“Eynullanın hərəkəti atılacaq ən son addımdır”

“Təsəvvür edin ki, uşaq mətbuatda yazılanlar barədə eşidərsə bu ona necə təsir göstərə bilər”




"Ailə problemləri ilə bağlı hüquq-müdafiə təşkilatlarına edilən müraciətləri ictimailəşdirmək ən son atılacaq addımdır. Bu addımdan əvvəl problemin həllinə çalışmaq lazımdır".

Bunu Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hüquq-müdafiəçisi Eynulla Fətullayevin keçmiş millət vəkili Gültəkin Hacıbəylinin həyat yoldaşının müraciəti ilə bağlı yazdıqlarına münasibət bildirərkən deyib.

M. Əzizovanın sözlərinə görə keçmiş ərin müraciəti ilə bağlı ilk növbədə hər iki tərəflə əlaqə yaradılmalıdır: "Əgər Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı övladını görə bilməməsi ilə bağlı bizə müraciət etsəydi, bizim ilk addımımız vəziyyəti araşdırmaq, məhkəmə qərarı varsa icraçılardan vəziyyəti öyrənmək və Gültəkin Hacıbəyli ilə əlaqə yaratmaq olardı. Çünki qarşı tərəfin mövqeyi olmadan məsələnin kökünü öyrənmək və həll etmək mümkün deyil. Yalnız bütün vasitələrdən istifadə etdikdən sonra da həllini tapmadığı təqdirdə məsələ ictimailəşdirilə bilər. Amma bunu da yaxşı olardı ki, şikayətçi tərəf özü mətbuat konfransı keçirməklə və ya mətbuata müraciətlə etsin. Hüquq müdafiəçisi və ya müraciət edilən təşkilat bu halda onun mətbuatla əlaqəsinin yaradılmasına vasitəçi ola bilər. Biz ilk növbədə uşağın mənafeyi, onu durumu nəzərə alınmalıdır. Təsəvvür edin ki, uşaq mətbuatda yazılanlar barədə eşidərsə bu ona necə təsir göstərə bilər".

Elnarə Əlosmanqızı
AzNews.az