Bakıda tıxacların aradan qaldırılması üçün təklif

Bakıda toplayıcı parkinqlərin tikintisi yollarda tıxac problemini həll edəcək


"Ekoleks" ekoloji hüquq mərkəzi avtomobil yollarının yüklənməsinin aradan qaldırılması məsələsinin həlli üzrə təklif hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda mərkəzin eksperti Samir İsayev deyib.

İsayevin sözlərinə görə, təklif yaxın vaxtlarda Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim ediləcək.

İsayev bildirib: "Təəssüf ki, avtomobil parkinqinin mövcudluğu Bakının avtomobil yollarında tıxacların aradan qaldırılmasına kifayət qədər təsir etmir. Yollarda tıxaclara rəvac verən əsas səbəblərdən biri nəqliyyat vasitəsi sürücülərinin özləridir. Məsələn, parkinqdə təqribən 200 sərbəst yer olduğu halda 100-dən çox avtomobil mərkəzi yolların ətrafında dayandırılır".

Ekspertin fikrincə, digər vacib aspekt avtobus sürücülərinin idarəetmə səviyyəsinin olmamasıdır: "Onlar sərnişinləri endirmək üçün təyin edilməmiş yerlərdə avtobusları saxlayırlar. Digər amil isə taksi parkinqi üçün yerlərin olmamasıdır".

İsayev bildirib: "Apardığımız araşdırmaya əsasən, hazırda atmosferə atılan tullantıların təqribən 70 faizi avtomobil nəqliyyat vasitələrinin payına düşür. Digər tərəfdən, nəqliyyat vasitələrinin 70 faizi hazırda paytaxtda cəmləşib, bu isə Bakının ekologiyasına mənfi təsir deməkdir".

Onun qənaətincə, mövcud vəziyyətdən çıxış yollarından biri paytaxta girişlərdə toplayıcı parkinqlərin tikintisidir ki, bu da bir sıra ölkələrdə təcrübədən keçirilir.

Hazırda paytaxta 3 əsas giriş var. Birincisi, "Koroğlu" metro stansiyası, ikincisi, avtovağzal, üçüncüsü isə Lökbatan qəsəbəsi tərəfdən. İsayev hesab edir ki, bu yerlər toplayıcı parkinqlərin tikintisi üçün daha məqbul ola bilərdi.

AzNews.az