Bakı Şəhər İcra Hakimiyyəti AzərPoçtu günahlandırır, poçt isə ittihamla razılaşmır Bakı Şəhər İcra Hakimiyyəti AzərPoçtu günahlandırır, poçt isə ittihamla razılaşmır

Səfər Əbiyevin evi qarşısındakı piketlə bağlı “poçt qalmaqalı“

Bakı Şəhər İcra Hakimiyyəti AzərPoçtu günahlandırır, poçt isə ittihamla razılaşmır



"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova paytaxtda etiraz aksiyası keçirməklə bağlı müraciət edib. Piketin martın 19-da, eyni zamanda iki yerdə - müdafiə naziri Səfər Əbiyevin Yasamal rayonu, Hərbi şəhərcik, "Qızıl Şərq" küçəsində yerləşən iqamətgahının və Ədliyyə Nazirliyinin giriş qapılarında təşkil ediləcəyi bildirilib.

Xatırladaq ki, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi qeyd edilən ünvanlarda martın 11-də də aksiya keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Lakin İH aksiyanın keçirilməsinə razılıq vermədiyindən piket təxirə salınmışdı. Birliyin rəhbəri Yaşar Cəfərli isə BŞİH-in qərarından məhkəməyə müraciət edəcəklərini, daha sonra növbəti piket üçün vaxt təyin edəcəklərini bildirmişdi. Artıq yeni vaxt təyin olunub. Bəc, zabitlər məhkəmə qərarı ilə piket keçirmək niyyətindən daşınmayıb ki?

Yaşar Cəfərli Aznews.az-a BŞİH-in aksiyadan imtina olunan bütün qərarlarından məhkəməyə birmənalı qaydada şikayət edəcəklərini, sərbəst toplaşma haqlarını təmin etmək üçün Avropa insan haqları məhkəməsinədək gedəcəklərini deyib: "İş burasındadır ki, BŞİH-in məktubu bizə gec çatdı. İcra Hakimiyyətindən də bildirdilər ki, məktubu göndəriblər, poçtda ləngiyir. Yəni, gecikmənin günahı onlarda yox, poçtdadır. Aramızda cəmi 50 metrlik məsafə var, ancaq məktub vaxtında çatmır".

Rabitə Nazirliyi poçt sektorunun müdiri Novruz Məmmədov Aznews.az-a açıqlamasında bildirib ki, gecikmə varsa, səbəbini ancaq araşdırıldıqdan sonra öyrənmək olar: "Çatdırılma pərakəndə şəkildə olmur, normativ əsasında aparılır. Məktub nömrəsini bilmədən onun gecikib-gecikmədiyini deyə bilmərəm. Məktubun çatdırılmasında ləngimə ilə bağlı konkret faktlar ola bilər. Səbəbi insan faktoru ilə bağlı olar, ya da ünvan düzgün göstərilməz, ödəniş düzgün aparılmaz. Bunu araşdırmaq lazımdır".

N.Məmmədov onu da qeyd edib ki, məktubun çatdırılmasında məsafənin fərqi yoxdur: "Bütün məktublar 1 gün ərzində toplanaraq poçtdaşıma mərkəzində yığılır. Orada isə ünvanlar üzrə çeşidlənərək növbəti gün ərzində çatdırılır. Bakı şəhəri və rayon mərkəzlərinə məktub 2 günə, kəndlərə isə 3 günə çatdırılır".

Ruhiyyə
Aznews.az