Mətbuat Şurası İdarə Heyətinin ilk iclası keçirildi

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) 2016-cı ildə ilk iclası keçirilib.


Şuradan AzNews.az-a verilən məlumata görə, İclasda ilk olaraq qurumun 2016-cı il üçün iş planı müzakirə olunub. Plan yekdilliklə qəbul edilib.

Sonra MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun Şuranın 2015-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib.

Ə.Amaşov bildirib ki, ötən il rəhbərlik etdiyi qurumun fəaliyyətində iki başlıca xətt olub. Bunlardan birincisi şikayətlərin araşdırılmasıdır ki, bu da ümumi işlərin 54,1 faizini əhatə edib. Görülən işlərin 45,9 faizi müxtəlif istiqamətləri əhatə edən fəaliyyətdir.

Ə.Amaşov məlumat verib ki, 2015-ci ildə Şuraya ümumilikdə 659 müraciət daxil olub. Onlardan 310-u bilavasitə KİV-lərdə gedən materiallardan şikayətdir. 349 müraciət müxtəlif təklif və tədbirlərlə, o cümlədən cari məsələlərlə bağlı olub. 310 şikayətin 84-ü ayrı-ayrı vətəndaşlardan, 75-i dövlət idarə, müəssisə və təşkilatlarından, 69-u özəl müəssisələrdən, 44-ü özünüidarəetmə orqanlarından, 28-i ictimai qurumlardan, 10-u siyasi partiyalardandır.

Şikayətlərin 48,3 faizində qəzetlərin, 38,8 faizində internet saytların, 8,9 faizində informasiya agentliklərinin, 4 faizində isə jurnalların fəaliyyətindən narazılıq ifadə olunub. Narazılıqların 34,3 faizi şərəf və ləyaqətin təhqiri, 30,1 faizi işgüzar nüfuzun ləkələnməsi, 27,4 faizi qarşı tərəfin mövqeyinin işıqlandırılmaması, 3,1 faizi plagiat ilə bağlıdır. Narazılıqların 5,1 faizində motivlər müxtəlifdir.

MŞ Katibliyi prosedur qaydalara uyğun olaraq şikayətlərlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 310 şikayətdən 181-i həllini tapıb. Şikayətlərin 129-u komissiyalarda araşdırılıb. Bunlardan 87-nə Şikayətlər üzrə Komissiyada, 42-nə "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyada baxılıb.