Prezident Rusiyanın Ermənistanla ticarət dövriyyəsindən danışdı: "Bu, sanksiyalardan yayınma mexanizmidir"

"Bilirsiniz, mən dəfələrlə Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün geosiyasi baxımdan çətinliklərdən, guya bəzi ölkələrin onun maraqlarına zərər vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin liderləri ilə görüşərkən həmişə deyirəm: “ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın”. Rusiya–Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ölkə telejurnalistlərinə verdiyi geniş müsahibədə danışıb. AzNews.az xəbər verir ki, dövlət başçısı deyib:

"Bu, sanksiyalardan yayınma mexanizmidir - onların dediyi kimi, paralel idxal və ya “boz zona” idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil, - biz bunu etmirik, - o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır".

AzNews.az