Lerik rayonunda yolların buz bağlaması səbəbindən bir sıra kəndlərə gediş-gəlişdə çətinliklər qalmaqdadır.
Aznews.az xəbər verir ki, rayona beş gün əvvəl yağan qar əsas yollar üzrə təmizlənsə də, Kələxan, Kəlvəz, Mondigah, Çayrud, Barzavu və Cəngəmiran kəndlərinə gedən yollarda hələ də hərəkət məhdudiyyəti mövcuddur.
Lerik rayonu üçün strateji əhəmiyyət daşıyan Lənkəran–Lerik avtomobil yolu demək olar ki, qardan tam təmizlənib.
Bununla belə, yolun Lerikə yaxın, yüksəkliyə doğru olan bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşir.
Bildirilir ki, əsas problem axşam saatlarında yolların buz bağlaması ilə bağlıdır.
Qeyd edək ki, səhər saatlarında günəşli hava müşahidə olunsa da, axşama doğru temperaturun mənfi 5–10 dərəcəyədək enməsi yolların yenidən buz bağlamasına səbəb olur.