Həqiqi səbəblər səhnəarxasındadır: ABŞ-nin BMT vetosuna analitik baxış

“ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı layihəni veto etməsi, şübhəsiz ki, bir sıra səbəblərlə izah oluna bilər. ABŞ-nin BMT-dəki nümayəndəsinin bu qərarı əsaslandırarkən yalnız HƏMAS-ın sənəddə pislənməməsi məsələsinə diqqət çəkməsi əsl səbəbləri tam əks etdirmir. Bu, daha çox formal və ictimaiyyətə yönəlik açıqlama kimi qiymətləndirilə bilər. Əslində, ABŞ uzun illərdir ki, Qəzza məsələsində İsrail ilə eyni mövqedən çıxış edir. ABŞ-nin bu bölgəyə dair siyasəti əsasən İsrailin təhlükəsizlik və strateji maraqlarını qorumağa yönəlib. Bu kontekstdə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan və Qəzzada vəziyyətin humanitar aspektlərinə diqqət çəkən layihənin qəbul olunması ABŞ və İsrailin regional maraqları ilə uzlaşmırdı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, ABŞ, Qəzzada atəşkəsə dair BMT Təhlükəsizlik Şurasına təqdim edilən qətnaməyə veto qoyub. Vaşinqton bu addımı sənəddə HƏMAS-ın qınanmaması ilə əsaslandırıb. Qətnamə Sloveniya tərəfindən 10 qeyri-daimi üzv adından təqdim olunmuşdu. ABŞ-nin BMT-dəki nümayəndəsi Doroti Şi bildirib ki, sənədin məzmunu və təqdimat forması qəbuledilməzdir.

Siyasi şərhçi bildirib ki, belə bir sənədin təsdiqlənməsi, ehtimal ki, hər iki ölkənin Yaxın Şərqdəki strateji planlarına mənfi təsir göstərə bilərdi.

“Məsələnin kökündə ABŞ-nin İsrailə verdiyi qəti və ardıcıl dəstək dayanır. İsrail Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqi olmaqla yanaşı, regionda həyata keçirilən geosiyasi layihələrin mərkəzində dayanır. ABŞ-nin əsas prioritetlərindən biri Yaxın Şərqin mövcud siyasi və hərbi balansını dəyişmək, bu prosesi isə İsrailin maraqlarına uyğun şəkildə yönləndirməkdir. Belə bir “yenidən dizayn” siyasəti çərçivəsində istənilən beynəlxalq hüquqi sənəd və ya qətnamə, əgər bu strategiyaya ziddirsə, Vaşinqton tərəfindən qəbul olunmur. Bu baxımdan ehtimal etmək olar ki, sözügedən sənəddə elə müddəalar yer almışdı ki, onlar həm Yaxın Şərqdəki yenidənqurma prosesinə, həm də Qəzza ilə bağlı status-kvoya zidd idi. ABŞ isə bu məqamları önə çəkməkdənsə, daha asan izah olunan və ictimai rəyə hesablanmış “HƏMAS-ın qınanmaması” bəhanəsi ilə sənədi veto etməyə üstünlük verdi”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az