- Köhnə - Cəmiyyət
- 15 Aprel 2016 11:25
- 6 833
“Mitinqlərə ayağısürüşkənlər, oğrular da qoşulmuşdu” – Yunus Oğuz

“MİTİNQ OLSA, APARICILIQ EDƏRƏM”
Yazıçı, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuzun AzNews.az-a müsahibəsi:
– Yunus müəllim, siz neçə yaşınızdan bədii yaradıcılıqla məşğulsunuz?
– Sevməyə başlayandan yazmışam. (gülür) Təxminən, 15 yaşımdan...
– 15 yaşda nə yazırdız?
– Şeirlər, pyeslər... Düzdü, onları sandıq ədəbiyyatı hesab edirəm. Təbii, o yaşda professional bir şey yaza bilməzdim.
– Bəs peşəkar yaradıcılığa nə vaxtdan başladınız?
– 46 yaşında.
– Vaxt yadınızda necə dəqiqliyi ilə qalıb. 15 yaş, 46...
– Hamısı bəlkə də Allahın işidi... 46 yaşıma qədər çox yazmışdım, amma özümü peşəkar hesab etmirdim. Peşəkar ədəbiyyata isə "Atilla" romanı ilə başladım, sonra dalı gəldi.
– Maraqlıdır, yazıçı kimi qəbul olunmağınızda kiminsə rolu olubmu? Yəni ədəbi zövqünə, bədii-estetik dünyagörüşünə, intellektinə və şəxsiyyətinə inandığımız hansısa ciddi bir adam deyibmi ki, Yunus Oğuz ciddi yazıçıdır?
– Mənim bütün bədii əsərlərimin, romanlarımın ön sözünü Nizami Cəfərov yazıb. Nizami müəllim çox gözəl tənqidçidir, çox gözəl ədəbiyyatçıdır. Elə başa düşürəm ki, hörmətli professorumuza kimsə nəyisə irad tuta bilməz.
– Axı deyirlər, Nizami müəllim ön sözü elə hər kəsə yazır...
– Bir dəfə "Ovqat" verilişində Nizami Cəfərov özü bu məsələ haqqında danışıb. Dedi ki, mən üç adam haqqında ön söz yazmışam. Məmməd Araz, Bəxtiyar Vahabzadə və Yunus Oğuz. Aparıcı soruşdu ki, bəs qalanları? O da qayıtdı ki, qalanları gətirir, qol çəkirəm.
– Nizami müəllimin fikri aydındı, bəs Yunus Oğuz özünü ciddi ədəbiyyatın, ədəbi prosesin harasında görür?
– Məni Yazıçılar Birliyinə 49 yaşımda qəbul eləyiblər. İndi özünüz təsəvvür eləyin.
– Niyə belə gec?
– Nə bilim, heç vaxt istəməmişəm ki, Yazıçılar Birliyinin üzvü olum. Sadəcə olaraq, bir-iki dost xahiş elədi ki, hər yerdə tanınırsan, Londonda da kitabın çıxır, məsləhətdir ki, üzv olasan. Mən də dedim baş üstə!
– "Yunus Oğuzun cümlələri çox pintidir, ciddi dil nöqsanları var..." Bu cür tənqidlər sizə necə təsir edir?
– Əsərlərimdə dil nöqsanları olsaydı, Nizami Cəfərov deyərdi. Əslində, yaxşı oxunaqlı olsun deyə mən təhkiyə dilində yazıram. Əsərlərimdə təbii, texniki səhvlər ola bilər. Hələ sovetlərin vaxtından var ki, 17 səhv bağışlanılır. Amma fikirləşmirəm dil, üslub nöqsanlarım var. Çünki mən yeganə yazarlardanam ki, həm bədii redaktorum var, həm də redaktorum var. Ola bilər cümlələrim uzundur, bu da ki beynimin fəlsəfəsindən gəlir.
– Heç ciddi tənqid olunmusunuz?
– Yox!
– Sizcə, niyə?
– Bəlkə Yunus Oğuz olduğuma görədi? (gülür)
– Bəlkə ciddiyə almırlar?
– Yox... Tarixi romanlarda ciddi tənqid ondan başlayır ki, xranologiyanı pozursan, tarixi təhrif eləyirsən və müasir insanlara hansı ideyanı çatdırırsan... Bunun üçü də məndə var. Bədii tənqidçiləri demirəm, bir tarixçi gəlib mənə desin ki, sən bu faktı təhrif eləmisən. Fakt təhrif olunmayandan sonra nəyi tənqid eləyəcəksən ki?
– Düzü, tarixi təhrif eləmək məsələsi mənə çatmadı. Tarixi roman müəllifinin tarixə həm də öz subyektiv münasibəti olmalı deyilmi?
– Olur, kim deyir ki olmur? Məsələn, mənim Nadir şaha böyük hörmətim var. Ona görə yox ki, o, Nadir şahdir, ona görə ki, Azərbaycanda bir hökmdar kimi, azərbaycanlı kimi böyük yer tutub. Yeganə insandır ki, gedib Hindistanı alıb, Orta Asiyanı öz vassallığı altına salıb. Amma yazsan ki, Nadir şah gedib Moskvanı aldı, artıq bu təhrifdi.
– Deyəsən, bir-birimizi anlamadıq...
– İstəsən də, istəməsən də tarixi əsərdə subyektiv münasibət hökmən olmalıdı. Əslində, məsələni bu cür qoymaq lazımdı: mən niyə yazıram, mənə lazımdımı bunu yazım? Ona görə yazıram ki, biz tarixi qəhrəmanlarımızı başkəsən, qaniçən kimi tanıtmışıq, mən isə onları müsbət obraz kimi yazıram. Tarix təkcə Qaçaq Nəbidən və Koroğludan ibarət deyil. Tarix həm də onun şahlarından ibarətdir. Şah da dövlət deməkdir. Qoy gənclərimiz bilsinlər ki, bizim Alp Arslan, Əmir Teymur, Uzun Həsən, Şah İsmayıl, Təhmasib, Nadir şah kimi qəhrəmanlarımız olub. Nədi-nədi Sovet vaxtı bu qəhrəmanlarımıza qaniçən, başkəsən deyiblər. Axı imperiya yaradırsansa, baş kəsmək, qan içmək normal bir şeydi.
– Demək olar ki, sizin tarixi şəxsiyyətlərimizə münasibətiniz kütlə ilə eynidir, bərabərdir...
– Bəli, məhz bərabərləşməlidir. Hökmən belə olmalıdır. Gənclər səni o zaman başa düşəcək ki, onların öz dilində yazasan.
– Yunus müəllim, yadıma gəlir, bir tarixçidən müsahibə alırdım, o, Səfəvilər dövləti və Şah İsmayıl haqqında tamamilə subyektiv fikirlər söylədi, hədsiz dərəcədə tənqidi yanaşdı. Ancaq sonra zəng eləyib xahiş etdi ki, onun tənqidi fikirləri çap olunmasın. Soruşdum ki, niyə? Dedi, Şah İsmayıl yuxarı dairələrin qoruduğu, həmişə müdafiə etdiyi tarixi şəxsiyyətdir, ona görə də ehtiyat edirəm. Sizcə doğrudanmı belədir?
– Yox, mən elə düşünmürəm. Mən Nadir Şahdan yazanda bircə Ədalət Tahirzadə onun haqqında balaca bir kitabça çıxartmışdı, ümumi xranologiyanı vermişdi. Amma mənim Nadir şah haqqında romanım Azərbaycandan başqa beş ölkədə çap olunub. Sadəcə olaraq roman çıxandan sonra Nadir şaha bir rəğbət yarandı. Məsələn, Sovet vaxtı deyirdilər ki, Nadir şah oğlunun gözünü çıxardıb. Artıq mənfi rəy yaradılmışdı. Qəhrəman obrazında isə mənfilikdən qaçmaq lazımdı. İndi Allaha şükür ki, bədii ədəbiyyatda heç bir mövzu kiminsə monopoliyasında deyil.
– Belə çıxır ki, sizin əsərləriniz idealogiyaya xidmət eləyir?
– Əlbəttə!
– Hansı ideologiyadı bu?
– Dövlətin qorunması idealogiyası. Ədəbiyyat həmişə idealogiya olub. İndi dedektiv romanlar yazırlar. Guya, onlar idealogiya deyil? Bütün yazılarını hansısa bir məqsədlə yazırsan və hansısa ideyaya xidmət eləyir. Niyə biz dövlətin idealogiyasına xidmət eləməyək? Sən mənə elə bir əsər göstərə bilərsən ki, o, idealogiyaya xidmət eləməsin?
– Məsələn, "Hərb və sülh" hansı idealogiyaya xidmət eləyir?
– Hərb və sülhün ideyasına xidmət eləyir. Tolstoy orda göstərir ki, sülhün hansı tərəfləri var, hərbin hansı fəsadları var. İdealogiya deyil bu?
– Yunus müəllim, sizcə, kosmopolit olmaq pis şeydi?
– Mən düşünürəm ki, bəli, pis şeydi.
– Niyə?
– Çünki ancaq dövlətinə, millətinə, ailəsinə bağlı olmayan insan kosmopolit ola bilir.
– Bəşəriyyətə, dünyaya bağlı olmağın nəyi xoşunuza gəlmir ki?
– Dünya nədən başlayır? Etnoslardan, tayfalardan, dövlətlərdən, bütövlükdən... Mən dövlətimin, millətimin tarixindən niyə imtina eləməliyəm ki? Əksinə, fəxr eləməliyəm. Ailənin idealogiyası yoxdu?
– Nədi ailənin idealogiyası?
– Möhkəmlik idealogiyası, bir-birinə sədaqət idealogiyası, ailə dağıtmamaq idealogiyası... Düzdümü?
– Düzdü, düzdü...
– Ən böyük işlər kiçikdən başlayır. Bu idealogiyalar böyüyə-böyüyə gedir, axırda dövlətin idealogiyası yaranır. Niyə biz bundan imtina eləməliyik?
– Yunus müəllim, Səfəvilər tarixindən roman yazmısınız. Bir şey maraqlıdır. Orta əsr qadın diplomatlarımızdan danışanda birinci Şah Abbasın arvadı Məhdi Ulyanın adı çəkilir... Başqası yoxdurmu?
– Hər halda o boyda Səfəvilər dövlətini faktiki olaraq 18 ay Məhdi Ulya idarə eləyib. Amma Sara xatun diplomat kimi ondan güclü idi. Yaxud, deyək ki, Nadir şahın dörd arvadı olub, amma biri də siyasətə qatılmayıb.
– Yəqin, Nadir şah qısqanc imiş...
– Yox, yox... Nadir şah ümumiyyətlə, yerində tapılırdı ki? Ancaq at üstündə gəzirdi. Burdan vurub oradan çıxırdı. Məşhəd guya, paytaxt idi, amma onun əsl paytaxtı at üstü, yəhər idi.
– Ümumiyyətlə, qadını siyasətin içində necə görürsünüz?
– Qadın çox güclü bir varlıqdır. Məsələn, Osmanlı imperatorlarının saraylarında qadın böyük sözə malik olub və çalışırdı ki, dövləti idarə eləsin. O da ondan irəli gəlib ki, 36 Osmanlı sultanı qadınından yalnız üçü türk olub, qalanı xristian idilər, sonradan islama gəliblər. Xristianların qanında isə bir az siyasətə qarışmaq var.
– Yunus müəllim, bu gün tarixi roman yazan kimlər sizin xoşunuza gəlir, bəyənirsiniz?
– Çağdaş dövrdə Mustafa Çəmənzəminli, Sabir Rüstəmxanlı, Aqil Abbas, Elçin Hüseynbəyli...
– Elçin müəllimin deyəsən, bir tarixi romanı var. "Şah Abbas".
– Yox, iki romanı var. "Şah Abbas" və "On üçüncü həvvali". Elçinin əsərlərin bilmək və oxumaq lazımdı. "Şah Abbas"da şahın İspaniyaya göndərdiyi Oğuz bəy Bayatdan söhbət gedir. İspaniyada qalıb orda Dok Kixot adı alan bir insandan danışılır. Bütün bunları Elçin özünəməxsus tərzdə qələmə alıb.
– Maraqlıdır, kitablarınızdan pul qazana bilirsiniz?
– Yalandan deməyim, bəli, qazanıram. Kitablarım xaricdə də, Azərbaycanda da satılır.
– "Əmir Teymur" romanınız var. Sizdən bir şey soruşmaq istəyirəm. Teymur Ləngə Topal Teymur adını kim qoyub?
– Ona nifrət eləyənlər. Əslində, Teymur doğrudan da axsaq olub. Topuğuna ox dəyib, vaxtında diqqət eləməyib, sonra axsayıb.
– Siz Nəsimi filmindəki Teymur Ləng obrazı ilə bu mövzuda roman yazmış bir yazıçı kimi razısınızmı?
– Əslində, tarixdə Əmir Teymurla Nəsimi görüşməyiblər.
– Bəs görüşməyiblərsə film niyə belə deyir?
– Onu "İdeal"ın müəllifindən soruşsan yaxşı olar.
– Yunus müəllim, meydan hərəkatında sizin rolunuz nədən ibarət olub?
– Biz 1988-də gizlin qəzetlər, braşuralar buraxmağa başladıq. Rauf Arifoğlu bir qəzet, mən bir qəzet buraxdım. AXC məclisinin, AXC idarə heyətinin üzvü, AXC sədrinin müavini olmağım kifayətdir ki, mənim meydan hərəkatında rolumun nədən ibarət olduğunu desin.
– Heç tribunalarda olmusunuz?
– Çox olmuşam. Mitinqlər aparmışam. Məsələn, 1992-ci ildə 5 gün mitinq aparmışam, mayın 14-dən 18-nə qədər.
– Bu gün də mitinq olsa apararsınızmı?
– Əgər dövlətin əleyhinə bir hadisə baş verərsə gəlib apararam. Dövlət uğrunda vuruşmaq dövləti ayaq altına salmaq demək deyil. Dövlət uğrunda çoxları vuruşub, amma indi hamısı çəkilib öz işini görür. O vaxt müstəqillik uğrunda mübarizəyə hər kəs qoşulmuşdu. Oğrusu da, üzr istəyirəm, ayağı sürüşkən də, ziyalısı da, taciri də... Biz isə ziyalı dəstəsiydik, akademiyada işləyirdik.
– Meydan hərəkatı dövründə qəhrəman olmaq çətin idi, yoxsa indi?
– Əlbəttə, indi çətindi. Meydan hərəkatında qəhrəman olmağa nə var idi ki? SSR-nin əleyhinə, KQB-nin əleyhinə bir söz deyirdin, hamı səni qucağına alırdı, əlində gəzdirirdi... onda qəhrəman olmağa nə vardı ki? Bir az savadın oldu, bir az da şeir bildin, vəssalam. Şeir oxuyurdun, millət deyirdi ki, bəh, bundan yaxşısı yoxdu.
– Bəs indi niyə çətindi qəhrəman olmaq?
– İndi çünki hər kəs öz yerini bilir. Bilir ki, dövlətdə hansı strukturdadı, orduda, cəmiyyətdə hansı strukturdadı və cəmiyyətdə hansı statusdadı. Bu gün o vaxtın ab-havasında qalanlar elə bilir ki, ayağa dursa inqilab eləyəcək. Heç kim inqilab eləyə bilməz. Özü də ağıllı adam heç vaxt inqilab eləməz. Çünki inqilab həmişə dağıntı gətirir, dərd gətirir... Ancaq normal təkamül yolunu seçilməlidir. Bacarırsan, get yığ adamlarını, mitinqini elə, piketini elə, təkliflərini ver. Amma mən durub inqilab eləyəcəm, mümkün deyil, keçdi o dövrlər...
Kəramət Böyükçöl
AzNews.az