Qara keşişlər və qara pişiklər ittifaqının qara niyyəti... Köşə

2003-cü ilin avqustunda ABŞ və Kanada zülmətə qərq oldu. Kanadada 10 milyon, ABŞ-da isə 40 milyon insan enerji sistemində baş verən qəzadan zərər gördü. Nyu Yorkun hava limanı, Pirson və Toronto aeroportları işləmədi. Metro dayandı. 100-dən çox elektrik stansiyası çalışmaz hala gəlmişdi.

Deyə bilərsiniz ki, bu uzaq keçmişdir, 15 il öncədir, o zamandan bəri texniki inkişaf baş verib. 30 və 31 uyul 2012-ci ildə iki gün dalbadal Hindistanın 14 ştatında elektrik verilişi dayanmışdı. 620 milyon insan baş vermiş qəza sonucunda işıqsız qalmışdı. Dehli metrosu qapanmış, minlərlə insan liftdə qalmışdı. 200-dən çox fəhlə şaxtalarda çarəsiz vəziyyətdə idi. Bütün dövlət və biznes qurumları iflic olmuşdu.

2013-cü ildə isə Avstraliyada baş vermiş elektrik kəsintisində yüzminlərlə insan işıqsız qalmış, elektrik sistemi 10 günə bərpa edilmişdi. Həmin ilin fevralında ABŞ-ın Yeni İngiltərə (New England) ştatında baş vermiş qəza nəticəsində 650 min ev və biznes mərkəzi elektriksiz qalmışdı. Yenə həmin ilin aprelində Polşada elektrik verilişi dayanmış, hətta Varşava Hava Limanı işləməz hala gəlmişdi. Fillipin, Malta, Misir kimi dövlətlərdə zaman-zaman elektrik kəsintisi saatlar sürmüşdü. 2015-ci ilin yanvarında nüvə dövləti Pakistanın 80 faizi elektrikdən məhrum olmuşdu. Elə həmin il qardaş Türkiyədə də əhalinin 90 faizini əhatə edən elektrik qəzası olmuşdu. Bu il isə Sudanda, ABŞ-da, Sinqapurda eyniməzmunlu katastroflar baş verib.

Deməyim odur ki, elektrik stansiyalarında qəzaların baş verməsi dünyada görünməmiş olay deyil. Bizdən qat-qat inkişaf etmiş, əhalisi bizdən qat-qat çox olan ölkələrdə bu cür problemlər yaşana bilir. Orada da bu qəzalar sosial həyata neqativ təsir edir. Xəstəxanalar, metrolar, zavodlar, işıqforlar işləmir, adamlar ölür, liftdə qalır və s. Şükürlər olsun, bizdə ölüm-itim yoxdur. Əgər həmin qəzaların hər hansı biri ilə Azərbaycandakı olayı müqayisə etsək, tam qətiyyətlə deyirəm, görəcəyik bizim ölkəmiz bu fövqəladə vəziyyətdən daha üzüağ çıxıb. Bu da ondan irəli gəlir ki, hadisə baş verər-verməz Prezident İlham Əliyev bütün hökuməti səfərbər etdi, məsələni birbaşa nəzarətə götürməklə operativ və konkret tədbirlər gördü. Əlbəttə, ortada bir çox suallar var və mən əminəm ki, dövlət başçımızın sərəncamı ilə yaradılan komissiya bu suallar üzrə bütün versiyaları araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər.

Bu məsələdə Azərbaycan vətəndaşları olaraq da mütləq çoxluğumuz təmkinli davrandıq, panikaya düşmədik, sağduyu ilə hərəkət etdik. Ancaq belə görürəm ki, bu hadisədən sevinənlər, qəzadan istifadə edib Azərbaycanın milli maraqlarını zədələmək istəyənlər oldu. Baxın, ordumuz hərbi təlimlər keçirdiyi və Ermənistanı lərzəyə saldığı günlərdə İrəvan rəsmilərinin, mediasının tutarğası nədir? Onlar hər zaman bizi Mingəçeviri vurmaqla hədələyib və indi "görürsüz, vursaq necə olar" deyə, Azərbaycanın savaş əzmini psixoloji baxımdan qırmağa can atırlar. Erməniləri başa düşmək olar, düşməndirlər, sevinəcəklər. Amma ermənilərə qoşulanlar da var. Tez-tez sual edirlər, budur Avropanın enerji təhlükəslizliyini təmin edən dövlət? Bəli, budur! Bəli, bizik! ABŞ-da elektrik qəzası baş verəndən sonra ABŞ dünyanın supergücü olmadımı? Bəlkə eyni hadisədən sonra Hindistan nüvə dövləti olmadı? Fransada kimlərsə "məqamdır" deyib prezidentə qarşı sarsaq-sarsaq bəyanatlar verdimi?

Dostlar, bir daha deyirəm, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyənlər bir neçə gün öncə keçirilən möhtəşəm parada rişxənd edənlər, Azərbaycan davasının fərariləri, Azərbaycan insanının mənəvi işıq stansiyasına soxulmuş qara pişiklərdir. Qara keşişlər və qara pişiklər ittifaqının xalqımıza, dövlətimizə və prezidentimizə qarşı bütün qara niyyətləri ürəklərində qalacaq!

Taleh Şahsuvarlı
AzNews.az