Qənimət Zahidin nazirlərə qarşı planı

Daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə ittihamının rədd edilməsi vəsatəti hazırlanıb. Vəkil Elçin Sadıqov "Media forum" saytına deyib ki, vəsatət martın 18-də Yasamal Rayon Məhkəməsinə təqdim olunacaq.

Nazirlər baş redaktoru martın 1-də "Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" yazısına görə məhkəməyə verib. İddiada baş redaktorun Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) ilə məsuliyyətə cəlb olunmasını tələbi qoyulub. Həmin maddə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutur.

Elçin Sadıqov hesab edir ki, ittiham tərəfində martın 1-i "Azadlıq" qəzetində çıxan yazının Qənimət Zahidə məxsus olması ilə bağlı heç bir sübut yoxdur: "Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina haqqında vəsatət qaldıracağıq. "Azadlıq"ın 1 mart sayındakı yazının müəllifi Qənimət Zahid deyil. Düzdür, qəzetin baş redaktoru Qənimət Zahiddir. Ancaq hazırda qəzeti Qənimət Zahid imzalamır, o, Azərbaycanda deyil. Ona görə də məhkəməyə verilməsi absurddur".

AzNews.az