- Köhnə - Cəmiyyət
- 22 Aprel 2013 08:20
- 2 660
Həbsdə olan siyasətçi-yazardan xəbər var
Bundan sonra Tofiq Yaqublunun digər vəkili Akif Əlizadə də onunla görüşüb. Görüş zamanı müdafiə işi üçün zəruri addımlar, həm də ötən həftə keçirilmiş üzləşdirmə ilə bağlı söhbət ediblər. Akif bəy bildirib ki, istintaqın çoxsaylı qanunsuzluqlarına bu üzləşdirmə ilə daha bir məqam da əlavə olunub. Tofiq bəyin üzünə duran polis zabitləri bu addımı yuxarıların tapşırığı ilə atıblar. Üzləşdirmənin həbsdən bu qədər sonra həyata keçirilməsi də onunla bağlıdır ki, istintaq bu qədər absurd və aşağı addım atmaq üçün polis zabitləri tapa bilmirdi və nəhayət, bu işi üzləşmədə iştirak etmiş üç nəfərin boynuna qoya biliblər. Vəkil onu da bildirib ki, Tofiq bəyin özünün bu üzləşdirmə ilə bağlı orijinal fikirləri olub. O deyib : "Dövrümüzün ən qüdrətli və istedadlı köşə yazarlarından biri Xalid Kazımlı bir müddət əvvəl " Yeni Müsavat" qəzetində " Suka" adlı bir köşə yazısı yazmışdı. O yazıda qeyd edilirdi ki, bütün polis idarələrinin və bölmələrinin məqalənin başlığına uyğun mahiyyətli "ştatlı" üzəduranları var. Mənim üzümə duranlardan biri İsmayıllı Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, digər ikisi isə həmin şöbənin əməliyyat müvəkkilləri idilər. İnanıram ki, onların özünün "tabeliyində" Xalid Kazımlının təsvir etdiyi kimi üzəduranları var. Amma indi özləri bu rolda çıxış etməyə məcbur edilmişdilər. Üzləşdirmə zamanı mən bu sözləri onların özünə dedim. Məhkəmənin necə keçəcəyini indidən söyləmək çətindir. Hər şey həmin zaman ölkədə və dünyadakı siyasi fəaliyyətdən asılı olacaq. Ancaq, Azərbaycan tarixinin ən ədalətsiz məhkəməsi keçirilsə belə məhkəmə istintaqı zamanı mənə qarşı qaldırılmış ittihamların saxta və siyasi sifarişli olduğunu vəkillərimlə parlaq şəkildə sübut edəcəyik. Eyni zamanda, polis və mülki üzəduranların necə bir şərəfsiz işdə rol aldıqlarını tam aydınlığı ilə ortaya qoyacağıq. Çünki bizim elə alibilərimiz və sübutlarımız var ki, onlar məhkəmədə bomba kimi partlayacaq. Qoy, hələ istintaq özünü daha çox zibilə soxmaqla məşğul olsun."
Akif Əlizadə onu da deyib ki, Tofiq bəylə özünün şəxsi durumu və ölkədəki vəziyyət haqqında söhbət edib. Tofiq bəy demək olar ki, bütün günü kitab oxuyur, yorulanda idman edir və musiqiyə qulaq asır. Kameradakı radioda FM dalğalarında aşıq proqramlarının qrafikini tutub, onları qaçırmamağa çalışır. O, ölkədəki ictimai-siyasi durum haqqında danışarkən bunları deyib : "Lirik şeirlərdə tez-tez "dilin sevmirəm , gözlərinsə sevirəm deyir", mənalı ifadələrə rast gəlinir. Azərbaycan hakimiyyətinin vəziyyəti də o cürdür. O, dildə deyir ki, Azərbaycan hüquqi dövlətdir, ancaq əməlləri ilə bar-bar bağırır ki, bu ölkədə hüquq və dövlətçilik adına bir nəsnə də yoxdur. Son zamanlar nazirlərin və komitə sədrlərinin əhalinin şikayətlərini dinləmək üçün bölgələrə göndərilməsi rəzalətdir. Dövlətçilik və hüquq olan yerdə bu cür hoqqabazlığa nə ehtiyac? Əvvəla, ərizə və şikayətlərin baxılması haqda qanun var. Digər tərəfdən hakimiyyət bu addımı ilə təsdiq edir ki, müvafiq dövlət strukturları işləmir. Əgər işləsəydi bu absurd tədbirlərə ehtiyac qalmazdı. Və yaxud da, etiraf edirlər ki, əhalidən o qədər şikayətlər gəlir ki, artıq müvafiq strukturların onları qəbul etməyə fiziki imkanları çatmır. Demokratik dövlətlərdə belə şeylər ola bilməz. Vətəndaş ərizə və şikayətini mütləq müvafiq struktura təqdim etməlidir. Qətiyyətlə bildirirəm ki, Yer kürəsində olan dövlətlərin heç birində bizim ölkədə olduğu qədər dövlət başçısına və onun xanımına bu qədər ərizə göndərilmir. Gün ərzində bu ünvanlara minlərlə ərizə və teleqram göndərilir. Həmin ərizə və teleqramları tərəziyə qoyub çəksən, tonlarla gələr. Bu onu sübut edir ki, vətəndaşın üz tutacağı, problemini həll edəcəyi dövlət strukturu yoxdur, bu strukturlarda, ancaq rüşvətlə iş görürlər.
Səhiyyə naziri ezam olunduğu bölgədə vətəndaşın hüquq-mühafizə orqanları ilə bağlı problemini necə həll edəcək? Və ya onun mübahisəli əmlak problemini necə araşdırıb, sonra da həll edəcək? Ekologiya və təbii sərvətlər naziri vətəndaşın sağlamlığı , ya da onun yerli səhiyyə müəssisəsi ilə bağlı problemini necə çözəcək? Bu absurdluq bölgələrə ezam olunmuş bütün nazirlik və komitə rəhbərlərinə aiddir. Yox, əgər deyəcəklərsə, hər bir nazir və komitə sədri ezam olunduğu bölgədə yalnız öz sahəsinə uyğun şikayətləri araşdırır, onda daha biabırçı məntiqsizlik yaranır. Belə çıxır ki, ölkənin bir regionunda , ancaq prokurorluğa, o birində təhsilə , digərində səhiyyəyə və s. aid problemlər var. Tam absurddur. Yeri gəlmişkən təhsil naziri Misir Mərdanov artıq işdən çıxarılıb. Çıxarılmamışdan bir az əvvəl o da bir regionun şikayətlərini qəbul etmişdi və yəqin ki, onlara problemlərini həll edəcəyini söz vermişdi. İndi yeni təhsil naziri həmin vətəndaşları yenidən qəbul etməlidir? Əsl komediyadir".//musavat.com//
AzNews.az