Məktəblərdə yeni növ pul yığımı; Sənin müəllimin neçəyədi?!

Yeni dərs ilinin başlaması ilə məktəb təlaşı da start götürür. Məktəb forması, dərs ləvazimatları - rəngli qələm və dəftər. Bir sözlə, bütün diqqətlər məktəb bazarına yönəlir. Hər kəs hesablayanda məhz bu xərcləri nəzərə alır. Lakin AzNews.az-a Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindən daxil olan xəbərdən görünür ki, əsl bazar ilk dərs günü məktəbdə açılır. Xüsusən, övladı ilk dəfə dərsə gedən valideynlər cibini bir az geniş açmalıdır. Belə ki, Müşfiqabad qəsəbəsindəki 274 saylı məktəbdə uşağın adının şagirdlər siyahısına yazılması, sinfinin seçilməsi, bir sözlə, hər addım pulludur.

Oğlunu məktəbə yazdırmaq üçün 50 manat pul ödəyən Seymur Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, Müşfiqabad qəsəbəsində qeydiyyatda olmadıqlarından övladının ümumtəhsil ocağında təhsil alması pulla başa gəlib: "Biz Tovuzda qeydiyyatdayıq. Odur ki, oğlumun yaşadığımız yerdə təhsil alması zəruridir. Bunun üçün də məktəb bizdən 50 manat pul istədi. Məktəbə getdiyimiz gün məlum oldu ki, uşağın sinfini dəyişdiriblər. Mən yaxşı müəllimə olduğu üçün Aynurə Kazımovanın sinfinə qoymuşdum. Dəyişikliyin səbəbi ilə maraqlananda isə Aynurə müəllimin sinfinə düşmək üçün nəsə ödəməli olduğumu dedilər. Bunu mənə deyən müəllimənin adını dəqiq bilmirəm, amma vəzifəsi bəllidir - direktor müavinidir. Soruşdum ki, nə qədər verməliyəm, dedi ki, 30 manat. 50 manatı vermişəm. 30 manatı isə 1-2 günə verəcəm".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı AzNews.az-a açıqlamasında bildirib ki, vətəndaş bununla bağlı quruma müraciət etsin: "Vətəndaş bununla bağlı bizim 441 06 99 nömrəli telefona zəng edərək, faktla bağlı məlumat verə bilər. Onun şikayəti araşdırılacaq və müvafiq tədbir görüləcək".

Ruhiyyə
AzNews.az