- Ermənistan və Gürcüstan
- 12 Noyabr 2018 16:48
- 2 872
Şimali Qafqazda nüfuz uğrunda savaş - I yazı
.jpg)
İrəvan və Şuşa məscidlərindən sonra İran, Şimali Qafqazdakı Azərbaycan məbədlərinə göz dikdi
Rusiya Federasiyasının etnik mənzərəsində yer alan ən qarışıq məkan və barıt çəlləyini xatırladan bölgə Şimali Qafqazdır. Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstan respublikaları, Stavropol, Krasnodar və Rostov vilayətlərinin etnik tablosu elədir ki, istənilən anda burda dinlərarası və xalqlararası münaqişələri körükləmək asandır. 170 min 439 kv. km. əraziyə malik bölgədə 10 milyona yaxın əhali yaşayır. Fərqli dillərdə danışan hər bir xalq öz etnik kimliyini və tarixi coğrafi ərazilərini qorumaq üçün bəzən digər xalqlara qarşı dözümsüzlük belə nümayiş etdirirlər. Bütün bunlar azmış kimi xaric dövlətlərin səssiz ekspansiya siyasətləri də yeni problemlərin yaranmasına səbəb olan amillərdən biridir.
Şimali Qafqaz və İran amili
Təməli XVIII əsrdə İngiltərənin “Ost İndia” korporasiyası tərəfindən Şərqin işğalı strategiyasının tərkib hissəsi “Hind-Avropa” nəzəriyyəsi yaradıldı, məqsəd mənşəyi Hindistanla bağlı olan icmaları öz tərəfinə çəkmək, Şərqin türklər tərəfindən idarə olunan üç nəhəng coğrafi məkanını(Osmanlı, Qacar və Baburi imperiyalarını) əlindən çıxarmaq idi. Bu, Orta Asiyanın, Səfəvilər və Osmanlı dövlətinin coğrafiyasını bəlirli sərhədlərə qədər sıxışdırmaq idi.
XX əsrdə gözlənilən hədəflərə nail olduqdan sonra, hakimiyyətə gətirilən Rza Pəhləvinin liderliyində “paniranizm” adı altında daha geniş üfüqlərin sərgilənməsinə başlanıldı.XX əsrin sonunda “Soyuq Savaş”ın bitməsinə, Pəhləvilər xanədanlığının çökməsinə baxmayaraq, İrandakı molla rejimi “paniranizm” doktrinasının prinsiplərini həyata keçirmək üçün daha geniş miqyasda hərəkətə keçdi. “Ermənistan-İran”, “Azərbaycan-İran”, “Dağıstan-İran”, “Şimali Osetiya-İran”, “Çeçenistan-İran”, “İnquşetiya-İran” iqtisadi-mədəni əlaqələr proyektləri adı altında müasir ekspansiya modellərinin tətbiqinə başladı.
Öncə Xəzər dənizində Rusiyanın ən güclü limanı sayılan Həştərxanda İranın konsulluğu açıldı. Daha sonra Tehran rejiminin mütəxəssisləri Şimali Qafqazı öyrənməyə başladılar.
İlk addım kimi Dərbənd şəhəri hədəfə alındı. Burada yaşayan azərbaycanlıların şiə etiqadlı olması İranın hədəflərinə yol açdı. Maxaçqala, Xasavyurt, Novolak, Doqquzpara, Dağıstan Odları rayonlarında din pərdəsi altında uzantılar irəli sürüldü. Hətta qeyri-rəsmi şəkildə gənclər “Kərbala”, “Məşhəd” və “Hələb” ziyarəti adı altında dini təhsilə cəlb edildi. O da bəllidir ki, Şimali Qafqazda yaşayan müsəlman əhalisinin əksəriyyəti müsəlman olsa da, sünnidirlər. Sufilik Şimali Qafqaz xalqlarının inancında önəmli xarakter daşıyır. Tehran hökuməti isə sufiliyin “mükəmməl” öyrənilməsi üçün fars dilinin tədrisi ideyasını ortaya atır.
İqtisadi və etnososial hədəflər
İran Rusiya ilə Orta Şərqdə isti münasibətlər gündəmə gətirməklə yanaşı, Şimali Qafqaz siyasətini də əlaltdan sürətli şəkildə inkişaf etdirmək kimi hədəfləri sərgiləyir. İranın iddiası budur ki, Türkiyə və Səudiyyə Ərəbistanı sünnilik adı ilə Şimali Qafqazda nüfuzunu artrırmaqla həm də bu xalqları Rusiyaya qarşı yönləndirir. “Qafqaz İslam Dövləti” (İmarət) və Suriyada İŞID tərəfindən döyüşənlərin Şimali Qafqaz əsilli olmaları kimi arqumentlərlə manipulyasiya siyasətini yürüdür. İranın Şimali Qafqazdakı əsas hədəfləri isə bunlardır:
1. Osetinləri, kürdləri, erməniləri, eləcə də Azərbaycan və Dağıstanın İrandilli icmalarını bir araya gətirməklə onları “Hind-Avropa” mənşəyi ideyası altında birləşdirmək;
2. Başda Dərbənd olmaqla Dağıstan və Şimali Qafqazın digər bölgələrindəki azərbaycanlılara məxsus diaspor təşkilatlarını nəzarətə almaq;
3. Şimali Qafqazın müsəlmanların sufilik cərəyanından istifadə edərək bu cəmiyyətləri öz hədəflərinə uyğun dolayı yolla idarə etmək.
Bunun üçün İranda bir sıra təhlil mərkəzləri yaradılmışdır. Ona görə də Rusiya ilə Orta Şərq münasibətlərində iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün regional əlaqələrin yaradılması taktikasından yararlanmağa çalışır. İran özünün kənd təsərrüfatı məhsulları və “halal ət” qidalarının ticarət şəbəkələrini yaratmaq üçün Şimali Qafqazda rəsmilərlə təmaslar qurmaqdan çəkinmir. Çünki, “Orta Şərq” siyasətində Rusiya-İran müttəfiqliyini prioritet kimi gündəliyə gətirməkdən zövq aldığını gizlətmir. 2013-cü ildə İranın Moskvadakı səfiri Mehdi Sənai Şimali Qafqaz səfərində prezident Vladimir Putinin Şimali Qafqaz üzrə regional nümayəndəliyində keçirdiyi görüşdə bu mühüm fakta işarə edərək öz hədəflərini nümayiş etdirməkdən belə çəkinmədi. Rusiyanın Yaxın Şərqdəki strateji hədəflərində yer alan “Şimal-Cənub Dəhlizi” layihəsini ən fəal şəkildə müdafiə edən Tehran rejimidir. İranın hədəfi Rusiyanın fövqəlrgüc statusundan yararlanaraq, Qərbin embarqo siyasətindən yayınmağı hədəf seçib.
Rusiyanın bir dövlət olaraq Yaxın Şərq siyasətindəki strateji maraqlarının qorunmasında İranın qucaq açması Qafqazın coğrafi əhəmiyyətini gücləndirib. Buna görə də İranın din pərdəsi altında bölgə xalqlarını öz tərəfinə çəkməyə çalışır.
Şimali Osetiyanı İranın “platsdarm”ına çevrimək təşəbbüsü
2014-cü ildə İranın Moskvadakı səfiri Mehdi Sənai yenidən Şimali Qafqazda zühur etdi. O, bu dəfə Şimali Osetiyanın paytaxtı Vladiqafqazda gəlmişdi. Yerli hökumət rəsmiləri ilə görüşdə “Hind-Avropa” nəzəriyyəsinin konsepsiyasını irəli sürdü. Yəni osetin və fars dillərinin eyni mənşədən olması səbəbindən qarşılıqlı tələbə mübadiləsi ideyası ilə birgə fəaliyyət təkliflərində bulundu. Şimali Osetiyanın iqtisadi baxımdan inkişafı üçün bir sıra yatırımları təklif etdi. Şimali Qafqazda islam mümarlığının ən nadir incilərindən biri olan və “Muxtarov Məscidi” adı ilə tanınan məscidin İranın nəzarətinə çevrilməsi, onun “Fars məscidi” adı altında bərpası təklifi də irəli sürüldü. Halbuki bu məscidi 1900-1908-ci illərdə azərbaycanlı milyonçu Murtuza Muxtarov müsəlman osetinlər üçün bir hədiyyə olaraq tikdirmişdir. Terek çayının sol sahilində inşa edilmiş məsciddə heç zaman təriqət və məzhəb ixtilafları yaşanılmayıb. Məscidin tikilməsi üçün hələ 1863-cü ildə Çar Ordusunda xidmət edən müsəlman tatar, inquş, osetin və digər xalqların nümayəndələrinin rəsmi ərizə ilə müraciətləri olmuşdur. Bu məscidin ilk imamları da hənəfi və şafi təriqətinə məxsus Sadiq Rəhimqul və Yusuf Murkili olmuşlar. İran tərəfi isə bütün bunlara göz yumaraq, məscidin nəzdində “İran Humanitar Yardım Mərkəzi” adlı qurumu yaratmaq təşəbbüsünü irəli sürübdür. Belə bir təşəbbüs vaxtilə Azərbaycanda “Emdade Xomeyni” humanitar yardım mərkəzi adı ilə fəaliyyət göstərmişdi və humanizm adı pərdəsi altında minlərlə azərbaycanlı vətəndaşını “paniranizm” siyasətinin içində assimliasiya etməyi də bacarmışdı. O da bəllidir ki, osetinlərin 70 faizinin xristian və 30 faizinin isə müsəlman olmasına baxmayaraq, İran hər iki qanadla “Hind-Avropa” nəzəriyyəsi əsaslarına uyğun şəkildə çalışmağı hədəf seçibdir. 2017-ci ildə səfir Mehdi Sənai “Əllamə Təbətabai adına Tehran Universiteti, “Şərif adına Tehran Texnologiya Universiteti”, “Firdovsi adına Məşhəd Texnologiya Universiteti” və “Şəhid Behişti adına Tehran Universiteti”ndə magistr təhsili məsələsi ilə bağlı bir sıra anlaşmalar imzaladı. “Şimali Qafqaz Federal Universiteti”nin rektoru Alina Levitskaya Rusiya Təhsil Nazirliyinin adından bu anlaşmaları təsdiq etdi.
Çeçenistanda “Şərqi Şimali Qafqaz” düsturu
1991-1994-cü illərdə Çeçenistanda Cövhər Dudaevin dönəmində paytaxt Qroznıda İrandan gələn missioner qruplar humanitar məqsədlər əsasında Çeçenistan üzərindən Şimali Qafqaza nüfuz etmək üçün bir sıra təkliflər irəli sürmüşdülər. Dudaev rejiminin ideoloqlarından biri olan, vitse-prezident Zəlimxan Yandarbiyevin vasitəsilə bir qrup çeçen gənci hətta İranın Tehran, İsfəhan, Yəzd, Şiraz, Qum şəhərindəki dini təhsil və universitetlərə göndərildi. Amma çeçen gənclər bir ildən sonra geri dönməli oldular. İranın rəsmiləri ilk dəfə 2016-cı ilin may aydında Çeçenistana gəldilər. İran “Milli Təhlükəsizlik Şurası”nın katibinin müavini statusu ilə Rza Seyfullahi Qroznıda “Şərqi Şimali Qafqaz” proyektini təklif kimi irəli sürdü. Bu, Qroznı mərkəz olmaqla Şimali Osetiya, İnquşetiya, Dağıstan və Çeçenistanın bir araya gətirilməsi idi. Çeçenistanın indiki başçısı Ramazan Qədirova təklifdə o da qeyd olunur du ki, bu proyektin əsasında Şimali Qafqaz müsəlmanları arasında uzlaşmanın əsas yolu budur. Bu, həm də İranla əlaqələrin inkişafına təkan ola bilər. İranın səfirliyinin elm və sənaye üzrə atteşesi Mehdi Galenovi təklif edirdi ki, tələbə mübadiləsi və iqtisadi əlaqələrin “Şərqi Şimali Qafqaz” regionunun inkişafı üçün ən böyük təkandır. 2007-ci ildə İranın səfiri Qulamrza Ənsari Şimali Qafqaz müsəlmanlarının sufilik üzərindəki ənənələrə uyğun dini baxışlarına istinadla “fars dilində təhsil” ideyasını irəli sürdü. O, Şimali Qafqaz respublikalarının bir sıra rəhbərləri ilə görüşündə “sufiliklə bağlı ən zəngin miras fars dilindədir və buna görə də fars dilini bilmək çox vacibdir”.
Dağıstanda gözəgəlimli təkliflər paketi
2016-cı ildə İranın səfiri Dağıstana gələrək “Şimali Qafqaz və İran arasında ticarət və iqtisadi əlaqələrin inkişafı” proyekti əsasında Maxaçqala və Dərbənd limanlarının modernləşdirilməsi, ticarət limanlarının işə salınması, dağlıq bölgələrdə kiçik həcmli Su Elektrik Stansiyalarının inşa ediməsi, “İran Mədəniyyət Mərkəzi”nin açılması və digər sahələrə yatırımlar qoyulması təkliflərini irəli sürdü. Bununla yanaşı onu da qeyd etmək gərəkdir ki, İranın Qum, İraqın Nəcəf (Kərbala) və Suriyanın Hələb şəhərlərində şiə inanclılarının müqəddəs türbələrin ziyarəti üçün Tehran rejimi ziyarətgah şirkətləri yaradıb. Beləliklə, Dağıstanda və xüsusilə Dərbənddə yaşayan azərbaycanlıların İrana meyilli sosial zümrəyə çevrilməsi prosesi inkişaf etməyə başladı.
2005-ci ildə Mahmud Əhmədinejad prezident seçildikdən sonra, İranın Dağıstana olan maraqları daha da artmış oldu. İranın Dağıstana yatırım təklifləri illərdir kağız üzərində qalıb. Ona görə ki, irəli sürülən iqtisadi layihələrin reallaşdırılması üçün yatırım qaynaqları olmalıdır. İndi İranın özü çox ağır iqtisadi və maliyyə böhranları ilə üz-üzədir. Yaranmış krizisdən çıxmaq üçün Rusiya ilə iqtisadi əlaqələrdən mümkün qədər bəhrələnməyə çalışır.
Həmid Məmmədli
AzNews.az
.jpg)
.jpg)
.jpg)