Kəramət Böyükçöl Kəramət Böyükçöl

Məni az düşün, ərin şübhələnər... – Keçmiş sevgilidən məktub

Kəramət Böyükçöl


Səni çoxdan unutmuşam, amma canımda ağrıların qalıb. İndi o ağrılar qoymur yaşamağa, bir tərəfdən də arzular yaxamdan əl çəkmir. Həyat dörd tərəfdən üstümə gəlir. Ürəyim elə döyünür, elə döyünür, elə bil içimə it bağlayıblar. Sanki bir addım geri qoysam əziləcəm. Belə yerdə ölməyə nə var ki? Yaşamaq çox çətindir. Düz yeriməyimə baxma, hər gün pis adamlar məni yüz yerdən əyir.

Xatirələr adama əzab verir, yaşamağa qoymur.

Bu yaxınlarda başıma bir hadisə gəldi, o saat səni düşündüm. Məktəbin qabağında sənə söz atan yuxarı sinif uşaqları yadına gəlirmi? Özü də yaman çox idilər. Mənsə həmişəki kimi tək... Dava düşdü. Məni məktəbin qabağındakı dar küçəin ən qaranlıq yerinə apardılar. Bildim ki, döyəcəklər. İstədim insan kimi danışım. Amma xeyri olmayacaqdı. Onlar üçün nə insanlıq, nə sevgi? Hamısı küçə uşaqları idi. Bəlkə içlərində kimsə sevmiş olsaydı, anlayardı. Mən qabaqda gedirdim, onlar arxamca gəlirdilər. Geri çönüb uşaqların birini qəfil vurdum. Çənəsi sındı. Ağzının qanı dayanmaq bilmirdi. Bunu belə vəziyyətdə görüb o biri dostları cumdular üstümə. Məni xeyli əzişdirdilər. Əməlli-başlı qorxmuşdum.

Həmin gün məni polis bölməsinə apardılar. Atam, anam da orda idi. Çənəsi sınan oğlan və valideynləri də gəlmişdi. Sənin atan və anan. Sən və mən. Rəisin otağında məni xeyli danladılar. Hamı məni günahlandırdı. Dedilər, xuliqanlıq eləmisən. Birdən sənin atan irəli yeriyib rəisin otağında mənə bir şillə vurdu. Şillə sifətimə açılan kimi mənim atam tez əlini üzünə apardı, atamın üzü ağrıdı.

Sən tez atanla mənim arama girib dedin?

- Ey! - atana dedin.

- Nə ey, az? - atan əsəbiləşdi.

- Vurma onu - bu sözü yavaşca dedin.

- Çəkil qırağa - atan hamının yanında pərt oldu.

- Ata, onu vurma, noolar - sən kövrəldin.

- Niyə? – atan cin atına mindi.

- Bilmirəm, ata, amma vurma - sən ağlaya-ağlaya dedin.

Onda səni it balasını qucaqlayan kimi qucaqlamaq keçdi ürəyimdən. Amma rəisin otağında yaxşı çıxmazdı. De görüm, ayrı nə var, nə yox? Məni az düşün, ərin şübhələnər. Nə vaxt yadına düşsəm, başını qaşı fikrin yayınsın. Ehtiyatlı ol, birdən çaşıb adım dodağından yerə düşər, kimsə görər.

Əslində, özümü ağıllı, hər şeyin yolunu bilən adam kimi göstərməyimə baxma, dərinə gedəndə elə mən də sənin günündəyəm. Elə bilirdim hər şey düzələcək. Biz bir-birimizi şikəst elədik. Adamın fiziki qolu, qıçı olduğu kimi onun içdə mənəvi tərəflər də var. Tutaq ki, sən mənim mənəvi qolumu, içimdəki ayağımı qırmısan. Ona görə yol gedəndə yıxılıram, yeriyə bilmirəm. Elə bil küçələri əlimdən alıblar. Belə unutmaq olar? Gör neçə ildi içimdə qara gözlü, qıvrım saçlı həyəcan gəzdirirəm. Harda sənə aid, harda səni xatırladan nəsə çıxsa qarşıma, o an həyəcanım baş qaldırır, qollarım boşalır.

Ürəyimi yoxlatmaq üçün həkimə getmişdim. Həkim dedi ki, güclü fikir eləyirsən. Ona görə ürəyində infarkta meyl yaranıb. Bir az istirahət məsləhət gördü. Dedi, dincəl, bir müddət problemlərdən uzaq ol. Qəfil həkimin telefonuna zəng gəldi. Telefonu açıb cavab verəndə içimdəki o həyəcan yenə baş qaldırdı. Zəng edən adam sənlə adaş idi. Elə bil içimdən külək keçdi, maşınlat şütüdü. İflicdən təzə-təzə ayılan adamlar kimi başımı yellədim.

Görəsən, mən harda istirahət edim ki, orda sənin adın olmasın? Harda dincəlim ki, ordan bizim mahnıların səsi gəlməsin?

Çox deyinmək də istəmirəm, hərdən sevgimiz haqqında elə danışırıq ki, elə bil söhbət xərçəng xəstəliyindən gedir. Axı bizim xoşbəxt günlərimiz də olub. O günlər yadındadırmı? Məscidin həyətində əl-ələ tutub gəzməyimiz yadındadırmı? Guya, mənə namaz qılmağı öyrədəcəkdin. Deyirəm, dəli olmuşuq, vallah. Guya, sən universitetə hazırlaşırdın. Heçə qəbul da ola bilmədin. Bu sevgiylə adam nəinki universitetə, heç kollecə da girə bilməzdi. Bu sevgiylə heç orta məktəbi də qurtarmaq mümkün deyildi, sadəcə direktor bizi başından elədi.

Mən qoyurdum ki, səni dərs oxuyasan?! Bütün günü bir yerdə sülənmədiyimiz yer qalmamışdı. Hələ gecələr telefonla danışmağımızı demirəm.

Yadıma gəlir, hərdən telefonun dəstəyini öpürdüm. Sənə deyirdim ki, dəstəyi qoy üzünə, sən də qoyurdun. Dəstəyi üzümə elə söykəyirdim, guya sənin əllərindi.

Məktəbdən çıxıb evə gələndə arxanca düşürdüm, gəlib yanına sənə yalvarırdım:
- Məni sevirsən?

Sən cavab verirdin:
- Bilmirəm.

Əslində, gözlərindən məlum idi sevdiyin. Amma səbirsizin biri idim. O sözü min dəfə, milyon dəfə dilindən eşitmək istəyirdin. Sən də tərsin biri idin. Bilirdin ki, ehtiyacım var, demirdin. Bütün yollara əl atırdım. Deyirdim mən duracam burda, sən gedib küçənizə dönəndə əlinlə bir işarə elə: bir barmağını qaldırsan, biləcəm ki, sevirsən, iki barmağını qaldırsan, demək ki, sevmirsən.

Yadıma gəlir, mən bu sözü sənə hökm kimi dedim. Guya daha sondur. Sevirsən sev, sevmirsən denən sevmirəm, çıxıb gedim, səni bir də axtarmayım. Guya səni qorxuzurdum. Sən də razılaşdın. Gedib küçəni içəri dönəndə nə etsən yaxşıdır? Mənə üç barmağını qaldırdın. Elə bil məni barmağına dolamışdın. Əsəbimdən səni söydüm.

- İtin qızı it... - dedim.

Səni sevdiyimə əmindin deyə üç barmaq qaldırdın. Yoxsa cəsarətin çatmazdı.
Həyat necə qəribədi. İndi o günləri xatirə kimi danışırıq. Doğrudan, gözəl günlər idi. Sən demə, ömrümüz arxada qalıb, qabaqda həyat yoxdur. O günlər bir də geri qayıtmayacaq. Kaş qayıdaydı. Kaş o günlərin heç olmasa, bir saatını yenidən yaşayaydım.

Son günlər yaman həssas olmuşam, hər şeylə zarafat etməyi bacaran, hamını, hətta özünü ələ salmağı bacaran mən sevgimizə gələndə tamam ayrı cür oluram. O günləri çox arzulayıram, o günləri. Necə gözəl olardı sənə söz atan oğlanlarla yenə dalaşaydım, kaş o gədələr yenə başlarına dəstə yıxığın məni döyməyə gələydilər. Duyunca döyüləydim onlara. Sənə görə döyüldükcə yerin rahat olur canımda. Döyüləndən sonra durub ağzımın-burnumun qanını üzünə-başına yaxa-yaxa küçə telefonundan sənə zəng eləyəydim:

- Güllü, dərsdən evə gəlmisən?

- Hə, nolub ki?

- Hazırlığa nə vaxt gedəcəksən?

- Kamran, indi çıxıram.

- Gəlirəm səni götürməyə, gözlə evə dəyib çıxıram.

- Evə nəyə dəyirsən? Tez gəl, gecikirəm hazırlığa.

- Yox, evə dəyməsəm olmaz, gözlə.

O vaxt sənə deməmişdim, evə ağzımın qanını yumağa getdim, üzüm-gözüm şişmişdi, utandım sənin gözünə görünməyə, yalandan özümü xəstəliyə vurub düz bir ay evdən çölə çıxmadım.

Bu məktubu başımı yelləyə-yelləyə yazıram. Hərdən də gülürəm. Anam gəlib otağımı təmizləyir, yerimi yığışdırır. Hərdən də üzümə baxıb deyir ki, dəli olmusan, öz-özünə niyə gülümsəyirsən? Məktubu yaza-yaza anam otaqda çarpayımın vəziyyətindən danışır. Deyir, niyə yerində adam kimi yatmırsan? Çarpayımda gecələr o üzə-bu üzə o qədər çevrilmişəm ki, yorğan gedib düşüb altıma, döşəyi yorğan kimi üstümə sərmişəm. O çarpayıda sənə görə o qədər ağlamışam ki... İndi ağlamaram, düzdü. Bir az ağıllanmışam. Yazıq çarpayım...