- Paytaxt
- 11:04
- 2 814
Revanşist düşüncələrin Ermənistana müsbət nəticəsi ola bilməz - Nazir
Ermənistanda revanşist düşüncəli şəxslər var, bunun müsbət nəticəsi ola bilməz.
Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Ermənistan indi böyük siyasi proses astanasındadır. Biz bilirik ki, bu yaxınlarda Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər Ermənistanın gələcək taleyi, ölkənin gələcək mərhələyə keçməsi baxımından bu seçkilərin nəticələrindən asılıdır. Orda, belə demək olarsa, gərgin mübarizə gedir və bu istiqamətdə müxtəlif qruplar müxtəlif alətlərdən istifadə edirlər. Əfsuslar olsun ki, Ermənistanda, Ermənistan siyasi dairələri arasında hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar məhz bu istiqaməti seçkiqabağı kampaniya zamanı da bunu büruzə verir, açıq şəkildə ittihamlar yağdırırlar. Təbii ki, biz hər birimiz başa düşürük ki, bunun heç bir Ermənistan üçün müsbət nəticəsi ola bilməz. Güman edirik ki, Ermənistan seçicisi də bunları düzgün qiymətləndirib öz seçimlərini edəcək. Azərbaycan dövləti hər zaman prosesləri diqqətlə izləyir. Biz bu və ya digər qrupların çıxışlarına nəzər yetirərək, siyasətimizi ilk növbədə Azərbaycanın milli mənafeləri, Azərbaycanın güclü, qüdrətli olması, regionun lider dövləti olaraq hər zaman irəliləməsi üzərində qururuq. Əminəm ki, belə də olacaq”, - deyə XİN başçısı qeyd edib.