Türkçülük günüylə bağlı toplantı keçirildi

“Gənclərin Töhfəsi” İctimai Birliyi və “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyi ortaq tədbir düzənlədi




"Gənclərin Töhfəsi" İctimai Birliyi (GTİB) və "Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin (DANİB) birgə təşkilatçılığı ilə bu gün 3 may Türklük Günü ilə bağlı tədbir keçirilib. Dövlət himninin oxunuşundan sonra tədbiri giriş sözü ilə açan GTİB sədri Asim Vəliyev toplantının keçirilmə səbəbindən danışaraq 1944-cü ildə Türkiyədə Nihal Atsızın öncüllüyü ilə başlanan hərakatın cəmiyyətdə hakim olmağa çalışan komunizm düşüncəsini kökündən sarsıtdığını və yeni bir mərhələhənin önünü açdığını bildirdi.

O bu günün Bayram kimi qeyd edilməsində məqsədin cəmiyyətimizə milli yönlü mesaj vermək olduğunu vurğuladı:"Hər dövrdə olduğu kimi günümüzdə də türklüyümüz, milli dəyərlərimizi daha çox təbliğ etməli və gənclərimizin yad düşüncələrin təsirinə məruz qalmasına imkan verməməliyik. Hazırda ən vacib məsələ düşünürəm ki, Doğudan Batıya uzanan böyük türk millətinin ortaq dəyərlərini mənimsəməyimiz və bunların hər bir türk xalqı arasında ictimailəşdirilməsidir". Sonra tədbir iştirakçıları türk tarixindən bəhs edən geniş sənədli filmə baxıblar.
Daha sonra çıxış edən DANİB sədri Elməddin Behbud tariximizdə türklük günü kimi qeyd olunacaq xeyli şərəfli hadisənin olduğunu, 3 may tarixinin isə bu məsələdə sadəcə bir simvol kimi qəbul edildiyini vurğuladı:

"Ta qədim dövrlərdən 20-ci əsrədək diqqət yetirsək görərik ki, milli mənsubiyyət vurğusuna son dərəcə ciddi diqqət yetirən, dünyanın tarixinin bəlirilənməsində həlledici söz sahibi olan dövlətlərimiz və onların sərkərdələri ümumtürk vəhdəti üçün zaman-zaman çox vacib qərarlar qəbul etmiş, özlərindən sonrakı nəsillər üçün şərəfli və örnək olacaq tarixi, siyasi irs buraxmışlar. Belə önəmli günlərdən biri də 3 maydır. Nəyə görə məhz 3 may? Çünki XX əsrin ortalarına doğru dünya xəritəsində yalnız bir müstəqil türk cumhuriyyəti mövcudluğunu qoruyub saxlaya bilmişdi. Və bu dövlətin –Türkiyənin özündə də təəssüflər olsun ki, "türk millətindənəm" demək artıq faşizm əlaməti sayılırdı, millətçi düşüncə sahibləri ciddi basqı altında idilər.1944-cü ildə başda böyük fikir adamı Nihal Atsız olmaqla hərbi polis rejimindən çəkinməyərək tarixdən aldığı ruh ilə küçələr çıxaraq Türkiyə dövlətini quran və yaşadan millətin əksəriyyətinin türk milləti olduğunu və bununla qürur duyduqlarını bəyan edən insanlar ortaya qoyduqları fədakarlıqla tarix yazmış oldular. Məhz bu dirənişin simvolu olaraq bizlər 3 mayı türklük günü kimi qeyd edirik. Bu gün biz fərəhlə dünyanın siyasi xəritəsində artıq bir deyil yeddi müstəqil türk dövlətinin olduğunu və bunlar arasında koordinasiyanın il-ildən genişləndiyini müşahidə etməkdəyik.
Bəzən Böyük Azərbaycanın, Turanın qurulacağını deyənləri xəyalpərəstlikdə günahlandırırlar. Ancaq XX əsrin əvvəllərindən 1991-ci ilədək olan dövrlə, ondan sonrakı bu qısa iyirmi iki illik zaman müddətini müqayisə etsək görərik ki, inteqrasiya istiqamətində xeyli məsafə qət edilib. Bu gün artıq Türk Dövlətlərinin başçılarının Əməkdaşlıq Şurası, Türk PA, Türksoy, Dünya Türk Gənclər Birliyi, TDBB və s. kimi əhəmiyyətli qurumlar fəaliyyət göstərir. Türk dövlətləri arasında illik maliyə dövriyyəsi yüksəlməkdədir. Bütün bu sadaladıqlarımız və sadalamadığımız göstəricilər bizə türk dövlətləri birliyinin yaranmasını istiqamətində irəlidə daha önəmli addımların atılacağı inamını verir.

Yaşadığımız dövr hər bir cərəyanın, ideoloji-siyasi axımın sərbəst təbliği üçün xeyli yeni imkanlar yaradır. Belə şəraitdə gərək sağlam milliyətçi camia bütün resurslarını birləşdirərək milli mənəvi dəyərlərimizin məcmusundan ibarət milli ideoloji platformanın daha böyük meydan qazanmasına çalışmalıdır".

Sonra tədbirin məruzəçisi, Bakı Dövlət Universtetinin tarxi elmləri üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov ümumtürk tarixinə geniş ekskursiya edərək bəzən gənclərin yalnış tarixi mənimsədiklərini, bu günki dünya reallığının heç də türk millətinin gerçək potensialını ifadə etmədiyini bildirdi. Tarixdən konkret faktlar gətirərək daim Azərbaycan türklərinin qurduqları dövlətlərin başçılarının bütün türk xalqlarının birliyi uğrunda əzmkar şəkildə mübarizə apardıqlarını və daim güzəştcil mövqe tutduqlarını vurğuladı:" Məlum səbəblər üzündən milli mənsubiyyətimiz rəsmi olaraq tarixi şəklindən fərqli adlandırılsada dünyada hər kəs bizi türk xalqlarının bölünməz bir parçası olduğunu, dilimzində Türk dillərinin Oğuz budağına aid olduğunu qəbul edir. Yəni önəmlisi adımızın altında hansı məzmunun daşınılmasıdır. Çünki bizə minillərlə hazırda yerləşdiyimiz siyasi coğrafiyadan qat-qat böyük olan ərazilərdə hakim olan dövlətlər quran babalarımızın miras qoyduğu Azərbaycan hər zaman tarix səhnəsində çox önəmli rol oynayıb. Bu sırada qədim və orta əsr dövlətlərimizin şahlarının ümumtürk vəhdətinin qurulması yönündə apardıqları işlərdə böyük əhəmiyyət kəsb edir. Çünki Şah Təhmasibin, Şah Qacarın Osmanlıya ana dilimizdə-türkcə yazdığı məktublara sultanların sarayında ağız büzürdülər ki, niyə bunlar ərəb, ya fars dilində yazmır. O cəhətdən günümüzdə də Azərbaycan türklərinin bütövləşməsi məsələsi yenidən ümumtürk birliyinin yaranması istiqamətində ən vacib həlqə olaraq qalır".
Tədbir gənclərin K.Məmmədova ünvanladıqları suallara cavb verilməsi ilə davam edib.

AzNews.az