“Bakıda vahid idarəçilik yoxdur“

Milli Məclisin büdcə ilə bağlı bu gün keçirilən iclasında çıxış edən millət vəkili Elmira Axundova rayonlarda aparılan bir sıra yenidənqurma və tikinti işlərini tənqid edib.

AzNews.az-ın məlumatına görə, deputat çıxışında bildirib ki, rayonlarda yeni təyin olunmuş icra başçıları özbaşına olaraq bazarları, evləri, hətta Heydər Əliyev Mərkəzlərini söküb yenidən tikirlər: "Guya ki, təmir edirlər. Buna əslində ehtiyac yoxdur. Bu büdcə vəsaitlərinin dağıdılması hesabına başa gəlir. Onların yenidən təmir olunması büdcəyə ziyan vurur. Bakıda tez-tez yeni salınmış asfaltın təzədən qazılaraq su, kanalizasiya və digər işlərin aparılmasının şahidi oluruq. Bu məsələlər Bakıda vahid idarəçiliyinin olmaması səbəbindən baş verir.

Hər bir sahəyə müvafiq qurum baxır və belə çıxır ki, Bakı şəhər İcra Hakimiyyəti hansısa iş görmür".

Yolların hasarlanması ilə bağlı məsələsinə də toxunan millət vəkili bildirib ki, bu hasarların arxasında çox kobud binalar gizlənir. E.Axundovanın sözlərinə görə, bu binaları gizlətməklə problemləri həll etmək olmaz, hasarlamaq əvəzinə bu binaları, evləri abadlaşdırmaq lazımdır.

İlkin Pirəli
AzNews.az