- Siyasi müzakirə
- 17 Oktyabr 20:49
- 2 157
“Paşinyan Putinlə görüşlərlə gərginliyi azaldıb” -Mübariz Göyüşlü

“Paşinyan Moskva ilə münasibətlərində əvvəlki dövrlərdə müəyyən yanlış addımlar atıb. Bu səbəbdən o, bir neçə dəfə Rusiyaya səfər edib və Putinlə görüşlər keçirərək müxtəlif məsələləri müzakirə edib. Beynəlxalq tədbirlərdə də aparılan görüşlər nəticəsində Rusiyanın Ermənistana qarşı ola biləcək siyasi təzyiqləri aradan qaldırılıb və iki ölkə arasında gərginlik azaldılıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, Moskva Ermənistandakı daxili siyasi proseslərə müdaxilə etmir və neytral mövqe nümayiş etdirir. “Hraparak” qəzetinin məlumatına görə, Kreml İrəvana siyasi emissar göndərməyi dayandırıb və Rusiyadan razılıq gözləyən erməni siyasi xadimləri ilə diplomatik əlaqədən imtina edir. Bundan əvvəl də Moskva Ermənistan siyasi qüvvələrinin seçki ərəfəsində maliyyə dəstəyi ilə bağlı müraciətlərini rədd etmişdi.
Siyasi şərhçi qeyd edib ki, Paşinyan əvvəl sərt mövqedə olsa da, regionun reallığını qəbul etməyə məcbur olub.
“Ermənistan Rusiya ilə sıx sərhəd qonşusudur və Moskvanın hər hansı hərəkəti ölkəyə ciddi fəlakət gətirə bilər. Bu reallıq Paşinyanı geri addım atmağa və anlaşmalar yolu ilə münasibətləri normallaşdırmağa istiqamətləndirib. Bu yeni mərhələ həm Rusiyanın regiondakı strateji maraqlarını, həm də Ermənistanın təhlükəsizliyini balanslaşdırır. Paşinyan Moskvanın tələblərini qəbul etməklə siyasi təzyiqləri aradan qaldırsa da, bu münasibətlərin uzunmüddətli stabilliyi hələlik tam təmin olunmayıb və gələcəkdə regiondakı gedişatlar vəziyyəti dəyişə bilər. Paşinyanın davranışı həm reallıqlarla barışmasının, həm də diplomatik manevrlərlə Ermənistanın maraqlarını qorumağa çalışmasının nəticəsidir. Bu vəziyyət, Kremlin və İrəvanın bir-birinə qarşı mövqelərini yumşaltması və regionda müəyyən stabilliyin qorunması baxımından əhəmiyyətlidir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az