Savad axtarışı...

Bundan əvvəlki yazımda övladını zorən müəllim "düzəldən" valideynlərdən danışmışdım. Bu məsələyə yenidən qayıtmaq niyyətindəyəm və bunun arxasında əmin olun ki, məqsədli heç nə dayanmayıb, tutarlı faktlardan başqa...

Heç bilirsiniz, bu il müəllimlərin işə qəbulu ilə bağlı elan olunan 3286 vakansiyaya neçə min nəfər sənəd verib? Və bunların neçəsi suallara cavab verə bilib? Ümumi nəticəyə diqqət yetirəndə Azərbaycan ali məktəblərinin savadsızlar ordusu yetişdirdiyi açıq aydın görünür.

Təsəvvür edin, cəmi 3286 vakansiya üçün 19 min sənəd verilib və sənəd verənləri 15030 nəfəri imtahanda iştirak edib.

Nəticə biabırçılıqdı. İmtahana girənlər düz-əməlli nəticə göstərə bilməyiblər. Daha dəqiq söyləsəm, 15030 nəfərin cəmi 1474-ü müəllim adına birtəhər, bəlkə də zorən layiq ola bilib. 1800 yer yenə boşdur. Kimlərsə bu nəticəni imtahan suallarının qəlizliyi və ya imtahan verənlərin savadsızlığı ilə əlaqələndirə bilər. Amma məncə problemin kökü burda deyil. Sizə elə gəlmirmiki, bu, ali məktəblərdə təhsilin "yüksək səviyyə"də tədrisi ilə bağlıdır. Ola bilər ki, günahı elə imtahandan kəsilən "ali savadlı" müəllim ixtisaslı məzunların, yox səhv yazdım, məzlumların belinə yükləsinlər.

Çox vaxt efirlərdən, qəzetlərdən, nə bilim hansısa tribunadan bölgə müəllimlərini "söküb yığan", "orta məktəbdə təhsil çox zəifdir" deyib, yaxalarını , paqonlarını cırıb, ayaqlar altına atan ali məktəb müəllimlərinin özləri görəsən nə işə baxır? Budurmu təhsil təəssübkeşliyi, budurmu müəllimliyi tələbələrə öyrədən o müəllimlərin qabiliyyəti, istedadı ? Sizin təhsil verdiyiniz 19 min insanın heç 3 mini müəllim ola bilmirsə siz hansı təhsildən danışırsınız ?

Pedaqoq Yan Amos Komenskinin bir sözü var. Deyir ki, zəif müəllim zəif də şagird, tələbə yetişdirər. Bəli, bu gün bizim düşdüyümüz durum bundan artıq deyil.

Göstərdiklərimiz nəticə NƏTİCƏSİZLİKdir...

lent.az