Torpaqların dövlət ehtiyacları üçün alınmasının əhatə dairəsinin genişləndirilməsi təklif olunur

Azərbaycanda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun əhatə dairəsi genişləndirilməlidir.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputat Razi Nurullayev bildirib.

O, təklif edib ki, məşğulluq yönümlü iri və orta biznes layihələri qanunda ayrıca bənd kimi təsbit olunsun: "Bundan başqa, Mülki Məcəllənin 157.9-cu maddəsinə maddə əlavə edilsin ki, dövlət ehtiyacı anlayışı iqtisadi inkişaf və məşğulluğun artırılması məqsədilə həyata keçirilən, minimum 30 yeni iş yeri yaradan investisiya layihələrini də əhatə etsin. Biz bu anlayışa daha müasir və iqtisadi inkişaf yönümlü yanaşmalıyıq. ​Bu gün ölkəmizdə yüzlərlə biznes subyekti var ki, genişlənmək, istehsalı artırmaq, ixraca başlamaq istəyir. Onların bir çoxu torpaq məsələsinə görə illərlə gözləyir, prosedurlarda ilişib qalır. Halbuki həmin layihələr reallaşsa, hər biri 30, 50, 100 və daha çox yeni iş yerləri yarada bilər".