Telman İsmayılov haqqında yazılanları təkzib etdi

“Mən Ajda Pekkanı təhqir etməmişəm ”




Bunu APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında yəhudi əsilli azərbaycanlı milyarder, AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov bildirib.

Onun sözlərinə görə, Türkiyə mətbuatı sensasiya yaratmaq üçün bu yola əl atıb: "Mənim tərəfimdən Ajda Pekkana qarşı hörmətsizlik olmayıb, ola da bilməz! Haqqımda hər zaman yalandan sensasiyalar yaradırlar. Bu sensasiyaların da heç bir əsası olmur. Sözsüz ki, Türkiyə estradasının ulduzu Ajda Pekkan mənimlə tanışdır. "Mardan Palace"da keçirdiyim mərasimdə də oxuyub. Ona yüksək səviyyədə hörmət olunub. Heç kəs onu səhnədən qovmayıb. Bunların hamısı uydurmadır".

Qeyd edək ki, Türkiyə mətbuatı azərbaycanlı iş adamı, Antalyadakı "Mardan Palace" hotelinin sahibi Telman İsmayılovun məşhur türkiyəli müğənni Ajda Pekkanı təhqir etdiyi barədə məlumatlar yayıb. Məlumatda bildirilib ki, iş adamı həyat yoldaşı Samirə İsmayılovanın doğum gününü qeyd etmək üçün ötən çərşənbə günü "Mardan Palace"da 60 nəfərlik ziyafət təşkil edib. T.İsmayılov ziyafətdə çıxış etməsi üçün Ajda Pekkanı da dəvət edib. O, Ajda Pekkana gecədə səhnəyə çıxması üçün 300 min lirə ödəyib, lakin onun performansını bəyənməyib və buna görə səhnəni tərk etməsini tələb edib.

AzNews.az