Sərnişinlərə şad xəbər- Qatarlar arasında interval 2 dəqiqə olacaq

Sentyabrın 18-dən Bakı Metropoliteni qış qrafikinə keçəcək.

Bunu AzNews.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, sözü gedən vaxtdan qatarların hərəkət intervalı sərnişinlərin sıx olduğu saatlarda 2 dəqiqəyə endiriləcək:

“Yay mövsümü başa çatır. Artıq Bakı Metropolitenində də sərnişin axınının get-gedə intensivləşməsi müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq, sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə Metropolitendə bir sıra tədbirlər görülür. Payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən Metropolitendə qatarların hərəkətinin yenilənmiş qrafiklə tənzimlənməsinə keçiləcək”.

Nəsimi Paşayev qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırıldığını vurğulayıb: “Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, «Həzi Aslanov-28 May» sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. “28 May-Dərnəgül» və «28 May-İçərişəhər» sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az