Nicat Dağlar: “O, mənim üstümə dağılmış qanımı yudu“

Hazırda Almaniyada müalicə olunan jurnalist Nicat Dağlar sosial şəbəkədəki səhifəsində dostlarına bayram təbriki ünvanlayıb. Yaxın günlərdə Azərbaycana qayıdacağını bildirən N.Dağlar yaşadığı çətin günləri də dostları ilə bölüşüb:

"Ramazan bayramınız mübarək, dostlar! Bu müqəddəs günlərdə Allah sizi bütün dualarınızı qəbul etsin! Çox ağır günlər keçirdim, ölümlə üz-üzə qaldım... Hətta diaqnozum Gürşcüstanda tərs şapalaq kimi üzümə çırpılanda əzlərimə, doğmalarına əziyyət, istirablar verməmək üçün intihar haqda düşündüm. İstəmirdim ki, övladlarım atalarının necə əridiyini, hər gün qana boyandığını görsünlər. Zatən aylardı onlar bunu görür, ağlayır, atalarına kömək etməyə çalışırdılar.

Çox qorxdum! Amma özümə görə yox təbii ki. Qorxdum ki, körpə balalarım atasız qalacaq, atasız böyüyəcək, atasız məktəbə gedəcək, başqaları onlara "atasız" deyəcək... Artıq içimdəki mərəzi bilirdim. Klinikanın dəhlizində balalarımı elə möhkəm bağrıma basdım, saçlarını elə ürəkdən qoxladım ki... Sonuncu dəfəymiş kimi onların üzündən, saçından, əllərindən öpdüm. Qorxurdum ki, onlar bu nəvazişdən, mən isə bu səadətdən mərhum olacam.

Heç vaxt xəstələnməyən, dava-dərmandan uzaq olan, antibiotik tanımayan mən, ağlıma belə gətirməzdim ki, ağır bir xəstəliyə düçar olacam. Deyirlər ağla gəlməyən başa gəlir, məndə isə qanıma gəldi... Amma Allahın bu gününə şükür olsun! Onun mərhəməti, prezidentin şəxsi diqqəti, dövlətimizin xüsusi qayğısı, dostlarımı diqqəti, ailəmin, əzizlərimin məhəbbətilə artıq ayaqdayam. Xəstəlik müalicəyə tabe olur. Qanımdakı leykositlərin sayı həkimlərin də gözləmədiyi dərəcədə aşağı düşür. Özümü çox yaxşı hiss edirəm dostlar. İnşaallah belə də davam edər. İnanıram ki, mən bu xəstəliyin kürəyini yerə vura biləcəm. Burada xüsusi müalicə proqramından keçirəm. Orqanizm tədricən normal fəliyyətini bərpa edir. Artıq əvvəlki kimi və hətta bir qədər də gümraham. Sözsüz ki, müalicə davam etməli, dərmanlarımı qəbul eməli və hələlik orqanizmin immuniteti o qədər də güclü olmadığından əlavə təsirlərdən qorunmalıyam. Oktyabrın ikinci yarısında isə yenidən Almaniyaya qayıtmalıyam. Yenidən müayinəldən keçəndən sonra mənə ilik köçürülməsinə ehtiyac olub-olmamasına qərar veriləcək.

Mənə, ailəmə bu ağır günlərdə dəstək olmuş hər kəsə təşəkkürümü bildirirəm. Bu müqəddəs ayda ikinci dəfə həyata qayıtdım. Buna görə Allahıma, dövlət başçısına, əziz dostlarıma, media qurumlarına, Mətbuat Şurasına, millət vəkillərinə, ictimaiyyət nümayəndələrinə və Gəncə camaatına minnətdaram. Tam səmimi deyirəm, ölümün pəncəsində olduğum vaxt prezidentin mənim müalicəmi öz üzərinə götürməsi barədə xəbəri eşitdim. İnanın bir anın içində mənə elə bir ruh gəldi ki, içimdə xəstəliyi yenəcəyimə əmnlik yarandı. "Mən yaşayacam" dedim. Əslində mən elə həmin an həyata qayıtdım. İradəsi, ümidləri ölmüş bir adam üçün bu, elə həyat demək emək idi...

Çox sağolsun, Allah balalarını xoşbəxt eləsin.

Nəhayət xanımıma - dostuma, siradaşıma təşəkkür edirəm. O mənim əlimin əsası, qolumun taqəti oldu. Yıxılmayım deyə kürəyini verdi, hər dəfə gözümü açanda başımın üzərində onu gördüm. Dərmanımı verdi, üstümə dağılmış qanımı yudu, uşaqlarımızı inandırdı ki, ataları sağalacaq. Hər şeyə görə çox sağol, Ülvüş!

Budur, qayıdıram dostlar! İnsheallah 10-da, daha doğrusu 11-nə keçən gecə Bakıda olacam. Çox darıxmışam!"

AzNews.az