai rayonunun Əhmədli kəndində (Həzi Aslanov metro stansiyasının yaxınlığında) yerləşən ərazidə, Sovet dövründə yarımçıq qalmış, vaxtilə sıx ağaclar əkilmiş və hazırda hasarla əhatə olunmuş parkda ağacların bir gecədə kəsildiyi iddia edilir.
AzNews.az