"Gəncə" rəsmisi: "Azərbaycan Kubokunun qalibi olmağımız əzmkarlığın, mübarizə ruhunun nəticəsidir"

"Gəncə"nin basketbol üzrə Azərbaycan Kubokunun qalibi olması əzmkarlığın, mübarizə ruhunun və klub rəhbərliyi tərəfindən ən yüksək səviyyədə göstərilən dəstəyin nəticəsidir.

Aznews.az xəbər verir ki, Bunu bölgə təmsilçisinin icraçı direktoru Elnur Cəfərov bildirib.

O, bu nailiyyətin klubun ikinci böyük uğuru olduğunu xatırladıb:

"2023-cü ildə də "Gəncə" kuboku əldə edib. Komandanın idarəçiliyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə keçdikdən sonra kluba diqqət daha da artırılıb və ən yüksək səviyyədə dəstək verilib. Bunun da nəticəsi kimi qısa zamanda Azərbaycan Kubokunun qalibi olduq. Çəkdiyimiz əziyyət hədər getmədi. Əzmkarlığın, mübarizə ruhunun və təbii ki, klub rəhbərliyi tərəfindən verilən dəstəyin sayəsində qalib olduq. Əla komandamız var. Məşqçilərimiz və oyunçular qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlmək bacarığına sahibdirlər. Bütün "Gəncə" azarkeşlərini təbrik edirik".

E.Cəfərov gələcək planlardan və avrokubok perspektivlərindən də söz açıb:

"Təbii ki, növbəti mövsümlə bağlı planlarımız var. Məqsədimiz gələcəkdə həm də Avropada Azərbaycan, Gəncə adına yarışmaqdır. Buna nail olarıqsa, sevinərik. Hazırda liqada mübarizə davam edir. Çempionatda da yüksək yerlərdə olmalıyıq ki, nəyəsə iddia edə bilək. Çünki Avropaya vəsiqə çempionatdakı nəticələrə əsasən müəyyənləşir. Avrokuboklara vəsiqə qazandıqdan sonra planlar haqqında düşünmək olar".

Qeyd edək ki, "Gəncə" Azərbaycan Kubokunun finalında "Sabah"ı 89:82 hesabı ilə məğlub edib.