Azərbaycan və Misir arasında dini sahədə təcrübə mübadiləsi müzakirə edilib

Azərbaycanla Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin dini sahədə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Aznews.az xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasındakı görüşdə söhbət aparılıb.

Dövlət Komitəsinin sədri Misirə səfəri zamanı keçirilən görüşlərdə dini təhsil, maarifləndirmə və dini radikalizmə qarşı mübarizə sahəsində müzakirələrin aparıldığını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Misirin Dini İşlər və Vəqflər Nazirliyi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb.

R.Məmmədov Azərbaycanın dövlət-din siyasətinə dair ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan dünyada dini tolerantlıq və multikulturalizm nümunəsi kimi tanınır, dövlət dini etiqad azadlığını qoruyur, müxtəlif dini icmaların sərbəst fəaliyyətini təmin edir.

Səfir Houssam-Eldine Reda ölkələr arasında mövcud dostluq münasibətlərinin müxtəlif sahələrdə olduğu kimi, dini-mənəvi müstəvidə də inkişaf etdiyini vurğulayıb və qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini bildirib.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində islamofobiya və dini radikalizmə qarşı mübarizə, tolerantlığın təşviqi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə olunub.

image description image description