Niyazi Mehdi Niyazi Mehdi

Bir adam

Niyazi Mehdi




Bu günkü Azərbaycan mühitində ikiüzlülüyün, riyanın öz dil, bildirmə vasitələri var. Ərəbcənin "riya" (riyakarlıq) sözünü oğuzun "ikiüzlü" kəlməsi yaxşı açır. Bu söz onu bildirir ki, altda əsl üz var, üstdə isə bu əsl üzü görünməz edən, ona tərs olan başqa üz var (tutalım, xain üzü xoş sifət görünməz edir). "İkiüzlü" sözü riyanın " anatomiyasını" açır, yəni xəbərsizlərə yaxşı adam maskasını taxmış adam yaxşı adam kimi göründüyü üçün bir üzdə görünür, "ikiüzlülük"sə anladır ki, sənə bir üzlü görünənin
arxasında başqa, əsl üz durur va fürsət gözləyir ki, "dişlərini çıxartsın"

(Bu, oğuzun, türkün "təcavüz", "saldırqanlıq" kimi mücərrəd anlayışların yerinə kəskin cizgili "şəkil" qoymasıdır - "dişlarini çıxarmaq" dünya haqqında fəlsəfə əvəzinə "kinematoqrafik" vasitə ilə düşünməyə barabər bir nəsnədir. Rusların dərin bir filosofu olan A. Losev deyirdi ki, əski yunanlar - düşüncəsi çox plastik olan bir ulusdur və sonra bundan yunan fəlsəfəsinin özəlliklərini çıxarırdı...İndi, azərilər də düşüncədə çox plastikdirlər, ancaq bundan onların mədəniyyətini anlamaq üçün istifadə edən hələ ki yoxdur).


"Biz bir adamıq!"

Bu cümlə Azərbaycanda ikiüzlülüyün çox yayılmış linqvistik vasitələrindən biridir. Bu cümlə, adətən, hansı bir sirri isə, guya bərkdən deyiləsi olmayan gerçəyisə söyləməkdən qabaq deyilir. Dörd-beş adam, özü də bir yandan birgə məclisdə olmaq qədər tanışlığı olan, ikinci yandan isə qazanca görəmi, siyasətə görəmi, vəzifəyə görəmi altdan-altdan bir-birinə xor baxan adamlar düşürlər bir süfrə başına və onlardan kimsə nəsə axmaq, zəhərli bir şeyi bu süfrədən qıraqda qalmış adam haqqında söyləməkdən qabaq məhrəm-məhrəm baxıb belə söyləyir: "indi, biz bir adamıq, onun üçün, deyirəm".

Niyə məhrəmliyi, birliyi bildirmək üçün hərəsinin öz başı, öz ayaqları, öz dili olan çoxlu adamların bir-birinin mərhəmliyini, birliyini bildirmək üçün bu "bir adam" deyim-görkü, yəni obrazı ortaya çıxır?

Mifologiya nə deyir?


Hindi dinində Puruşa deyilən tanrı var, bir mifologiyaya görə, o biri tanrılar bu Puruşanı parça-parça eləyib onun kəsimlərindən dünyanın çoxluğunu düzəldiblər. Beləcə, saçından meşələr yaranıb, nə bilim, qanından çaylar yaranıb və s.

Götürək elə özümüzə yaxın olan dini gələnəyi: adamlar hamısı Adəmdən, - bir kişidan yaranır, deməli, Adəm hamının sovrulub yığıldığı bir başlanğıçdır.

Fəlsəfə nə deyir?

Götürək əl-Fərabi kimi bizim Doğu, yəni Şərq filosofunu. O da toplumun birgəliyini anlatmaq üçün Adəm "modelindən" istifadə edirdi: onda hökmüdar olurdu baş, döyüşçülər olurdu qol və s.

Sözsüz, müsəlmanın süfrə başına yığışıb laqqırtı vuran kişiləri "indi biz bir adamıq" deyib nəsə zəhərli sözlərini bir-birinə etibar edəndə nə o mifolojini, nə o fəlsəfzni bilirlər. Ancaq söylədiklərim göstərir ki, hər adamın iç dünyası yalnız özünün görüb-götürdüklərinə bərabər deyil. Hər adam yaddaşsız, bilincsiz, yəni şüursüz şəkildə həm də mifoloji, hətta fəlsəfi və s., keçmiş və ya belə keçmişin qırıq-quruqlarını özündə daşıyır.

Həmin zəhərli, böhtançı sözünü demək istəyən adam deməzdən öncə möhkəmcə duyur ki, "nəyə görə sizə deyirəm?" problemini çözməlidir. Bunu "axı, biz bir adamıq" deyimi ilə həll edir, özü da bilmədən həmin deyimi ilə mifologiyanın enerjisinə arxalanır. Mifologiyada çoxalmanın kökündə duran güclü simvol "BIR ADAM", "Bir Ata"dır. Dünyanın bütün iyrənc məsələləri bu "BIR ADAM"dan qopub çoxluğa çevriləndən sonra başlanır, çünki çoxluğun hərəsi bir yana dartır, hərəsi bir şeyi istəyir, bir şeyi sevir (bu zaman bu darta-dartı sahmana, nizama salmaq üçün qanunlara gərək yaranır və görürsən ki, keçmiş toplumlarda bu qanunlar da "BIR ADAM"ın adından verilir, məsələn, Musanın qanunları, filan totemin tabuları və s.). Və insanlar ki, bu çoxluqlarında darta-dartdan üzülürlər "BIR ADAM"da yığıldıqları anın həsrətini çəkirlər, heç olmasa, qanunlar vasi¬təsi ilə Ona qayıtmaq istəyirlər. Həmin böhtançı, zəhərli adamlar "Bir Adama" yığıılmaq simvolunun enerjisindən, - və bunda da ikiüzlük var, - başqa məqsədlər üçün istifada edirlər, - yan-yörəsindəkiləri "bir adamıq" deyib birləşdirərək öz dəstəsini başqasına və ya başqalarına qarşı qoyurlar. Beləliklə, didişmələrdən qurtulmaq üçün enerji yayan "BIR ADAM" simvolu qruplar arasında didişmələri daha mobil quvvələrlə aparmaq vasitəsinə çevrilir.

Bugün bir çox dərd-bəla "BIR ADAM" simvolu ilə çoxlu adamlar və ya adamcıqların ilişgiləri üstündə qurulub. "BIR ADAM"ın guya vuran əli, eşidən qulağı olmaq istəyənlər, əslində isə bu simvolu özləri üçün, öz gərəkləri üçün gücləndirməyə çalışanlar...

Azərbaycan toplumunu "BIR ADAM" modelində qurmaq üçün, əslində, qurmaq üçün yox, guya ki qurulmuşluğu üçün TV-də, siyasi çıxışlarda çalışanlar və o biri yandan çoxluğun gerçəkliyini qəbul edib bu gerçəklik çərçivəsində, yaradıcılıq, axtarış situasiyasını qurmaq istəyənlər...toplumda bir fərq də bundan gəlir.