Milli Məclis “Uşaq hüquqları haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Aznews.az xəbər verir ki, qanun layihəsi 8 fəsil, 63 maddədən ibarətdir.

Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.

Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilir. Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları müəyyənləşir, azadlıq və şəxsi toxunulmazlıq hüquqları genişləndirilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir. Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

Layihəyə görə, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.

Uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəlik də müəyyənləşir. Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər. Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.

Qanun layihəsinə əsasən, uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var.

Layihəyə görə, təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək.

İstintaq proseslərində uşaqlarla əlaqədar psixoloqun iştirakı tələbi qoyulur.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Aznews.az