Kütləvi qırğınlarla, iri miqyaslı müharibələrlə hərb-savaş yükü üstün olan bəşər tarixində soyqırım hadisələrini müəyyənləşdirən meyarlar XX yüzillikdə hüquqi müstəvidə təsbit olundu. Kütləvi qırğınlarla, iri miqyaslı müharibələrlə hərb-savaş yükü üstün olan bəşər tarixində soyqırım hadisələrini müəyyənləşdirən meyarlar XX yüzillikdə hüquqi müstəvidə təsbit olundu.

Tarixi ittihamı xətm olunmayacaq cinayətlər

Kütləvi qırğınlarla, iri miqyaslı müharibələrlə hərb-savaş yükü üstün olan bəşər tarixində soyqırım hadisələrini müəyyənləşdirən meyarlar XX yüzillikdə hüquqi müstəvidə təsbit olundu.

Anlayışların dürüst təyinatı cəhətindən XX yüzilliyin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilmiş mütəmadi qırğınlar mahiyyətinə görə məhz soyqırımı aktı olundu.

«Soyqırımı» kimi ağır ittihamın ünvanlandığı hadisələrlə müqayisədə azərbaycanlıların məruz qaldığı qətliamların davamlı bir prosesə çevrilməsi və insanlığı sarsıdacaq qədər qəddarlıq formaları ilə seçilməsidir. Azərbaycanlılara qarşı törədilmiş qırğınlar XX yüzilliyin əvvəllərində ermənilər üçün ən əlverişli məqsədə çatmaq üsulu idi. Çox geniş coğrafiyada torpaqlara birbaşa yiyələnmək niyyətinin əməli cəhdləri tarixi, hüquqi əsasa malik olmadığından yalnız fiziki müdaxilə ilə həyata keçirilirdi. Bu müstəvidə belə, güc mübarizəsinin məqbul qaydaları çərçivəsində deyil, tarixi fürsət düşdüyündə yırtıcı potensialı səfərbər etməklə qəfil, çevik, miqyaslı və amansız hərəkət tərzi nümayiş etdirirlər. Bu baxımdan yalnız XX yüzilliyin tarixini ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar xronikasını «qabarma-çəkilmə» dinamikasında izləmək olar. Qabarma mərhələləri əlverişli beynəlxalq və regional şəraitdə özünü biruzə vermişdir. Təbii ki, dünyada, o cümlədən Rusiya imperiyası məkanında, xüsusən Qafqazda-Xəzər hövzəsində baş verən dəyişikliklər prosesində siyasi, iqtisadi, hərbi, milli amillərin çarpazlaşdığı mürəkkəb bir situasiyada şanslarını sınayan ermənilər qısa zamanda fərqli düşərgələrdə dayanmış dövlətlərin marağı təminatında niyyətlərini uzlaşdıraraq dəyişkən seçim edirdilər: ruslar, ingilislər, fransızlar, amerikanlar, hətta osmanlılarla əməkdaşlıqdan belə çəkinmirdilər.

Təbəəsi olduğu Osmanlı dövlətinə qarşı vuruşan Rusiya dövlətinə xidmət göstərərək, Türkiyə daxilində ikinci cəbhə açmaq əvəzində Qafqaz ərazisində muxtar dövlətçiliyə nail olmaq böyük məqsədin tərkib hissəsi idi. Rusların qələbə çalacağı təqdirdə isə daha geniş layihəni həyata keçirmək yanğısı ilə illərlə səxavətini gördükləri millətə divan tuturdular. Rusiya mütləqiyyəti dövründə reallaşdıra bilmədikləri arzunu bolşevik hakimiyyətinin ilk aylarında rəsmiləşdirdilər: RSFSR Xalq Komissarları Sovetinin «Türkiyə Ermənistanı» haqqında dekreti meydana çıxdı. Sonralar sovet dövlətinin Türkiyə ilə münasibətlərində köklü dəyişikliklər prosesində bu iddia ilkin formasında tarixə gömüldü. Amma SSRİ-nin süqutu ilə başlanan yeni dünya düzənində növbəti «qabarma» mərhələsinə zəmin duyaraq kompleks fəaliyyət kursunu yönəltməyə səy etdilər. Bu mexanizmin mühüm elementi kimi «1915-ci il erməni soyqırımı»na beynəlxalq status qazandırmaq kompaniyasına rəvac verilir. Məqsədləri də etiraflarında dəfələrlə açıqlanmışdır: «Genosid layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik». Beynəlxalq hüquqi normaların əsasən nəzərə alındığı çağdaş dünyanın siyasi xəritəsində ayrı-ayrı region erməni dövlətləri yaratmaq təşəbbüsü və səyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan torpaqlarını yenidən hədəf seçmişlər. Təbii ki, toplum halında uzun müddət məskunlaşdıqları Amerika və Avropa əraziləri ilə bağlı niyyətlərini də gizlətmirlər. Lakin XX yüzilliyin əvvəllərində isə dünya savaşının gedişatında xəyali «Böyük Ermənistan» yolunda minləri qılıncdan keçirir, atəşə tuturdular. Bu faciənin bir parçası da Cənubi Azərbaycanda yaşandı. 1918-ci ilin martında, novruz çərşənbəsində «Urmi bəlası» kimi yad olunan qətliamda 10 mindən çox azərbaycanlı qırıldı. Urmiya, Salmas, Xoy, Maku şəhərlərində, ətraf kəndlərdə dinc əhaliyə divan tutuldu. Andronikin 8 minlik yaraqlıları bu bölgənin əhalisini qırdıqdan sonra özləri ilə gətirdikləri minlərlə ermənini yerləşdirməklə ərazini də Azərbaycan torpaqlarında yaratdıqları erməni respublikasına birləşdirmək niyyətində idilər. Cənubi Azərbaycanın qərb bölgələrində 1917-18-ci illərdə 190 minə qədər Azərbaycan türkü ermənilər tərəfindən qətlə yetirilmiş, şəhər və kəndlər viran qoyulmuşdur.

İrəvan xanlığı ərazisində dövlət əldə etməyə nail olan ermənilər ilk növbədə qonşu ərazilərdə etnik təmizləməyə – soyqırımına başladılar. Dağlıq ərazidə yerləşən Zəngəzur qəzasında əhali çıxılmaz vəziyyətdə idi. Xarici aləmdən təcrid olunmuş Zəngəzurun müsəlman əhalisinə qarşı həm də erməni quldur dəstələri ilə yanaşı Ararat respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Andronikin ətrafında cəmləşdirilmiş yaraqlıların vəhşiliklərinin iştirakçısı olan A.Lalayanın etirafı mənzərəni bəlli edir: «Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri … maksimum «şücaət» göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan «azad olunur» və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabalıqlığa çevrilirdi. Azərbaycan Parlamentinə, hökumətinə göndərilmiş – 1920-ci ilin yanvar tarixli başsağlığı teleqramlarında Zəngəzurun aqibəti müəyyənləşmişdi: «Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarsa, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı…»; «Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə, Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə də, həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir»; «Zəngəzur sarıdan başınız sağ olsun… Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir». Zəngəzurda 115 müsəlman kəndi dağıdılmış, həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 3000-dək insan yaralanmışdı. Xüsusi işgəncə, iyrənc üsullarla törədilən qətliamın təfərrüatının səthi təsviri belə insan əsəblərini tarıma çəkir.

Qafqaz ərazisində müstəqil dövlətlərin yaranmasından xeyli əvvəl, Cənubi Qafqaz dövlət idarəçiliyi dövründə ermənilərin qanlı əməlləri, daha ardıcıl tərzdə İrəvan quberniyasında törədilmişdir. Zaqafqaziya Seyminin müsəlman fraksiyalarının birgə iclasını (1918,10 aprel) açan Seym üzvü M.H.Seyidov bildirir ki, İrəvan quberniyasında 2 ay əvvəl (1918-ci ilin fevralından) qırğınlar sistematik məzmunda başlayaraq, fasiləsiz davam etmiş, daha da kəskinləşmişdir. Qırğınlardan məqsədin erməni hərbi hissələri tərəfindən ərazinin ermənilər üçün təmizlənməsi və erməni muxtariyyəti üçün kompakt vahidin yaradılması olduğu göstərilmişdir.

Bu məqsədlə 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 Azərbaycan kəndi erməni yaraqlıları tərəfindən dağıdılmışdır. İrəvan quberniyasının 1916-cı ildəki 375 min nəfərlik azərbaycanlı əhalisinin sayı azalaraq, 1922-ci ildə 70 min nəfərə enmişdi. Naxçıvan bölgəsində isə 1919-1921-ci illərdə 100 mindən bir qədər artıq əhalinin 73727 nəfəri ermənilər tərəfindən öldürülmüşdür.

Dünya müharibəsi dövründə Rusiyanın Osmanlı dövləti ilə Qafqaz cəbhəsində canfəşanlıq edərək, xüsusi missiya yerinə yetirən ermənilər bolşeviklərin hakimiyyətə gəlməsi və Rusiyanın müharibədən çıxması ilə taktikanı dəyişdilər. Yaranmış yeni situasiya da ermənilər üçün çox əlverişli idi və onlar üçün cəlbedici məqam hədəf zirvəsinə yetişmək vəzifəsində gördükləri şəxsin soydaşları olması sayıla bilər. «Qafqazda sovet hakimiyyəti təşkil olunana qədər Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar» təyin edilən Stepan Şaumyana həm də «Türkiyə Ermənistanı»nın muxtariyyəti haqqında Rusiya Xalq komissarları Sovetinin 1917-ci il 29 dekabr tarixli dekretinin icrası tapşırılmışdı. Şaumyana həvalə olunurdu ki, dekreti həyata keçirmək üçün «Türkiyə Ermənistanı» əhalisinə hər cür yardım göstərsin. «Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə xarabazarlıq alacaqlar» deyən Şaumyan, əksinə, «Türkiyə Ermənistanı»nın muxtariyyət qazanmasına hər vasitə ilə kömək etməyə çalışırdı. Bu məsələdə o, nəinki qərarlı, həm də səlahiyyətli idi. Bu səlahiyyəti ona bolşevik mərkəzi vermişdi. Lakin yerli müsəlmanlara muxtariyyət verilməsi haqqında həmin mərkəzin göstərişlərini yerinə yetirməyi lüzumsuz bilmiş, son dərəcə sərt, kəskin, qəddarcasına müqavimət göstərmişdir. Qafqaz cəbhəsindən qayıdan silahlı erməni qüvvələrindən Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayətlərində istifadə etmişdir.

Qafqazda Şaumyanın başçılıq etdiyi bolşevik hərəkatının əsas hərbi zərbə qüvvəsini ermənilər təşkil edirdi. Onun güvəndiyi əsas qüvvənin – «Qırmızı qvardiya» adı ilə yaradılan 10-12 minlik «Qafqazdakı Qırmızı ordu»nun şəxsi heyətinin 70 faizi erməni idi. «Daşnaksutyun» partiyası və Erməni Milli Şurası ilə əlbir hərəkət edən Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar 1918-ci il martın 30-da yaradılan Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsinə daxil idi. Bu koalisiya türk-müsəlman əhaliyə qarşı "həlledici döyüşlərə hər cür hazırlıq görmüşdü və dərhal bütün cəbhə boyu hücuma başladı" (S.Şaumyan). Üç günün (30 mart – 1 aprel) qətl-qarətlərində təkcə Bakıda 12 min nəfər azərbaycanlı əhali məhv edildikdən sonra, aprelin 2-də Çaparidze Şaumyana yazırdı ki, "Daşkənddən və Şimaldan bizə kömək gəlir, artıq indi müsəlmanları sakitləşdirmək üçün onlara müxtariyyət vəd etmək olar". Lakin Şaumyan hətta İ.Stalinin göndərdiyi 1918-ci il 1 aprel tarixli məktubdan sonra belə, şərti də olsa, müsəlmanlara muxtariyyət vəd etmədi.

Cənubi Qafqazda, Bakıda baş verənlər barəsində dürüst məlumatları olmadığını qeyd edən Stalin Şaumyana yazırdı: "Bakını hərbi və maliyyə cəhətdən möhkəmləndirmək, müsəlmanlar muxtariyyət tələb edirlərsə, mərkəzdə və yerlərdə Sovet hakimiyyətini sözsüz olaraq tanımağı şərt qoymaqla, onlara muxtariyyət vermək… lazımdır". Bərabər olmayan qüvvələr nisbətində kütləvi qırğına məruz qalan müsəlmanlar martın 31-də müqaviməti dayandırsalar da, hətta İnqilabi Müdafiə Komitəsinin ultimatumu qəbul olunduqdan sonra belə dinc müsəlmanlara divan tutmaqda davam edildi. Elə həmin gün axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bakıda azərbaycanlılara qarşı qırğınlar aprelin 2-si gecədən xeyli keçənədək davam etmişdir. Üç gün ərzində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, "Kaspi" mətbəəsi, "Açıq söz" qəzetinin redaksiyası, "İsmailiyyə" binası yandırılmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Erməni Milli Şurasının, "Daşnaksutyun" partiyasının erməni mənşəli bolşeviklərlə işbirliyinin mahiyyətini daşnak liderlərindən Kaçaznuni belə açıqlamışdı: "Bolşeviklərə qarşı ancaq iki partiya real qüvvə kimi duruş gətirə bilərdi – tatarların "Müsavat" və ermənilərin "Daşnaksutyun" partiyaları. Bolşeviklərlə mübarizədə qalib gəlmək üçün bu partiyalar hökmən birləşməliydilər, bu isə ağla sığmaz idi. Bakının erməni əhalisinə gəlincə, onlar üçün bolşevik diktaturası "Müsavat" diktaturasından daha məqbul idi. Elə buna görə də bizimkilər Bakıda daha çox bolşeviklərə xidmət edərək, onun dayağına çevrilirdi". Amma yalnız Bakı rayonu ilə kifayətlənməyən daşnak – bolşevik qüvvələri Azərbaycanın qəzaları üzrə yerli əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirdi. Şamaxı qəzasının 196 azərbaycanlı kəndindən 110-u ermənilər tərəfindən qarət edilmiş, yandırılmış, əhalisi qətlə yetirilmişdir. Qəzanın 110 kəndində ermənilər qısa müddətdə 10341 nəfər azərbaycanlını öldürmüşdür. Şamaxı şəhərində 11 məhəllə məscidi və 800 illik tarixə malik "Cümə məscidi" yandırılmışdı. Şaumyan və Korqanovun təşkilatçılığı ilə daşnak Hamazasp dəstələri Quba şəhərində və qəzanın 167 kəndində vəhşiliklər törətmiş, qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını qətlə yetirmişlər. Quba şəhərində 3 minədək dinc sakin qətlə yetirilmiş, 105 ev və digər tikililər tamamilə yandırılmışdır. Gəncə ətrafında 272, Ağsu, Kürdəmir və Lənkəranda 130 yaşayış məntəqəsinin əhalisi vəhşicəsinə öldürülmüşdür. Azərbaycanlılara qarşı soyqırımı törədilməsini təsdiqləyən cildlərlə sənədlər, həmçinin qaniçən canilərin etirafını yaşadan materiallar da vardır. Hamazasp Quba qırğınları törədərkən öyünmüşdü: "Mənə Xəzər dənizinin sahillərindən Şahdağa kimi bütün müsəlmanları məhv etmək, yer üzündən təmizləmək əmri verilmişdir. Mənə sizin yurd-yuvanızı yerlə-yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarımızın intiqamını almaq tapşırılıb", yaxud Basarkeçərdə hərdən gülləyə heyfi gəldiyi üçün müsəlmanları quyulara doldurub üzərinə ağır daşlar yığdığını gizlətmirdi.

İki aydan artıq müddətdə Azərbaycan qəzalarında davam etdirilən qırğınların "nəticəsini aradan qaldırmaq" təklifi ilə "Daşnaksutyun" rəsmiləri Cənubi Qafqaz Seyminin Azərbaycan nümayəndələrinə müraciət etmişdilər. Baş vermiş kütləvi qətlləri, talanları aradan qaldırmağın necə mümkün olacağına deyil, qarşılıqlı qoyulan şərtə diqqət vermək lazımdır. Bakıda sırf müsəlman hakimiyyəti deyil, beynəlmiləl hakimiyyət görmək istəyən ermənilər hərbi hissələrini də şəhərdən çıxarmaq fikrində deyildilər. Osmanlı ordusunun yaxınlaşması qorxusu altında edilmiş təklifdə belə niyyətlərini gerçəkləşdirmək cəhdi vardı. Elə eyni motivlə Qarsda, Qarabağda qırğınları davam etdirirlər. Nəhəng qəbiristanlığı xatırladan Qarsda Rus Milli Şura üzvünün yazdığına görə 205 min müsəlmandan yalnız sərhəd zolağında qalanlardır ki, o da 50 mindən çox deyildir: "Qan və göz yaşları hesabına böyük Ermənistan yaradılır". Azərbaycanlıların ermənilər tərəfindən soyqırımına daha çox məruz qaldığı Qarabağ bölgəsində 157 məntəqənin əhalisi qətlə yetirilmişdir. Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında mütəmadi qırğınlar 1920-ci ildə də təkrarlanmışdır.

Azərbaycanlılara qarşı törədilmiş qırğınları təhqiqat məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ilk və mühüm iş Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər fəaliyyət göstərmiş Komissiya "Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlara və onların əmlakına qarşı işlənilmiş zorakılıq hallarını təhqiq etmək üçün" 7 nəfərlik tərkibdə işə başladı. Qeyri-azərbaycanlıların cəlb olunduğu bu komissiyaya fəaliyyətinin sonuna qədər Ə.Xasməmmədov sədrlik etmişdir. 36 cild və 3500 vərəqdən ibarət materiallar əsasında azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçılarına, iştirakçılarına qarşı cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı. Azərbaycan qəzalarında ermənilərin törətdiyi vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün göndərilmişdi. Həmin konfransda Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə 1920-ci il fevralın 9-da Cümhuriyyət parlamenti amnistiya haqqında qərar qəbul etmiş və milli ədavət zəminində qaldırılmış cinayət işlərinə xitam vermişdir. Fövqəladə Təhqiqat Komissiyasının hazırda dövlət arxivində saxlanılan materialları ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğınları sübut edən ilk mənbələrdir. Hüquqi cəhətdən xitam verilmiş cinayətlərin tarixi ittihamı xətm olunmayacaqdır. Eyni mahiyyətdə cinayətləri sonrakı mərhələlərdə də, Azərbaycan xalqına yaşadan ermənilər təcavüzkar fəaliyyətlərini davam etdirirlər. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı, sənəddə göstərildiyi kimi "tarixin hökmü" sayılmalıdır. Fərmanın yaratdığı imkanlardan bəhrələnərək, tarixi cinayətləri törətmiş xalqın ənənəvi təxribatlarının, saxtakarlığının, təcavüzünün qarşısına sipər çəkmək, mənəvi məsuliyyətini qəbul etdirmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri Firdovsiyyə Əhmədova