Əziz Rzazadə Əziz Rzazadə

Ördəklərin əlifba bayramı

Əziz Rzazadə




Qələm sağdan sola da yazır, soldan sağa da. Hətta aşağıdan yuxarıya və yuxarıdan aşağıya da. Bu, müxtəlif əlifbalardan irəli gəlir. Amma bəzən yazılış tərzi bəlli olan məmləkətlərdə də qaydaya xilaf yazı qaydasına rast gəlirsən.... Elə Azərbaycandakı kimi.

Neçə gündür mediada seks isterikası var. Məhz isterika. Əsəbi notlar, boğazdan yuxarı sözlər və kütləyə tövsiyə: "bakirəliyə və bakirliyə son verin!"

Məsləhətli don geniş olar. Atalar sözüdür. Əlavə şərhə ehtiyac görmürəm. Amma "genişlik" sözünə verdiyim mənanı tuta bildinizmi?
Ötənlərdə bir başlıq gördüm: "Bacım bakirə olmasın". Bunu yazan adamın niyyətini anlamağa nə var ki!? Anlaşılmayan bu sayaq "solaxay" yazı yazanın kütlənin gözündə böyük, cəsarətli, həm də hamıdan ağıllı görünmək cəhdidir... Nə qədər komiksən, qaqa!

***

Fikir verin, bütün bu "nəcib təşəbbüslər" mediadan gəlir. Həm də qələm sahiblərinin özündən. Bu qələm nə zaddırsa, barmaqlar ona sarılan kimi beyin yüz səksən dərəcə çönür. Bəlkə, problem heç qələmdə də deyil, kompüterdə, daha doğrusu klaviaturadır? Hərfləri ərəblər kimi "sağdan sola", ya da yaponsayağı "yuxarıdan aşağıya" döyəcləyə-döyəcləyə sağlam zəkanın yönünü də dəyişirsən...

Mediadakı başlıqlara ötəri, gözucu bir nəzər belə Azərbaycan jurnalistikasının seksə tamarazılığını əyani göstərir: "ördəyi zorladı", "ördəyi zorladı və yedi..." və s. Bu nə gic sayıqlamadı? Nə cür yoluxucu xəstəlikdi belə? Bu dərəcədə də manyak media olar?! Seks azgözlüyünüzlə dünyanı heyrətləndirmək istəyrsiniz!?

***

Musa Musayevlə Təranə Qumralın bir-birinə demədiyi söz qalmadı, bir cütlüyün ətrafında bu qədər hay-həşiri, lazımsız hay-küyü media, ən çox da elektron media elə fırlatdı ki, mövzu hələ də gündəmdədir. Oxşar mövzu artıq "Səni axtarıram"da da müzakirəyə çıxdı...

***

Birini qoyub o birinə keçim. Eurovision-2013-də ikinci pilləni tutmuş Fərid Məmmədovun necə qarşılandığını gördünüz? Məsəl var, "aşağı aşağı, ........ aşağı?"

Mən nə Eurovision pərəstişkarıyam, nə də Eurovision-u Azərbaycan üçün zəruri bilirəm. Amma hanı vətənpərvərlər? Qərbyönlülər niyə hava limanında görünmədi? Azərbaycanın hər uğuruna sevinənlər niyə yatıb qaldı?..
Elə bil Eurovision-un 2-cisini yox, bakirliyini satmış adamı qarşılayırdılar...

Deməli, hər şey boğazdan yuxarıymış. Vətənpərvərlik də, qərbyönümlülük də, azərbaycançılıq da... Elə bakirəlik və bakirlik düşmənçiliyi kimi.

***

Gəvəzə, çoxdanışan adamları heç vaxt sevməmişəm. İndi də bu sayaq adamlardan uzaq gəzirəm. Hap-gopçular gördümsə, dördnala qaçıram. Enerji tükədiçisini, ruh vampirlərini heç zaman yüz metrdən yaxına buraxmaq olmaz. Siz də məsləhət: saxta, cılız, əttökən, xəstə eyforiyanı gördükdə qulaqlarınızı və gözünüzü və ağzınızı qapalı saxlayın.
"Zorlanmış ördəyi gördün?" "Görmədim..."