İHT: İranda narkotiklə əlaqəli cinayətlərə görə 11 şəxs edam edilib

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (İHT) son bir neçə gündə İranda narkotiklə bağlı cinayətlərdə günahlandırılan 11 şəxsin edam edildiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, İHT-nin verdiyi açıqlamaya görə, bazar və çərşənbə axşamı səhər saatlarında Zahidan Mərkəzi Həbsxanasında 11 bəlucistanlı, 9 İran və 2 Əfqanıstan vətəndaşı edam edilib.

Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər.

İHT bildirib ki, 2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayı 423 nəfərdir.

İranda terror, qətl, zorlama, silahlı soyğunçuluq və narkotik ticarəti kimi cinayətlər ölüm cəzası ilə cəzalandırılır.

İran hökuməti 2017-ci ilin aprelində qüvvəyə minən qanunun narkotiklə bağlı cinayətlərə görə cəzaların yüngülləşdirildiyini açıqlayıb. Həmin vaxt Ədliyyə Başçısı Ayətullah Sadik Laricani hakimlərə narkotik cinayətlərinə görə edamını gözləyən məhbusların işlərinə baxmağı tapşırmışdı.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk, may ayında verdiyi açıqlamada, ilin əvvəlindən may ayına qədər İranda əksəriyyəti narkotik cinayətlərinə görə məhkum edilmiş ən azı 209 nəfərin edam edildiyini bildirmişdi. Volker Türk İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə və ya bütün edamları dayandırmağa çağırmışdı.

Mövsüm